EN

2030-cu ilə qədər qlobal enerji saxlama gücünü 6 dəfə artırmağa çağırırıq - Muxtar Babayev

Bütün tərəfləri 2030-cu ilə qədər qlobal enerji saxlama güclərini 6 dəfə artırmağa çağırırıq

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılış mərasimində deyib.

"Dünyanın aparıcı iqlim platforması olaraq, COP29 iqlim dəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi tədbirləri barədə susa bilməz və susmayacaq. Beynəlxalq Enerji Agentliyi ilə birgə bu gün ədalətli və tənzimlənmiş keçid üçün fəaliyyət çağırışlarını dərc etdik. Biz bütün tərəfləri 2030-cu ilə qədər qlobal enerji saxlama güclərini 6 dəfə artırmağa çağırırıq", - o qeyd edib.

M.Babayev əlavə edib ki, COP29 unudulmuş məsələləri, o cümlədən, qlobal emissiyaların, demək olar ki, 10 faizini təşkil edən ərzaq israfını gündəmə gətirir.

"Konfransdan əvvəl bütün görüşlərin gündəminə təsirlərin yüngülləşdirilməsi məsələsini daxil etdik ki, irəliləyiş yollarını tapa bilək.

Sədrlik olaraq, danışıqlarda əsas prioritetimizi (iqlim maliyyəsi ilə bağlı yeni kollektiv kəmiyyət hədəfinə çatmağı) unutmadan problemi hərtərəfli həll etmək üçün çox çalışırıq", - o vurğulayıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Chosen
17
4
milli.az

5Sources