EN

COP29 başladı:Beynəlxalq konfransla bağlı əhali nələri bilməlidir?

Bu gün artıq Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına start verildi. Bir neçə saat əvvəl konfransın açılış mərasimi baş tutub və tədbiri giriş sözü ilə COP28-in prezidenti Sultan Ahmad Al-Jaber açıb. Mərasim zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib.

Avtosfer.az xəbər verir ki, Bakıda keçirilən tədbirdə iştirak etmək məqsədilə bir sıra dövlətlərin hökumət rəhbərləri və vacib şəxsləri, eləcə də, beynəlxalq təşkilatların prezidentləri, nümayəndələri Azərbaycana gəlib.

Belə ki, artıq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Nepal Prezidenti Ramçandra Paudel, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, İndoneziyanın xüsusi nümayəndəsi Haşim Cocohadikusumo, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş, Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin qubernatoru Maimuna Mohd Şarif, Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend, Kuk Adalarının Baş naziri Mark Braun, Keniyanın Baş naziri Musalia Mudavadi, Barbados Respublikasının Baş naziri Mia Amor Mottley, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Axim Ştayner, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat, Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq, Efiopiya Prezidenti Taye Atske Selassie, Finlandiya Prezidenti Aleksandr Stubb, Monteneqro Prezidenti Yakov Milatoviç, Belçika Krallığının Baş naziri Aleksandr De Kro, hətta Ermənistanla sülh məsələlərində vasitəçi qismində iştirak edən və həmişə Belçikada görməyə alışdığımız Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bu gün paytaxtda keçirilən COP29 beynəlxalq konfransında iştirak etmək üçün ölkəmizə gəlib.

Bu qonaqların haranı təmsil etmələri ilə birlikdə siyahısını təqdim etməkdə məqsədimiz, tədbirin nə qədər vacib olduğunu və ölkə olaraq bu məsələdə nə qədər diqqətli yanaşmalı olduğumuzu vurğulamaqdır. Noyabr ayının 22-nə qədər davam edəcək tədbirdə iştirak etmək üçün qonaqlar gəlməkdə davam edir.

Azərbaycanda əhalinin bir qismi COP29-la bağlı məlumatsız olduğu üçün bəzi suallara aydınlıq gətirmək mütləqdir.

 

1. COP29 nədir?

 

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir.

COP tədbirlərində gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun danışıqlar aparılır və sənəd qəbul edilir.

Bakıdakı COP29-da builki dialoqun əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməsi olacağı açıqlanıb.

 

2. COP tədbirinin məqsədi nədir?

 

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

Hesab olunur ki, atmosferə atılan karbon qazı emissiyaları qlobal istiləşməyə, iqlim dəyişikliklərinə gətirib çıxarır və buna görə də bunları dayandırmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var.

Ona görə də, dünya ölkələri və maraqlı tərəflər birləşib planetin iqlimini sənaye inqilabı olmamışdan əvvəlki dövrdəki vəziyyətə qaytarmaq üçün birgə işlər görməlidirlər, bu işlər də COP tədbirlərində müzakirə olunur və razılaşdırılır.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

 

3. Azərbaycana neçə xarici qonaq gələcək?

 

Bakıda keçiriləcək COP29 tədbirində iştirak üçün təxminən 70 min nəfər qeydiyyatdan keçib. Bunu COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova açıqlayıb.

2023-cü ilin dekabr ayında COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq.

“COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var”, - İlham Əliyev müşavirə zamanı qeyd edib.

 

Prezident çıxışında bildirib ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici ölkəyə gələcək.

 

4. Azərbaycanın “yaşıl vədləri” nədir?

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

İqtisadiyyat Nazirliyi elan edib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

Nazirliyin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür”.

Azərtacın məlumatına görə, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib.

Azərbaycanda bərpa olunan enerjidə aparıcı olan elektrik enerjisidir və bu, ümumi gücün 20,3 faizini təşkil edir.

