EN

Başabaş mübarizə: Trampmı, Harrismi? - ABŞ-də ciddi iğtişaşlar baş verə bilər

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərində 70 milyondan çox vətəndaş erkən səsvermədə iştirak edib. Onlardan 37,4 milyondan çoxu səs vermə məntəqələrində şəxsən səs verib, təxminən 32,6 milyon nəfər isə poçt vasitəsilə səs verib.

Bakıvaxtı.az xatırladır ki, ümumilikdə ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin sayı təxminən 168 milyondur. Ən çox erkən səsvermə Texas (7,9 milyon), Florida (7,3 milyon) və Kaliforniya (6 milyon) ştatlarında qeydə alınıb.

Dövlət başçısı postu uğrunda respublikaçı Donald Tramp və demokrat Kamala Harris mübarizə aparacaq. Tramp ABŞ-nin 45-ci prezidenti olub və 2017-2021-ci illərdə ölkəyə rəhbərlik edib. Harris ABŞ-nin vitse-prezidenti vəzifəsini tutur.

Maraqlıdır ki, mövcud gedişatda hansı tərəfin qalib gəlmək imkanı daha çoxdur?

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-dəki prezident seçkiləri dünyanın bütün ölkələrini indiki qədər maraqlandırmayıb və həyəcanda saxlamayıb.

Onun sözlərinə görə, geosiyasi vəziyyətin gərgin olduğu bir durumda bütün regionlarda ölkələri öz gələcəklərinin ABŞ dövlətinin başına kimin keçməsi ilə necə planlaşdıracağı maraqlandırır:

"Rusiya xarici İşlər naziri Sergey Lavrovun "bütün ölkələr ənənəvi qoşunlarından başqa, bir də Amerika ilə qonşudur" misalından yola çıxsaq, həqiqətən də ABŞ-də kimin prezident seçilməsi hər bir dövləti maraqlandırır. İlk baxışda demokratların namizədi Kamala Harrisin qalib gələcəyi proqnoz edilirdi. Lakin Respublikaçı Trampın da son günlərdə irəliləmə əldə etdiyi görünür. Bir sözlə, başa-baş yarışmanın getdiyi bəlli olur. ABŞ seçki sisteminin özəlliklərindən irəli gedərək demək olar ki, demokrat və respublikaların özlərinin elektoratı həmişə stabildir".

A.Qasımov hesab edir ki, əsas mübarizə yeddi ştatın seçicilərinin səsi uğrunda gedir.

"Bu mübarizəyə seçkiyə getməyən kütləni maraqlandırıb seçkiyə cəlb olunması, namizədlərin seçki kampaniyası dövründə narazı saldığı seçici kütləsi, məsələn, "zibil" dueli üzərindən Trampın demokrat seçiciləri "zibil" adlandırması, Baydenin Puerto-Rikonu "üzən zibil adası" adlandırması, eyni zamanda demokratların abort və silah satışı məsələləri üzərindən xal toplaması, immiqratlar məsələsi və s. kimi seçkinin nəticələrinə təsir edəcək amillər daxildir. Həmçinin Ukrayna-Rusiya, İsrail-Fələstin-Hizbillah müharibələri fonunda buna dəstək və qarşı olan qüvvələrin də təsiri böyük olacaq. Bir sözlə, müharibə lobbisi ilə müharibə istəməyən qüvvələrin qarşıdurması da seçkiyə təsir edəcək", - deyə politoloq vurğulayıb.

Azər Qasımov: Tramp seçilməsə, böyük ehtimalla həbs olunacaq

Müsahibimizin fikrincə, Trampın qalib gəlmək ehtimalı zəifdir:

"Bu, ona edilən sui-qəsdən də bəllidir. Trampın hakimiyyətə qayıtmasına mane olan qüvvələr çoxdur və bunun üçün ciddi çalışırlar. Buna baxmayaraq, Tramp qalib gəlmək üçün əlindən gələni edir. Tramp seçilməsə, böyük ehtimalla həbs olunacaq. Bu durum fonunda ABŞ-də ciddi iğtişaşlar da baş verə bilər".

Gülşən Şərif

Chosen
72
50
bakivaxti.az

10Sources