EN

“Bu o demək deyil ki, oyunları Santos udur”

Dünən keçirilən “Neftçi” – “Araz-Naxçıvan” (0:1) oyunundan sonra qonaqların müdafiəçisi Bəxtiyar Həsənalızadə futbolinfo.az saytının suallarını cavablandırıb:

– Oyun çox ağır keçdi. “Neftçi”yə yeni baş məşqçi gəlib, dəyişiklik var və tam fərqli futbol oynayırlar. Şükürlər olsun ki, qalib gələn tərəf biz olduq. İndi bizi “Zirə” ilə ağır oyun gözləyir. Hazırlıq fasiləmiz azdı və zədəlilərimiz isə çox. Lakin ümid edirəm ki, qalib gələrik.

– Ayağından zədə almısan. Ciddi bir şey var?

– İlk hissənin sonlarına yaxın ayağımdan ağrı hiss etdiyim üçün özümü riskə atmaq istəmədim. Sabah və ya biri gün MRT müayinəsindən keçəcəm. Görək nə göstərir.

– Komanda çox yaxşı təsir bağışlayır. İlk tur “Qarabağ”a məğlubiyyətdən sonra, artıq 10 oyundur ki, məğlubiyyət üzü görmürsüz.

– İnşallah, davamlı olar. Çalışırıq ki, hər oyuna qələbə üçün çıxaq. Buna görə də məşqlərdə ciddi şəkildə hazırlaşırıq.

– Bu mövsüm qarşınıza nə hədəf qoyulub?

– Qarşımıza çempionluq olmasa da, Avroliqaya getmək tapşırığı qoyulub. Mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Real baxsaq, bizim üçün çempionluq bir az çətindir.

– Bəs, kubokda hədəf nədir?

– Kuboka çox yaxşı başlamışıq. Qarşıdakı rəqibimiz “Mingəçevir”dir. Onlara qalib gəlsək, Premyer Liqa komandaları ilə qarşılaşacağıq. Əsas odur ki, hər rəqibə hörmət edərək, oyunlara ciddi hazırlaşırıq. Kubokda da əlimizdən gəldiyi qədər irəli getməyə çalışacağıq.

– Bu il “Araz-Naxçıvan”da çox böyük dəyişikliklər oldu. Bu mövsüm ən çox transfer edən komandadır və indinin özündə belə bunu davam etdirir. Sən özün bu uğurların memarı kimi görürsən?

– Təbii ki, Elmar Baxşıyevin təsiri böyükdür. Lakin keçən mövsümkü heyətin 80 faizi dəyişib. Bu qədər çox transfer etməyimizə rəğmən, hər oyun azı 1 zədəlimiz olur. Komanda şəklində çalışırıq. Sırf kiminsə vasitəsilə nailiyyət əldə etdiyimizi demək istəməzdim. Artıq Felipe Santos 6 oyundur ki, davamlı olaraq qol vurur. Amma bu o demək deyil ki, oyunları Santos udur. Ona şərait yaradan da komanda yoldaşlarıdır.

– Qara Qarayevin komanda gəlişi haqda nə deyə bilərsən?

– Hanımız inanırıq ki, Qaranın komandamıza gəlməsi ilə daha da güclənəcəyik. Sadəcə, onun özünə gəlməsi, bərpası üçün bir az vaxt lazımdır.

– “Tuzlaspor”la məsələniz nə yerdə qaldı? Artıq sənə çatmalı olan təzminat ödənildimi?

– Xeyr, ödəniş olmayıb. Düzdür, məhkəmə bizim xeyrimizə qərar çıxarıb və kluba 45 gün vaxt verib. Lakin bunun da tamamlanmasına təxminən 10 gün qalıb. Ödəniş etmədikləri təqdirdə isə klubun transfer etməsinə qadağa qoyulacaq.

GÜNAY SÜLEYMANOVA

Chosen
42
futbolinfo.az

1Sources