EN

Tarix yazmağın yolu Norveçdən keçir

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasının Liqa mərhələsində dördüncü matçına çıxacaq.

"Bodo Qlimt”lə görüş Azərbaycan və Norveç klubları arasında 5-ci duel və ya 8-ci qarşılaşma olacaq. Əvvəlki 7 oyun 4 duel çərçivəsində baş tutub.

Bunlardan üçü, ümumilikdə 5 qarşılaşma məhz “Qarabağ”la bağlıdır. Digər dueldə isə “Tromse” ilə üz-üzə gələn “İnter” səfərdəki məğlubiyyətdən sonra Bakıda qələbə qazansa da, tam revanş üçün yetərli olmayıb.

“Qarabağ” üçün isə Norveç komandaları tarix yazmaq yolunun başlanğıcı olub. 2009-cu ildə tarixinin ilk pley-offuna doğru addımlayan Qurban Qurbanovun komandası mövsümə Norveçdə başlayıb.

Həmin vaxt “Rusenborq”la səfərdəki heç-heçə Bakıdakı qələbə ilə davam edib. Bununla da “Qarabağ”ın Avropa zəfərlərinin təməli qoyulub.

Elə ötən il Ağdam klubu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsini adlayanda da əsas raunda norveçlilərlə duellə start verib. Bakıda “Molde” üzərindəki minimalhesablı qələbə təmsilçimizi sonda qrup ikinciliyinə daşıyıb. Bunun üçün səfərdəki 2:2 hesablı bərabərlik də təmsilçimizin pley-off yolunda vacib addım olub.

Düzdür, “Qarabağ”ın Norveç klubu ilə dueldə büdrədiyi vaxt da var. 2020-ci ildə koronovirus pandemiyasına görə bir matçdan ibarət olan mərhələdə Qurbanovun komandası “Molde”yə evdə penaltilərlə yenilib. Amma ev görüşü də ölkəmizdən kənarda – Kiprdə keçirilib.

Həm zəfərlərə aparan yolu, həm də Avropa Liqasının pley-offuna ilk addımı Norveç klubu ilə başlayan “Qarabağ” üçün belə matç yenə əlamətdar olmalıdır. Ardıcıl 5 məğlubiyyət alan, Liqa mərhələsində ilk xalını qazanmadan autsayderə çevrilən çempionumuz dönüş nöqtəsini məhz Norveçdə başlamalıdır. Çünki mərhələ adlamaq şanslarını daha da çətinə salmamaq üçün “qara zolaq”dan artıq indi çıxmaq vacibdir.

Ümumiyyətlə, iki ölkə klubları arasında 7 matçda Azərbaycan təmsilçiləri 3, Norveç komandaları 1 qələbə qazanıb. Üç oyunda qalib müəyyənləşməyib. 5 qol vuran təmsilçilərimiz 4 top buraxıb.

Yeganə məğlubiyyət “İnter”in matçına təsadüf edib. Bu da o deməkdir ki, “Qarabağ” 5 oyunda heç vaxt uduzmayıb. Qurbanovun komandası 2 qələbə qazanıb və 3 heç-heçə edib. Səfərdəki hər iki qarşılaşma sülhlə nəticələnib.

2009/10 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

“Rusenborq” – “Qarabağ” – 0:0, 0:1
2013/14 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

“Tromse” – “İnter” – 2:0, 0:1
2020/21 mövsümü
Çempionlar Liqası, III təsnifat mərhələsi

“Qarabağ” – “Molde” – 0:0, p. 5:6
2023/24 mövsümü
Avropa Liqası, qrup mərhələsi

“Qarabağ” – “Molde” – 1:0, 2:2

Qeyd edək ki, bu gün Norveçdə keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
12
idman.biz

1Sources