EN

İqlim dəyişikliyi nədir? Sadə bələdçi

İnsan fəaliyyəti dünya temperaturunun artmasına səbəb olur: bunun nəticələri arasında intensiv müşahidə edilən istilik dalğaları və dəniz səviyyəsinin yüksəlməsi də var.

Gələcək onilliklərdə vəziyyətin daha da pisləşəcəyi ehtimalı var, lakin elm adamları təcili tədbirlərin iqlim dəyişikliyinin ən pis təsirlərini məhdudlaşdıra biləcəyini hesab edirlər.

İqlim dəyişikliyi nədir?

Yerin orta temperaturu və hava şəraitinin uzunmüddətli dəyişməsinə iqlim dəyişikliyi deyilir.
Son onillikdə dünya 19-cu əsrin sonları ilə müqayisədə, orta hesabla, təxminən 1,2 Selsi daha isti olub.

Müəyyən edilib ki, 2023-cü il insanın səbəb olduğu iqlim dəyişkiliyi və təbii El Nino hava hadisəsinin təsiriylə tarixin ən isti ili olub.
Son doqquz ilin hamısı tarixdə ən isti doqquz il qeydləri arasında olub.
iqlim

İnsanlar iqlim dəyişikliyinə necə səbəb olur?

İqlim Yerin tarixi boyu dəyişib və El Nino kimi təbii amillər 2023-cü ildə olduğu tək daha qısa müddət ərzində havaya təsir göstərə bilər.
El Niño hadisəsi, adətən, Sakit Okeanın tropik şərqində dəniz səthinin temperaturu uzunmüddətli orta səviyyədən ən azı 0,5 Selsi yuxarı qalxdıqda elan edilir.
BMT-nin iqlim məsələləri üzrə təşkilatı IPCC-yə görə, təbii səbəblər keçən əsrdə müşahidə olunan, xüsusilə sürətli istiləşməni izah edə bilməz.
iqlim
IPCC bildirir ki, bu uzunmüddətli iqlim dəyişikliyinə insan fəaliyyəti səbəb olub, əsasən, evlərdə, fabriklərdə və nəqliyyatda qalıq yanacaqların - kömür, neft və qazın geniş istifadəsi nəticəsində baş verib.
Qalıq yanacaqlar yandıqda istixana qazları - əsasən, karbon qazı (CO2) buraxırlar. Bu, Yer səthinə yaxın atmosferdə əlavə enerji tutaraq planetin istiləşməsinə səbəb olur.
Sənaye inqilabının başlanğıcından - insanlar böyük miqdarda qalıq yanacaqları yandırmağa başladıqdan - bəri atmosferdəki CO2 miqdarı təxminən 50% artıb.
Qalıq yanacaqların yandırılması nəticəsində ayrılan CO2-nin atmosferdə getdikcə daha çox tapılan növə uyğun gələn fərqli kimyəvi barmaq izi var.

İqlim dəyişikliyinin indiyə qədər hansı təsirləri var?

Qlobal orta temperaturun 1,2 Selsi artması o qədər də diqqətçəkən gəlməyə bilər.
Bununla belə, o, artıq ətraf mühitə böyük təsir göstərib, o cümlədən:
isti hava dalğaları və güclü yağış kimi daha tez-tez və şiddətli ekstremal hava şəraiti
buzlaqların və buz təbəqələrinin sürətlə əriməsi dəniz səviyyəsinin qalxmasına səbəb olur
Arktika dəniz buzunun böyük ölçüdə azalması
Okeanın istiləşməsi
İnsanların həyatı da dəyişir.
Məsələn, Şərqi Afrikanın bəzi hissələri son 40 ilin ən pis quraqlığını yaşadı və 20 milyondan çox insanı şiddətli aclıq təhlükəsi ilə üz-üzə qoydu.
2022-ci ildə Avropada görünən güclü isti hava dalğaları ölümlərin anormal artmasına səbəb oldu.

Gələcək iqlim dəyişikliyi dünyaya necə təsir edəcək?

