EN

Tramp Rusiya-Ukrayna müharibəsini bitirə biləcəkmi? - Sərdar Cəlaloğludan ilginc açıqlama

Seçkiöncəsi təbliğat kampaniyası çərçivəsində, o cümlədən qələbədən sonra ilk ictimai çıxışında müharibələri dayandıracağını vəd edən Amerikanın yeni prezidenti Donald Tramp bunu bacara biləcəkmi? Hazırda dünya siyasi arenasında ən çox müzakirə olunan məsələ Trampın Rusiya-Ukrayna müharibəsində hansı mövqeni tutacağı və Zelenskinin yardım tələblərinə necə cavab verəcəyidir. Müharibəni dayandırmaq üçün Tramp Ukraynanı hazırki şərtləri qəbul etməyə məcbur edəcək, yoxsa Putinin geri çəkilməsini təmin edəcək?

Bu mövzu ilə bağlı Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran  Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, Tramp seçkiqabağı verdiyi vədlərin yarıdan çoxunu prezidentliyi dövrü həyata keçirə bilməyəcək:”Seçki qabağı vədləri hakimiyyətdəki işlərlə uyğun gəlmir. Bir az romantik və şişirdilmiş vədlər verilir. Rusiya-Ukrayna müharibəsinin başa çatması yalnız Amerika prezidentinin iradəsindən asılı deyil. Rusiyaya təsir edib, Ukraynanın əleyhinə hər hansı bir sülhə də Ukraynanı razı sala bilməz. Bununla bağlı Zelenskinin də bəyanatı var ki, biz heç bir güzəştli sülhə getməyəcəyik. Yəni bu o deməkdir ki, Amerika hətta istəsə belə,  Rusiyanın qarşısında Ukraynanı təslim edə bilməyəcək. İkinci məqam odur ki, Avropanın bu məsələdə mövqeyi Amerikanın mövqeyindən daha radikal və kəskindir. Çünki Amerika bir qədər bu münaqişədən uzaqdadır. Amma Avropa buna özünün milli təhlükəsizliyi məsələsi kimi baxdığına görə, öz məsələsi kimi qəbul edir”.

S.Cəlaloğlu vurğulayır ki, Avropa, Rusiyaya güzəştə gedəcəyi təqdirdə, özü üçün ağır nəticələr olacağını başa düşür: ”Ona görə də hətta Amerika belə bu məsələdə ruspərəst mövqe nümayiş elətdirsə, ya da Ukrayna təzyiq eləsə,  Avropa bu məsələdə müqavimət göstərəcək. Ola bilər  ki, Tramp müəyyən mənada yardımı azaltsın, ya da müəyyən dəstəyi azaltsın, ancaq buna da inanmıram. Azaldacağı təqdirdə, Avropa onu kompensasiya edəcək. İndiki halda Rusiyanın müharibəni sonsuzadək aparmaq imkanı yoxdur. Çünki daxildə kifayət qədər gərginlik, problemlər var. Trampın özünün də Amerikanın siyasətində fundamental dəyişikliklər etməyə nə fikri olacaq, nə də bu mümkündür. Yəni, nəhəng dövlətlərdə siyasətdə dəyişiklik etmək olduqca çətindir.

Partiya sədri qeyd edib ki, ABŞ siyasətində köklü dəyişiklik etmək təkcə prezidentin əlində olan  məsələ deyil: "Amerikada qanunda dəyişiklik etmək üçün və ya hansısa beynəlxalq təşəbbüslərdə aktivlik etmək , geri çəkilmək üçün, gərək bütün ştatlarda bu məsələ müzakirə olunsun və  sonra qərar qəbul edilsin. Amerikada ştatların özünün parlamenti və hökuməti var. Bu proseslərin özü də mürəkkəbdir. Özünün şəxsi identikliyindən istifadə edib  Rusiyanı beynəlxalq hüquqa uyğun mövqeyə çəkilməsini razı sala bilsə, bu başqa məsələdir. Ancaq inanmıram ki, Putin də buna razılıq versin. Ola bilər ki, Putinin hansısa maraqları olsun və onları Tramp öz üstünə götürsün. Ancaq dediyim kimi, bu müharibə hələ bir müddət də davam edəcək”.

Məğrur Salmanov,

Sitat.info
 

Chosen
100
32
sitat.info

10Sources