PayPal dördüncü rüb üçün gəlir proqnozunu gözləntilərdən aşağı səviyyədə müəyyənləşdirib.
Valyuta.Az xəbər verir ki, şirkət hazırda aqressiv genişlənmə yerinə daha çox mənfəət gətirən sahələrə diqqət ayıraraq gəlirliliyi artırmağa yönəlib.
Şirkətin yeni rəhbəri, ötən il vəzifəyə təyin olunmuş Alex Chriss, xərclərin nəzarətdə saxlanılmasına xüsusi əhəmiyyət verir. Bu strategiya çərçivəsində PayPal işçi ixtisarlarına gedib və avtomatlaşdırma ilə süni intellekt texnologiyalarına daha çox investisiya ayırıb.
Bu yanaşma şirkətin aşağı mənfəət marjlı Braintree bölməsinin artımını tənzimləməsinə, daha gəlirli olan brendli ödəniş xidmətlərinə isə üstünlük verməsinə səbəb olub.
CEO Alex Chriss bildirib ki, “biz yeni texnologiyaları bazara çıxarmaqda, əsas tərəfdaşlarla əməkdaşlıqlar qurmaqda və marketinq kampaniyaları ilə tanınırlığımızı artırmaqda ciddi irəliləyiş əldə edirik”.
Dördüncü rüb üçün PayPal-ın gəlirinin “aşağı tək rəqəmli” faiz nisbətində artacağı gözlənilir, bu isə LSEG analitiklərinin proqnozlaşdırdığı 5,4%-lik göstəricidən aşağıdır.
Üçüncü rüb nəticələrinə baxdıqda, gəlir 6% artaraq 7,85 milyard dollara çatıb, lakin analitiklərin gözlədiyi 7,89 milyard dollar hədəfinə çata bilməyib. Buna baxmayaraq, güclü xərcləmə tendensiyaları PayPal-a 2024-cü il üçün mənfəət proqnozunu artıq üçüncü dəfə artırmağa imkan verib.
Tənzimlənmiş mənfəət üçüncü rübdə 14% artaraq 1,23 milyard dollar olub. Hər bir səhm üzrə gəlir ötən ilin eyni dövründəki 98 sentlə müqayisədə 1,20 dollara çatıb.
Rəqiblər, o cümlədən Zelle və Apple, Alphabet kimi texnologiya nəhəngləri PayPal-ın bazardakı mövqeyinə təsir göstərməkdədir.
PayPal bu rəqabətə cavab olaraq Fiserv, Adyen, Amazon, Global Payments və Shopify kimi ödəniş və ticarət şirkətləri ilə yeni tərəfdaşlıqlar qurur və mövcud əməkdaşlıqlarını genişləndirir.
Bu tərəfdaşlıqlar və PayPal-ın yanvarda təqdim etdiyi “bir kliklə” ödəmə funksiyası olan Fastlane, bu il şirkətin səhmlərinin 36% artmasına səbəb olub və bu göstərici S&P 500 indeksini geridə qoyub.
Analitiklər bildirirlər ki, bu strategiyalar uzunmüddətlidir və gəlirlərə təsir göstərməsi üçün müəyyən zamana ehtiyac var.
Üçüncü rübdə PayPal-ın tənzimlənmiş fəaliyyət marjaları 194 baza bəndi artaraq 18,8%-ə çatıb.
Aydın