EN

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvarıq” –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Bişkekdə keçirilən XI Zirvə görüşündə çıxış edən Türkiyə dövlətinin başçısı Azərbaycanın 44 günlük Vətən müharibəsində minlərlə şəhidinin qəhrəmanlığı bahasına əldə etdiyi tarixi Qələbəni xatırladıb.

“Biz ümidvarıq və arzu edirik ki, Azərbaycanın şəhidlərin həyatı bahasına əldə etdiyi tarixi nailiyyətlər də sülh sazişinin imzalanması ilə danışıqlar masası arxasında möhkəmlənəcək”.

Türkiyə Prezidenti daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın Qırğızıstanda keçiriləcək sammitə dəvət edilməsini yüksək qiymətləndirib. “ŞKTC liderinin bugünkü görüşdə fəxri qonaq qismində iştirakı türk dövlətlərinin həmrəyliyinin və iradəsinin təzahürüdür”, -deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türk dünyası Kipr probleminin ədalətli həlli üçün məsuliyyət daşıyır.

Çıxışına davam edən Ərdoğan türk dövlətlərinin potensialını tam şəkildə açmaq üçün birgə addımlar atmağa çağırıb və TDT ölkələrinin dinamik inkişaf edən gənc əhalisinin ümumi sayının 175 milyon nəfər olduğunu xatırladıb. “Ölkələrimiz arasında elm, enerji və nəqliyyat kimi sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün birgə addımlar lazımdır. Konkret olaraq enerji sektorunda bir təchizatçıdan asılılığın aradan qaldırılması vacibdir”, – deyə o vurğulayıb.

Ərdoğan ortaq türk əlifbasının qəbuluna xüsusi diqqət yetirib. “Qeyd edim ki, 34 hərfdən ibarət bu əlifba türk dövlətləri üçün ortaq gələcək qurmaq əzminin simvoludur”, – deyə Türkiyə lideri bildirib.

Türkiyə Prezidenti Ankaranın TDT-nin nüfuzunun daha da artırılmasına töhfə verməyə hazır olduğunu qeyd edib. “Biz “Türk dünyasının baxışı – 2040” konsepsiyasına uyğun olaraq “Türk dünyası əsri”nin qurulması məqsədinə çatmaq üzrə fəaliyyətə hər cür töhfə verməyə hazırıq”, – deyə siyasətçi əmin edib.

Chosen
31
6
azpost.info

7Sources