 

5. COP-un xərcini kim çəkir?

 

Bəzi vətəndaşlar hesab edir ki, Azərbaycan bu beynəlxalq tədbirin təşkili üçün bütün maliyyə xərclərini özü ödəyəcək. Lakin daha əvvəl bu tədbirin təşkil etdiyi ölkələrlə bağlı səslənən bəyanatlarda da, konvensiyanın təşkilatçısı olan Birləşmiş Millətlər Təşkilatının təqdim etdiyi sənədlərdə də göstərilir ki, əslində maliyyə mövzusu təşkilatçı və ev sahibi ölkələrin ortaq həll etdiyi məsələdir.

Belə ki, COP tədbirinə ev sahibliyi edən ölkədəki maliyyə yükü bir neçə amildən asılı olaraq çox dəyişə bilər.

Adətən ev sahibi ölkənin çəkdiyi xərclər birbaşa və dolayı xərclərə bölünür.

Birbaşa xərclərə məkan və infrastruktur - konfrans obyektləri və ya onların inşası, nümayəndələr üçün maddi-texniki dəstəyin təmin edilməsi, nəqliyyat, təhlükəsizlik, tullantıların idarə edilməsi və sairə daxildir. Bunlar yüz milyonlarla dollara çatan əhəmiyyətli xərclər ola bilər.

Bundan başqa, minlərlə nümayəndəni, müşahidəçini və media təmsilçilərini yerləşdirmək tələb olunur. İnzibati və kadr xərclərinə isə işçilərin əmək haqqı, rabitə avadanlığı və digər əməliyyat xərcləri daxildir. Dolayı xərclərə isə artan təhlükəsizlik tədbirləri və izdihamın idarə edilməsi və antiterror tədbirləri üçün infrastruktura potensial investisiyalar daxildir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) ev sahibi ölkələrə bəzi əsas xərcləri ödəməyə kömək etmək üçün məhdud miqdarda maliyyə dəstəyi verir.Ev sahibi ölkə adətən xərclərin əhəmiyyətli hissəsini öz resurslarından ödəyir.Özəl şirkətlər, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində onlardan tərəfdaşlıqlar və sponsorluqlar üçün vəsait və resurs cəlb edilə bilər. COP tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb edə və uzunmüddətli perspektivdə turizmi artıra bilər. Məsələn 2021-ci ildə Britaniyanın Glasgow şəhərində keçirilən COP26 konfransı üçün Böyük Britaniya hökuməti ümumi xərclərin təqribən 400 milyon ABŞ dollar olacağını təxmin edib və vəsaitlərin böyük hissəsini milli büdcədən xərcləyib.

2022-də Misirdə, Şarm Əl-Şeyxdə keçirilən COP27-də Misir beynəlxalq tərəfdaşlardan əhəmiyyətli maliyyə dəstəyi alıb, lakin dəqiq xərc rəqəmi hələ də ictimaiyyətə açıqlanmayıb.

Nəhayət, ev sahibi ölkənin COP tədbirinə xərclədiyi pulun dəqiq məbləğini müxtəlif şərtlər və maliyyə şəffaflığı səbəbindən dəqiq müəyyən etmək çətindir.

Azərbaycanın COP29 tədbirinə nə qədər vəsait xərcləyəcəyi hələ ki, məlum deyil.

Bununla belə, əminliklə söyləmək olar ki, COP-a ev sahibliyi etmək hər bir ölkə üçün böyük maliyyə öhdəliyi ola bilər, lakin o, həm də beynəlxalq əməkdaşlıq, investisiya və iqlim liderliyini nümayiş etdirmək baxımından potensial faydalar gətirə bilər.

