Azərbaycan tərəfindən sülh müqaviləsi layihəsinin 11-ci mətnini alan Ermənistan tərəfi razılaşdırılmamış bir-iki məsələnin qaldığını bildirib.
Xarici işlər nazirinin müavini Vahan Kostanyan “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında fikir ayrılığı olan bəndlərin təfərrüatı haqda danışmasa da, müzakirələrin davam etdiyini deyib.
“Tərəflərin bu məsələlərdə vahid mövqeyi yoxdur və təbii ki, rəsmi Bakı ilə müzakirələr davam edəcək”,-deyə diplomat əlavə edib.
Məlumatda qeyd edilir ki, noyabrın 5-də İrəvan Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər alıb. Ötən həftə xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfi ilə sənədə “bir və ya iki düzəliş” üzərində işlədiklərini və bundan sonra onun imzalanmağa hazır olacağını bildirib. Lakin bundan əvvəl Ermənistanın Azərbaycana sülh sazişinin mətninə dair təkliflər paketini göndərdiyi barədə xəbər yayılmışdı.
Bu baxımdan, 11-ci sülh müqaviləsi layihəsi Ermənistanın alınmış təkliflərin yeni redaksiyada tərtib olunmuş variantıdır. Lakin sonradan mübahisəli məsələlərin sayının heç də Vahan Kostanyanın dediyi kimi bir-iki deyil, üç bəndi əhatə etdiyi aydın olub.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı “X” sosial şəbəkəsində yazıb. Siyasi ekspert qeyd edib ki, Ermənistan indiki layihədən 3 maddənin çıxarılmasını təklif edib. Bu üç məsələ - Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları, beynəlxalq hüquqi müharibə və üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlıdır.
“COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı gözlənilir. Lakin məndə olan məlumata görə, Ermənistan tərəfi bir müddət öncə çərçivə razılaşmasını imzalamaqdan imtina edib”,- deyə Fərid Şəfiyev bildirib.
Politoloq 3 məsələdən birincisinin həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malik olduğunu yazıb:
“Erməni xalqının Azərbaycana qarşı ərazi iddiasından imtina edilməsi ilə bağlı aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən növbəti hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər. İkinci məsələ tərəflərin sülh prosesinə qoşulmağa hazır olmasının çox yaxşı indikatorudur. Görünür, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır və gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə diplomatik və hüquqi müharibəni genişləndirmək istəyir”.
Üçüncü məsələ Avropa İttifaqının hazırda Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən, gələcəkdə hərbi missiyaya çevrilməsi istisna edilməyən mülki missiyası ilə bağlıdır. Qeyd edək ki, söhbət əslində, yekun sülh müqaviləsindən deyil, çərçivə sülh sazişinin mətnindən gedir. Tərəflər arasında razılaşdırılmamış bəndlərin sayının üç olması əvvəldən aydın idi. Ona görə də Ermənistan tərəfi 16 bənddən 13-ü əsas götürməklə çərçivə sülh sazişi imzalamağı təklif edir.
Azərbaycan isə digər 3 bəndi sülh sazişi layihəsindən ayırmağın əleyhinədir və onu yarımçıq razılaşma hesab edir. Ermənistanın çərçivə razılaşmasını imzalamaqdan imtina etməsi Paşinyan hakimiyyətinin konstitusiya referendumu keçirmək niyyətində olmadığını təsdiq edir. Hətta Ermənistan ən azı növbəti mərhələdə konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxartmaq barədə çərçivə sülh sazişində hüquqi öhdəlik götürmək istəmədiyini nümayiş etdirir. Belə olan halda, tərəflər arasında hər hansı sazişin imzalanacağı şübhə doğurur. Azərbaycana qarşı beynəlxalq hüquqi müharibə məsələsinə gəlincə, bununla bağlı aşkara çıxan məlumatlar rəsmi İrəvanın məqsədinin nədən ibarət olduğunu göstərir.
Ermənistan beynəlxalq məhkəmələrdən Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyi “Azadlıq” radiosunun
“Azərbaycanla bu ölkəyə qarşı qaldırılan iddiaların beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi müzakirə olunarsa, Bakı eyni prinsiplə Ermənistana qarşı qaldırdığı iddiaları geri götürəcəkmi?” sorğusuna belə cavab verib:
“Sülh müqaviləsinin maddələri qarşılıqlılıq prinsipinə əsaslanacaq”.
Göründüyü kimi, Paşinyan hökuməti qarşılıqlılıq prinsipini gündəmə gətirməklə Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan imtina edilməsinə nail olmaq niyyəti güdür. Xüsusilə də son günlər Beynəlxalq Haaqa Arbitraj Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddialarına baxılması rəsmi İrəvanı xeyli narahat edir. Çünki məhkəmə prosesində işğal nəticəsində Azərbaycana vurduğu ziyana görə Ermənistana qarşı təzminat davası açılacağı gözlənilir.
Bu halda Azərbaycan Ermənistana qarşı minimum 50 milyard dollar dəyərində kompensasiya ödəmək məcburiyyətində qala bilər. Belə bir qərarın çıxarılması yoxsul Ermənistanın tamamilə müflis olması deməkdir. Ona görə də Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı əsassız məhkəmə iddiaları qaldırmaqla qarşılıqlılıq prinsipi əsasında hüquqi prosesin dayandırılmasına nail olmaq istəyir.
Üçüncü məsələ Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çəkilməsi ilə bağlıdır. Azərbaycan bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın bundan Azərbaycana qarşı kəşfiyyat məqsədilə istifadə etdiyin bildirir. Ermənistan isə yalnız sülh müqaviləsi imzalandıqdan sonra missiyanın sərhəddən çıxarılmasını mümkün hesab edir. Halbuki, həmin monitorinq qrupu Ermənistanın şərti sərhədinin təhlükəsizliyinin təminində heç bir rol oynamır. Sadəcə olaraq, bu missiya Ermənistan hakimiyyətinə Azərbaycandan təhlükələrin olmasına dair görüntü yaratmaq və bu yolla Qərbdə siyasi ajiotaj yaratmaq üçün “hal şahidi” kimi lazımdır.