Temperatur artdıqca, iqlim dəyişikliyinin təsiri daha da pisləşir.
IPCC-yə görə, uzunmüddətli temperaturun 1,5 Selsiyə qədər yüksəlməsini məhdudlaşdırmaq çox vacibdir.
Elm tam əmin deyil, lakin 1.5 dərəcə Selsi ilə müqayisədə 2 dərəcə Selsi qlobal istiləşmədə gözlənən nəticələrə aşağıdakılar daxil ola bilər:
Həddindən artıq isti günlər orta enliklərdə (qütblərdən və tropiklərdən kənar bölgələrdə) orta hesabla 4 dərəcə, 1,5 Selsidə isə 3 dərəcə isti olacaq.
Dəniz səviyyəsinin qalxması 1,5 dərəcədəkindən 0,1 m yüksək olacaq ki, bu da 10 milyona qədər insanı tez-tez baş verən daşqınlar da daxil olmaqla, müxtəlif hadisələrə məruz qoyacaq.
mərcan qayalarının 99 faizindən çoxu məhv ola bilər, halbuki, qlobal istiləşmə 1.5 Selsi olsa, onların 70-90 faizi itiriləcək.
Bitkilər və heyvanlar yaşadıqları coğrafi ərazinin çox hissəsində onlara uyğun olmayan iqlim şəraitinə məruz qalacaq.
2050-ci ilə qədər bir neçə yüz milyon insan iqlimlə bağlı risklərə məruz qala və yoxsulluqla üzləşə bilər.
Temperaturun 1.5 dərəcə Selsiyə qədər yüksəlməsini məhdudlaşdırmaq çağırışı qismən “dəyişmə nöqtələri” adlanan yerləri keçməmək üçün nəzərdə tutulub.

Bu hədlər keçildikdən sonra dəyişikliklər sürətlənə və Qrenlandiya Buz Lövhələrinin dağılması kimi geri dönməz hadisələr ola bilər. Bununla belə, bu hədlərin haradan keçdiyini dəqiq bilmək mümkün deyil.
IPCC-nin məlumatına görə, təxminən 3,3-3,6 milyard insan iqlim dəyişikliyinə çox həssasdır.
Daha kasıb ölkələrdə yaşayan insanların uyğunlaşmaq üçün kifayət qədər resursları olmadığından onların daha şox əziyyət çəkəcəyi gözlənilir.
Bu, ədalətlə bağlı suallara səbəb olur, çünki bu yerlər, adətən, istixana qazı emissiyalarının kiçik bir hissəsinə cavabdehdir.
Bununla belə, qlobal istiləşmənin təsirləri geniş ərazilərdə hiss oluna bilər. Məsələn, ekstremal hava şəraiti ilə bağlı məhsul çatışmazlığı qlobal ərzaq qiymətlərini artıra bilər.

Hökumətlər iqlim dəyişikliyi ilə bağlı nə edir?

2015-ci ildə Parisdə imzalanan sazişdə 200-ə yaxın ölkə qlobal istiləşməni 1,5 dərəcə Selsidə saxlamağa çalışacaqlarına söz verib.
Bu sənədi 2016–cı ilin aprelində New-Yorkda, BMT-nin Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.
Buna nail olmaq üçün 2050-ci ilə qədər "xalis sıfır" CO2 (net-zero) emissiyalarına nail olunmalıdır. "Xalis sıfır" istixana qazı emissiyalarını mümkün qədər azaltmaq və qalan emissiyaları atmosferdən təmizləmək deməkdir.
Əksər ölkələrin "xalis sıfır" hədəfləri var və ya nəzərdən keçirir.
Məsələn, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Bununla belə, istixana qazlarının səviyyəsi hələ də sürətlə yüksəlir və dünyanın 1,5 dərəcədən çox istiləşməsi ehtimalı var, IPCC deyir.
Eyni zamanda bərpa olunan enerji və elektrik nəqliyyat vasitələrinin inkişafı kimi bəzi sahələrdə irəliləyiş var.
Dünya liderləri iqlim öhdəliklərini müzakirə etmək üçün hər il bir araya gəlirlər.
BMT-nin iqlim dəyişikliyi ilə bağlı son sammiti COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib.
İlk dəfə olaraq, ölkələr hərəkətə keçməyə məcbur olmasalar da, "qalıq yanacaqlardan uzaqlaşmaya" "töhfə" verməyə razılaşıblar.
Bu il Azərbaycanda noyabrın 11-də başlayan COP29-da da bu məsələlər müzakirə olunur.

Fərdlər nə edə bilər?

Əsas dəyişikliklər hökumətlərdən və bizneslərdən gəlməlidir, lakin fərdlər də kömək edə bilər:

daha az uçuşlar edin
az enerji sərf edin
ev izolyasiyasını və enerji səmərəliliyini yaxşılaşdırın
elektrik nəqliyyat vasitələrinə keçin və ya avtomobilsiz yaşayın
qaz əsaslı isitməni istilik nasosları kimi elektrik sistemləri ilə əvəz edin
daha az qırmızı ət yeyin

Mənbə: BBC
Chosen
65
bakupost.az

1Sources