EN

Səni səndən qorumağa məcbur olan polis - Bəzi sürücülər ölümü qəsdən seçir

Bəzən insanlar belə düşünür ki, həyat mənimdir, can mənimdir özüm bilərəm. Yox, belə deyil. Belə yanaşmaq olmaz. Bu yanaşma kökündən səhvdir.

Son vaxtlar mənə bir neçə sürücü müraciət edib və çox təəssüf doğuran halları haqlı tələb kimi diktə etməyə çalışırlar. Bir sürücünü yol polisi saxlayıb və maşın cərimə meydançasına aparılıb. Məlum olub ki, sürücü avtomobilin sükan mexanizminə müdaxilə edib. İdarə etdiyi avtomobilin sükanında hava yastıqları varmış. Sürücü isə sükan çəmbərini dəyişərək təhlükəsizlik yastığı olmayan sükana keçirib. İndi sürücü mənə deyir ki, yol polisi haqsızlıq edir, onun nəyinə lazımdır, mən hansı sükan mexanizmi ilə maşın sürürəm? Adam sübut etməyə cəhd edir ki, can mənimdir, təhülkəsizlik yastığı olmadığı üçün qəza zamanı ziyan mənə dəyəcək, o üzdən də yol polisi düz eləmir.
Başa salıram ki, əziz gənc sürücü! Birincisi, istehsalçı zavod avtomobili istehsal edərksən təhlükəsizlik elementlərinə diqqət ayırıb və sükana da yastıq qoyub ki, qəza zamanı başın sükana dəyib parçalanmasın. Çünki güclü zərbə ilə dəysə öləcəksən. Yəni, istehsalçı zavod səni düşünür, yol polisi səni düşünür, amma sən özün özünü düşünmürsən. Yol polisi tələb edir ki, normativ tələbləri pozma, yastıqlı sükanı qaytar qoy yerinə ki, qəza olanda ölmə, ağır yaralanma.
Sonda adamı başa sala bildim, səhvini başa düşdü. Amma yenə də dedi ki, can mənimdir, özüm bilərəm. Axırda dedim ki, yoldaş gənc sürücü, yol polisi səni səndən qoruyur. Çünki sən özün təhlükə mənbəyinə çevrilirsən.
Başqa bir sürücü də deyir ki, təhlükəsizlik kəmərini taxmıram, çünki can mənimdir, nə olacaqsa mənə olacaq, bundan polisə nə?
O gün qonşuluqda ayaqqabı təmiri ilə məşğul olan orta yaşlı sürücü deyir ki, mən araşdırma aparmışam, Konstitusiyamızda yazılıb ki, hər kəsin həyatı öz əlindədir, təhlükəsizliyi öz əlindədir. Deyirəm ki, ay qonşu, baş sındırıb Konstitusiyanı oxumusan, düz eləmisən, amma bizim Şah qanunumuz sizə demir ki, kəməri taxma, qəzada öl. Elə Şah qanunumuz - yəni Konstitusiyamız da deyir ki, hər kəs öz təhlükısizliyini təmin etməlidir. Çünki belə olmasa özünə və başqalarına zərər vuracaq.
Təsəvvür edirsinizmi, adam Konstitusiyanı oxuyur, özünə sərf edən bir cümlə tapır və deyir ki, kəmər taxmaq lazım deyil. Bircə dəfə də yol hərəkəti qaydalarını dərindən öyrənsəydi. Bəlkə də öyrənib, sadəcə sərf eləmir deyə danışmır, ya da əməl etmir.
Adam var ki, gedib həkimdən saxta yolla arayış alır və "ürəyim xəstədir" deyib təhlükəsizlik kəmərini taxmır. Polis axlayanda da deyir ki, bax, arayış verən həkim də təsdiq edir ki, kəmər mənə ziyan edir.