 

Beynəlxalq konfransla əlaqədar Avtosfer.az-a müsahibəsində sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu tədbirlə əlaqədar mövqelərlə bağlı fikir ayrılıqları var:

“Qlobal iqlim dəyişmələri ilə mübarizə məsələlərində dünya ictimaiyyəti və bu sahənin mütəxəssisləri iki cəbhəyə ayrılır. Bir qrup tədqiqatçılar var ki, onlar ekoloji problemlər mövzusunu bu qədər qloballaşdırmağa ehtiyac olmadığını hesab edirlər. Sanki bu cür ekoloji problemləri qabartmaqda Qərbin, ABŞ-nin məqsədi odur ki, Çin və digər ikişaf etməkdə olan ölkələrin qlobal bazarlara çıxışı məhdudlaşsın. Bu üsulları qeyri-sağlam rəqabətin ifadəsi kimi qiymətləndirirlər. Daha dəqiq desək, heç də böyüməyən ekoloji məsələlərin ABŞ və onun tərəfdarları tərəfindən qabardılaraq inkişaf etgməkdə olan ölkələrin qarşısına maneələr çıxarmaq üçün strategiya olduğu hesab olunur. Digər qrup tədqiqatçılar isə bildirirlər ki, ekoloji problemlər var və bu proses getdikcə qloballaşaraq bəşəriyyətin təhlükəsizliyini təhdid edir.  Bu fikirdən çıxış edərək 1992-ci ildən etibarən inkişaf etmiş dövlətlərin təşəbnbüsü ilə bu cür tədbirlər təşkil edildi və Konvensiyaya üzv olan 171 dövlət tərəfindən sənəd imzalandı. Sənədə əsasən, qərara alındı ki, inkişaf etmiş ölkələr inkişaf etməkdəolan ölkələrə maliyyə yardımı ayıırsıvə bu yardımlar hesabına həmin ölkələr karbon emissiyasını sənayeləşmədən əvvəlki dövrə, yəni 1.5 dərəcə Selsiyə qədər aşağı salsınlar və həmin ölkələrdə alternativ enerji mənbələrini inkişaf etdirsinlər”.

Sosioloq həmçinin onu da qeyd edib ki, bu məbləğin miqdarı ilə bağlı da keçirilən konfranslar zamanı fikir ayrılıqları yaşanıb.

“Parisdə keçirilən tədbir zamanı qərara alındı ki, bu maliyyə dəstəyinin miqdarı 100 milyard dollar olaraq qətiləşdirilsin. Lakin inkişaf etmiş dövlətlər bu məbləğlə hələ də razılaşmır və onlar dəstəyin 1.1-1.3 trilyon dollara qədər artırılmasının tərəfədarı olduqlarını bildirirlər. 2022-ci ildə bu məbləğ yenidən 100 milyard dollar laraq müəyyənləşib. Lakin yenidən məbləğin artırılması ilə bağlı təkliflər olunur. Əslində gözlənilən odur ki, Bakıda keçirilən COP29 tədbirində yeni kollektiv məbləğ müəyyənləşsin. Bu tədbirin Azərbaycanda keçirilməsi üçün bütün dövlətlər yekdilliklə səs verdilər, lakin, görünür, həmin dövlətlər COP29 konfransının Azərbaycana qazandıracaq dividentlərini ölkəmizə baha qiymətə satmağa çalışırlar. Ölkəmikzin bu tədbirə ev sahibliyindən istifadə edərək özlərinin geosiyasi oyunlarını Azərbaycana qəbullandırmaq üçün əlavə şərtlər irəli sürürlər. Ancaq Azərbaycanın iradəsi möhkəmdir. Dövlətimizin iradəsi hər zaman onların oyunları qarşısında duruş gətirib. Bu ölkələr Azərbaycanı sülh proesesində kompramisə məcbur etmə təşəbbüsləri belə göstərir. COP29-u boykot etməyə çalışan dövlətlər – Norveç, Fransa və Avropa İttifaqı kimi bəzi təxribatçı təşkilatlar Azərbaycana pressinq tətbiq etməklə bir sıra geosiyasi əməllərinə nail olmağa çalışırlar”.

Üzeyir Şəfiyev sonda onu vurğulayıb ki, belə tədbirlərin neft və qaz istehsal edən ölkələrdə keçirilməsi özü dünyaya çox güclü mesajdır. Çünki bu ölkələr göstərmək istəyir ki, onlar neft-qaz istehsal etmələrinə baxmayaraq, ölkədə alternativ enerjiyə keçidlə bağlı ciddi addımlar atılır.

Səfər

Chosen
52
avtosfer.az

1Sources