EN

"İran Trampın qələbəsindən narahatdır, İsrailə hücum ləğv edilə bilər" - "Reuters"

"Həm Xamenei, həm də SEPAH Baydenə nisbətən Trampdan daha çox ehtiyat edir..."
 
Donald Trampın Ağ Evə dönüşü İran İslam Respublikasının rəsmi şəxslərində həyəcan doğurub. Bu zaman Trampın birinci prezidentlik müddətində  İranla nüvə proqramı üzrə sazişdən çıxması, sanksiyaları sərtləşdirməsi, İran neftinin ixracını məhdudlaşdırması və Qasım Süleymaninin aradan götürülməsinə əmr verdiyinə istinad edilir.
 
Trampın qələbəsi bəlli olan kimi İran valyutası tarixi minimuma enib. Tehranda rialın məzənnəsi bir dollara görə 703 min rial təşkil edir. İranlıların əksəriyyəti Trampın gəlişilə İrana qarşı sanksiyaların yenidən sərtləşdiriləcəyindən ehtiyat edir. 
 
Trampın sərt mövqeyi ölkənin xarici və nüvə siyasətində son söz sahibi olan ayətüllah Əli Xameneini Birləşmiş Ştatlarla "birbaşa və ya dolayısı ilə" danışıqlara sövq edə bilər. 
 
Bu barədə "Reuters" agentliyi anonimlik şərtilə iki İran məmuruna istinadən məlumat verib. Tramp seçki məntəqəsində jurnalistlərə bəyan edib: "Mən İrana zərər vurmaq istəmirəm, lakin onlar nüvə silahına malik olmamalıdır".
 
Lakin İran hökuməti seçkilər ərəfəsində bir neçə həftə ərzində Amerikada seçkilərin əhəmiyyətini azaltmağa cəhd edib. Pezeşkian administrasiyasının mətbuat katibi Fatimə Möhədcerani bəyan edib: 
 
"ABŞ pezidenti seçkilərinin bizə heç bir aidiyyəti yoxdur. Amerika və İranın əsas siyasəti bəllidir və bir adamın digəri ilə əvəzlənməsi bu siyasəti dəyişməyəcək. Biz əvvəlcədən hazırlıqıarımızı etmişik".
 
Trampın qələbəsi bəlli olduqdan sonra məlumatların tonu dəyişib. İran XİN nümayəndəsi İsmayıl Bəkai bəyan edib: "Bizim Amerika hökumətlərinin siyasəti və yanaşması ilə bağlı acı təcrübəmiz var. İran üçün vacib olanı yeni hökumətin necə fəaliyyət göstərəcəyidir".
 
Bekai əlavə edib ki, Trampın seçilməsinə "ABŞ üçün əvvəlki hökumətlərin düzgün olmayan yanaşmalarını yenidən nəzərdən keçirmək və təhlil etmək imkanı" kimi baxır.
 
İran hökumətinin böyük narahatlığına səbəb həmçinin Trampın İsrail baş nazirinə İranın nüvə obyektələrinə zərbə endirməyə icazə verə biləcəyidir.
 
Oktyabr ayında özünün seçkiöncəki nitqində Tramp İranla savaşa girmək istəmədiyini bəyan edib və deyib ki, İsrail İranın oktyabrın 1-də İsrailə etdiyi hücumuna cavab olaraq "əvvəlcə İranın nüvə proqramına zərbə vurmalı, bundan sonra başqa şeylərdən əndişələnməlidir". 
 
İRNA dövlət informasiya agentliginun sabiq direktoru, tarix professoru Abdulla Nasiri yazıb ki, Trampın Ağ Evə dönüşü "SEPAH və Ali dini lider Xameneinin regionda iştirakını məhdudlaşdıracaq".
 
O, əlavə edib: "İsrailə planlaşdırılan ağılsız hücumun ləğv edilməsinin ehtimalı yüksəkdir, çünki həm ayətüllah, həm də SEPAH, heç şübhəsiz, Baydenə nisbətən Trampdan daha çox ehtiyat edir".
Chosen
27
moderator.az

1Sources