Mən belələrinə dəfələrlə demişəm ki, elə o arayış sizin sürücülük hüququnuzun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Çünki ürəyi xəstə olan adam sürücü ola bilməz. Yəni, bir gün düşəcəksiniz sərt bir polisin əlinə, o arayışı əlinizdən alıb verəcək yoxlamağa. Yoxlama zamanı təsdiq edilsə ki, ürəyiniz xəstədir, qanunla DYP sizi sürücülük hüququndan məhrum edəcək. Yox əgər sağlam çıxsanız, o zaman bilə-bilə polisə yalan məlumat verməyə və saxta sənəd düzəltdirməyə görə cinayət məsuliyyəti ortaya çıxacaq.
İnsanlar bəzən bu cür səhvlər edərək göz görə-görə ölümü seçirlər, ölümə gedirlər. Yol polisi deyəndə ki, kəməri tax, maşında texniki dəyişikliklər edib qəza riski yaratma, o saat başlayırlar ki, polis qanunsuzluq edir, polis vətəndaşı incidir. Axı belə deyil. Polis vətəndaşı elə onun özündən qoruyur. Axı ən böyük təhlükə sən özünsən. Axı ən böyük təhlükəni sən özün edirsən, qanunları sən pozursan. Səni səndən qoruyan polis nə etsin? Axı o da qanunla üzərinə düşən vəzifələri icra edir.
"Can mənimdir özüm bilərəm" deyib yaşamağa nə var ki. Sən öləndən sonra bilirsən nələr baş verir? Qəza zamanı yollara, ətraf mühitə nə qədər ziyan dəyir. Dövlət sənə ölüm pulu ödəyir, qəza sığortası da öz yerində. Himayəndə azyaşlı uşaq, baxıma ehtiyacı olan yaşlı valideyn varsa dövlət onlara da pul ödəməlidir. Bəlkə sən müəyyən yaşdan sonra normal vətəndaş kimi dövlət üçün çox vacib işlər görə bilərdin. Müharibə dövlət üçün, xalq üçün əsgər ola bilərdin, amma olmayacaqsan.
Və ən əsas məqamlar odur ki, sən ölürsənsə qəzalarda ölüm sayı artır, statistik rəqəmlər şişir. Beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr Azərbaycana riskli ölkə kimi baxır, ölkəmizin yol hərəkəti təhlükəsizliyi sahəsində inkişaf etmədiyini düşür. Əslində isə ölkəmiz inkişaf edir, sənin düşüncən inkişaf etmir.
Nəzərə almaq lazımdır ki, yol-nəqliyyat hadisələri hər il dünyaya milyardlarla manat ziyan vurur. Ümumi-Daxili Məhsulun (ÜDM) 6-9 faizini yol qəzaları aparır. Azərbaycanda bu qərəmin 3 faiz olduğu ehtimalı var.
Bu rəqəmləri BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı hər il açıqlayır. Dünyada hər il yol qəzalarında 1 milyo 200 min insan ölür, 17,8 milyon insan isə xəsarət alır. Yəni ölənlərdən 10 qat artığı yaralanır.
Onların arasında ömürlük əlil olan insanlar da çoxdur. Sən da onlardan biri olsan dövlət məcbur qalıb sənə əlil kimi yardım verməlidir. Üstəlik, evdə də kiməsə yük olursan. Çünki əlilsən, başqalarından asılısan. Onlar da vaxt itirib sənə baxmalıdır. İndi özün düşün; polis səni səndən qorumasa bu qədər ağırlıq baş verərmi? Qəza olarmı? Ölərsənmi, əlil qalarsanmı? Yük olarsanmı? Suallara öz vicdanın qarşısında cavab versən yanaşma dəyişəcək, dəyişmirsə, deməli, problem səndədir və gec-tez qəza rəqəmləri arasında yer alacaqsan...
Sonda onu da qeyd edim ki, dünyada 5-29 yaşlı insanların ölümünün əsas səbəbi yol-nəqliyyat hadisələri olmaqda davam edir.

 

Elməddin Muradlı

Chosen
27
avtosfer.az

1Sources