EN

Doktorantlar qarşısında BÜROKRATİK ƏNGƏLLƏR: Ölkənin gələcək işığını söndürür, elmi gənclərsiz qoyurlar…

Əyani doktorantura təhsili alan gənclərin 3 illik möhlət hüququ başa çatan kimi, elmi işin müdafiəsi ərəfəsində hərbi xidmətə çağırılması etiraz doğurur. Qeyd olunur ki, Azərbaycanda üç il təhsil müddətində çox nadir insan müdafiə edib fəlsəfə doktoru diplomu ala bilir. Buna görə də əyani doktorantura təhsili alan gənclərə möhlət hüququ 3 deyil, 4 ilə çatdırılmalıdır ki, gənclər təhsillərini tam başa vurub müdafiəni yekunlaşdıra bilsinlər.

Medianews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev sosial media üzərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) müraciət ünvanlayıb.

O, prosesi ətraflı şəkildə belə izah edib: “Doktorant 3 il ərzində iki ili elmi işi yazır. Ən azı 6 məqalə çap etməlidir. Onun da ikisi mütləq xarici ölkə jurnallarında olmalıdır. Növbəti bir il ərzində ölkədə elmi işin müdafiəsi sistemindəki bürokratik əngəllər ona prosesi yekunlaşdırmağa imkan vermir. Bu səbəbdən ən azı əlavə bir il lazımdır ki, o, diplomu alasan. Yəni, 12 ay, bir il müddətində dissertasiya işinin birinci yarısı, üç elmi məqalə dərc edilir. Proses bunu tələb edir. Növbəti 12 ayda da eyni cür davam edir. Geridə qalır 12 ay. Müzakirəyə təqdim edilməklə ilkin və əsas müzakirə ən azı 6 ay vaxt aparır. Yerdə qaldı 6 ay. Sonra seminar prosesi, rəylər və sairə də ən azı 3 ay vaxt alır, təbii ki, əgər əngəllər olmasa. Yerdə qaldı üç ay. Seminardan sonra müdafiə üçün növbə ən azı 6 ay çəkir. Bəzən bu, daha çox olur. Hesablayın 3 ay burdan əlavə edilir. Sonra isə müdafiə ilə sənədlərin təqdim edilməsi 2 ay çəkir. Burada beş ay əlavə vaxt tələb olunur. Sənədlər Ali Attestasiya Komissiyasına (AAK) təqdim edilir və orda da ən azı 6 ay lazımdır ki, sənədlər müsbət keçsin. Oldu 11 ay. Bir ay da AAK rəyasət heyətinin qərarından sonra diplom təqdim edilir. Oldu 12 ay, yəni bir il”.

Z.Əliyev deyib ki, müdafiə ərəfəsində hərbi xidmətə cəlb olunan gənc alimlər əsgərlikdən qayıtdıqdan sonra elmə gəlmək istəmirlər. Çünki, müdafiə prosesinə yenidən başlanarsa, bu, həmin gənclərin ən azı iki il zamanını alır. Məhz bu səbəbdən neçə-neçə perspektivli gənclər elmdən çıxıb gediblər. Z.Əliyev iddia edib ki, belə yanaşma ölkənin gələcək işığını söndürmək, elmi gənclərsiz qoymaqdır. Onun qənaətincə, eyni zamanda belə yanaşma ölkəni peşəkar müəllimlərsiz və tədqiqatçılarsız qoymaqdır.

Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, doktorantura təhsili Azərbaycanda elmi tədqiqatlara və akademik inkişafına böyük marağı olan gənclər üçün ciddi çətinliklər və bürokratik əngəllərlə doludur. Onun qənaətincə, doktorantların hərbi xidmətə cəlb olunması isə elmi fəaliyyətin davam etdirilməsində daha bir əngəldir: “Doktorantlar üç il ərzində intensiv elmi fəaliyyət göstərməyə məcburdurlar: ilk iki il ərzində ən azı altı elmi məqalə çap etmək, onlardan ikisini xarici elmi jurnallarda dərc etdirmək tələbi var. Bu müddət ərzində işlərin hər biri ciddi vaxt və resurs tələb etsə də, sonuncu il əsas müzakirə, müdafiə prosesləri və digər mərhələlərə ayrılır. Nəticədə, doktorantlar qarşısında duran əlavə bürokratik maneələr müdafiəni uzadır, bu isə həm maddi, həm də zaman baxımından əhəmiyyətli zərərlərə səbəb olur. Doktorantların hərbi xidmətə cəlb olunması isə elmi fəaliyyətin davam etdirilməsində daha bir əngəldir. Gənc alimlərin hərbi xidmətə gedərkən öz tədqiqatlarını və müdafiə prosesini yarımçıq qoymaları, sonradan elmə qayıtdıqda həmin prosesləri yenidən keçmələrini tələb edir. Bu, onların ən azı iki il vaxtını itirməsi ilə nəticələnir. Belə hallarda motivasiya düşür, gənc alimlər çox zaman elmdən uzaqlaşır. Azərbaycanda elmdə karyera qurmaq istəyən gənclərin qarşılaşdığı bu çətinliklər onların akademik yolunu təxirə salır və nəticədə, ölkə perspektivli alimlərdən məhrum olur”.

