EN

Aşbaz Azərbaycanda federasiyanın rəhbərliyinə gətirildi - FOTO

Ötən ayın sonlarında Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə yeni üzvlər seçildi.

Bunlar Kəmalə Şahbazova, Teymur Hüseynov, Elio Bevilakva və Ceyhun Məmmədəliyev oldu.

İlk 2 şəxs həm də federasiyanın yeni vitse-prezidentləri kimi təqdim edildi.

Bəs əcnəbi olan Elio Bevilakva kimdir?

 Azərbaycan idman federasiyasında yer alan bu əcnəbinin kimliyini araşdırılıb.

E.Bevilakva milliyyətcə italyandır. O, həyat yoldaşı Valeriyaya görə artıq çoxdandır ki, Bakıda yaşayır. Yaxşı yemək bişirmək bacarığı var. Çünki peşəsi aşbazdır. Bakının məşhur italyan restoranlarından birində – "Scalini Port Baku Tower"də işləyir. 2012-ci ildə Bakıda keçirilmiş Avroviziya mahnı yarışması zamanı az qonaq onun "şah əsərləri"nin dadına baxmayıb. Ancaq Badminton Federasiyasına necə gəlişi, federasiyanın prezidenti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovla nə yaxınlığı olması barədə heç bir məlumata rast gəlmək mümkün deyil.

Çünki Bevilakva badmintondan daha çox, futbolu sevir. O, Bakıda minifutbol oynaması ilə tanınır. Hazırda "Neftçi"də idman üzrə müşavir işləyən Kamil Məmmədovla az futbol oynamayıb.

Yeri gəlmişkən, Elio Bevilakvanın özü ilə də danışmağa cəhd etdik. O, COP29-la bağlı məşğul olduğunu, bu tədbirdən sonra məmnuniyyətlə müsahibə verməyə hazır olduğunu bildirdi.

Federasiyanın İdarə Heyətinin digər yeni üzvü Ceyhun Məmmədəliyev isə bir neçə dəfə Azərbaycan çempionu olmuş keçmiş badmintonçudur. Yeni vitse-prezident Teymur Hüseynov isə "Paşa Holdinq"də Qrup üzrə Strateji İdarəetmə departamentinin direktorudur.

Azərbaycan Badminton Federasiyasının əvvəlki vitse-prezidentləri Aynur Səmədova (Arazova) və Emin Maqsudov olub. Onların hər ikisi federasiya prezidentinin rəhbəri olduğu Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləyib.


    
Chosen
13
1
news365.az

2Sources