EN

“Meşənin pıçıltısı - səsin sehri” adlı sərginin açılışı olub (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı rəssam Elnarə Nəsirlinin təbiətə həsr olunan “Meşənin pıçıltısı - səsin sehri” adlı unikal incəsənət sərgisinin açılışı keçirilib.

Hafta.az-ın yazdığına görə, COP29 ərəfəsində təşkil edilən sərgi iqlim problemlərinin incəsənət yolu ilə diqqət çəkməsinə yönəlib.

Sərginin açılışında edən Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya deyib ki, bu layihənin üzərində xeyli vaxtdır iş gedir və hazırda olduğumuz məkanda - Gazelli Art House Bakı Galeriyasında sərginin ideyası reallaşıb: "Sərgi Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini xüsusi texnologiyalarla nümayiş etdirir və təbiət elminin incəsənətlə birgə vəhdətini göstərir. Ağacların, bitkilərin öz aləmi və səsləri var. Biz xüsusi instalyasiyaları vasitəsilə bunu yaratdıq. Ümid edirəm ki, sərgi ən unikal layihələrdən biri kimi yadda qalacaq".

Sərgi musiqiləri əks etdirən səs texnologiyasından innovativ istifadə vasitəsilə Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini, yerli növlərdən olan müxtəlif bitkilərdən alınan musiqiləri nümayiş etdirəcək. İncəsənət və elmin bu unikal birləşməsi hər iki xalqın ətraf mühütə necə böyük önəm verdiyinin göstəricisidir.

“Meşənin pıçıltısı” incəsənət, texnologiya və ətraf mühit dialoqunu özündə mükəmməl şəkildə birləşdirən xüsusi bir instalyasıyadır. Bu geniş instalyasiya Azərbaycan və Latviyadan gətirilmiş ağac nümunələrindən ibarətdir.

“Meşənin pıçıltısı” həm şəxsi, həm də ekoloji canlanmanı özündə simvolizə edən COP29 ilə əlaqədə daha geniş rezonans doğurur. O, varlığımızı dəstəkləyən görünməz sistemlər haqqında daha dərindən anlamağa təşviq edir, insanı texnologiya və təbiətin birgə yaşayışı haqqında düşünməyə sövq edir.

Sərgi Latviyanın əsas təşkilatçılığı ilə Latviya Kənd Təsərrüfatı Nazirliyi, Latviyanın Meşə İdarəçiliyi Agentliyi, SİLAVA təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti, İDEA təşkilatı, və Gazelli Art  House Baku ilə birgə tərəf-daşlıqla həyata keçirilir.

Sərgi çərçivəsində planlaşdırılan digər tədbirlər ekoloji maarifləndirmənin və fəaliyyətin artırılmasında mədəniyyətlərarası əməkdaşlığın mühüm rolunu vurğulayır. Bu tədbirlərə panel müzakirəsi, Latviya sənədli filmlərinin nümayişi, sərgiyə bələdçi ilə ekskursiyaları və sair daxildir.

Sərginin bədii koordinasiyası əməkdar rəssam Sabina Şıxlinskaya aiddir.

Sərgi ictimaiyyət üçün 8 noyabr 2024-cü il tarixindən 1 fevral 2025-ci il tarixinə qədər Gazelli Art House Bakı Galeriyasında açıq olacaq.

Chosen
73
hafta.az

1Sources