Təhsil eksperti deyib ki, dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə doktorantura təhsilində daha çevik yanaşmalar tətbiq olunur: “Məsələn, Avropada və ABŞ-də doktorantların iş yükü və müdafiə müddətləri daha optimal şəkildə təşkil edilib. ABŞ universitetlərində doktorantlar hərbi xidmətə cəlb olunsalar belə, onlar üçün akademik fasilələr verilir və təhsil proqramına qayıtdıqdan sonra tədqiqatları üçün uyğun şərait yaradılır. Avropa İttifaqı ölkələrində isə doktorantlar üçün xüsusi tədqiqat fondu və qrant proqramları mövcuddur ki, bu da onların müdafiə mərhələsindəki çətinlikləri azaltmağa kömək edir. Bu mənada Azərbaycan üçün də bəzi islahatlar təklif oluna bilər. Doktorantlar üçün müdafiə prosesini sadələşdirən və çevikləşdirən yeni qaydaların qəbul edilməsi zəruridir. Hərbi xidmətin doktorantura təhsili ilə əlaqələndirilməsi məsələsinə yanaşma da dəyişdirilməlidir. Gənc alimlərə, xüsusən müdafiə ərəfəsində olanlara hərbi xidmətdən müəyyən dövrdə azad edilmə və ya xidmətin elmi fəaliyyəti ilə paralel şəkildə icra edilməsi üçün xüsusi status verilməlidir. Bu yanaşma elmi karyera istəyən gəncləri stimullaşdırar və onların elmdə qalmasını təmin edər”.

K.Əsədov söyləyib ki, ölkənin gənc alimlərə göstərdiyi diqqət yalnız onların fərdi inkişafını deyil, həm də ölkənin ümumi elmi potensialını gücləndirir: “Bu baxımdan, Azərbaycanda gənc alimlərə dəstək mexanizmlərinin yaradılması, onların müdafiə və sertifikatlaşdırma mərhələlərində bürokratik maneələrin aradan qaldırılması təhsilin gələcəyinə, elmi inkişafın davamlılığına böyük töhfə verərdi.    Doktorantura təhsili Azərbaycanda elmi və akademik sahədə ciddi əhəmiyyətə malik olsa da, bu sahədə bir çox çətinliklər mövcuddur. Mövcud sistemdə doktorantlar üç il ərzində elmi işlərini hazırlayıb, məqalələr dərc etdirməli və bir il müddətində müdafiə mərhələsini tamamlamalıdırlar. Lakin bu müddət çox vaxt kifayət etmir, çünki bürokratik əngəllər və müdafiə prosedurları ümumi prosesi ləngidir və elmi işlərin yekunlaşdırılmasını çətinləşdirir. Bu səbəbdən, doktorantların müdafiə müddətinin 4-5 ilədək artırılması zəruri görünür. Belə bir dəyişiklik gənc alimlərin daha keyfiyyətli elmi işlər hazırlamasına və məqalələrini dərc etdirə bilməsinə imkan verəcək”.

xr:d:DAFbQC6OChM:1,j:4091342842,t:23022200

Təhsil eksperti onu da əlavə edib ki, doktorantlara müdafiə prosesinin tam yekunlaşması üçün əlavə vaxtın verilməsi məqsədəuyğundur: “Hazırda doktorantlar üçün müəyyən edilmiş müddət başa çatdıqda, müdafiə prosesində ləngimələr onların təhsil hüquqlarına mane olur və elmdə irəliləmək istəyən gəncləri elmi karyeradan uzaqlaşmağa məcbur edir. Prosesin tamamlanması üçün əlavə vaxtın ayrılması, həmçinin doktorantların hərbi xidmətdən dolayı gecikdikləri halda müdafiə hüquqlarını qorumaq üçün xüsusi tədbirlərin görülməsi ölkədə elmi potensialın inkişafına müsbət təsir edər. Dünya təcrübəsində, xüsusilə Avropa ölkələrində doktorantların müdafiə üçün əlavə illər ala bilməsi təcrübəsi geniş tətbiq olunur. ABŞ universitetləri və Avropa İttifaqı ölkələrində doktorantlar üçün uyğun dəstək mexanizmləri ilə müdafiə mərhələsindəki ləngimələrin aradan qaldırılmasına çalışılır. Bu təcrübənin Azərbaycanda da tətbiqi elmi mühitin inkişafına və gənc alimlərin daha məhsuldar fəaliyyət göstərməsinə şərait yaradacaqdır”.

Mövzu və təkliflərlə bağlı Medianews.az-a danışan SHXÇDX-nin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, əyani şəkildə doktorantura təhsili alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi Azərbaycan Respublikasının müvafiq qanunu ilə tənzimlənir. Rəisin sözlərinə görə, Nazirlər Kabinetinin 1 iyul 2010-cu il 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 1.7-ci bəndində doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququ 3 il nəzərdə tutulub. P.Sədrəddinov vurğulayıb ki, məhz qanun-qaydalara uyğun olaraq, SHXÇDX tərəfindən əyani doktorantura təhsili alanlara 3 il həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Ərtürk İSMAYIL

Chosen
13
medianews.az

1Sources