EN

COP for Hope: İqlim dəyişikliklərinə qarşı mübarizəyə çağırırıq – Seneqal nümayəndəsi

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz: Seneqal nümayəndəsi Mamadu Mbake Sekdir.

M.Sek Trend-ə açıqlamasında bildirib ki, COP29-da Bakıda iştirak etməkdən çox məmnunuq, çünki burada bir çox təşkilatlarla görüşmək və yığılıb qalan iqlim problemlərini həll etmək üçün gözəl imkan yaradılıb.

Onun sözlərinə görə, son illərdə Seneqalda çox sayda neft və qaz yataqları aşkarlanıb.

"Bu sahədə istehsalın ekologiya və iqlimə təsiri barədə daha çox məlumata ehtiyacımız var. Bu gün Bakıda bütün dünya toplaşıb və biz bütün bəşəriyyətə müraciət edirik: dənizlərin və onların sərvətlərinin, təmiz suyun - həyat mənbəyinin qorunmasına çağırırıq, iqlim dəyişiklikləri ilə mübarizə üçün əlavə vəsaitlərin ayrılmasını tələb edirik ki, insanlara və ölkələrə yaşıl planet naminə kömək edək", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Chosen
23
12
milli.az

10Sources