EN

COP29 iqlim maliyyələşdirilməsi məsələsində vəziyyəti dəyişə bilər - "SustainaClaus"

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.

Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Filipp Makmasterdir (digər adı ilə "SustainaClaus" - "Dayanıqlı Santa").

O, Trend-ə özəl müsahibəsində bildirib ki, COP29 iqlim maliyyələşdirilməsi məsələsində vəziyyəti dəyişə bilər.

"Özümlə dayanıqlı inkişafın simvollarını gətirmişəm ("sustainies"). Onlardan biri Reallıq Xoruzu Rodcer, digəri isə aşağı karbon tullantıları çağırışı edən Pandadır. Buradakı və dünyadakı səylərimiz yenidən xoşbəxt uşaqlığı təmin etməyə yönəlib.

Ümidimi COP29-a bağlayıram. Əsas məsələ maliyyədir. Bu, illərdir üzərində işlədiyimiz bir məsələdir. COP-un Azərbaycanda əsas məqsədi maliyyə aspektini həll etməkdir. Burada zərər və itkilərin necə maliyyələşdiriləcəyi müzakirə olunur", - deyə o qeyd edib.

F.Makmasterin sözlərinə görə, 2009-cu ildən bəri zərər və itkilər, eləcə də, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi haqqında danışılır, lakin heç bir ölkə təsirli addımlar atmayıb.

"Söhbət, əsasən, Avropa və Şimali Amerika ölkələrindən gedir. Biz cənubu dəstəkləmirik, onları istismar edirik. Zərər və itkilər məsələsində isə məsuliyyətdən yayınırıq. Hətta Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də COP29-a gəlməməsinə baxın. O, Avropa İttifaqını təmsil edir. Necə ola bilər ki, Avropadakı bütün insanların adından qərar qəbul edilsin? Əgər avropalı olsaydım, burada təmsil olunmaq istərdim. Bu qloballaşma tərəfdarları necə olub ki, dünyanı bu qədər çətin vəziyyətə salıblar? Bu, gülüncdür", - deyə o əlavə edib.

Filipp Makmaster qeyd edib ki, Azərbaycan qədim ölkədir, qədim mədəniyyətə sahibdir və burada keçirilən COP29 vəziyyəti dəyişə bilər.

"Biz həmişə baş verə biləcək hadisələrə nikbin baxmalı və bunun sadəcə istək deyil, bir təzahür olduğunu anlamalıyıq. Gələcəyi gözləmək əvəzinə onu qurmalıyıq. Əsas odur ki, inkişaf etmiş ölkələr maliyyə axınını təmin etsinlər, çünki onlar uzun illərdir ki, yalan danışırlar. Mən Davamlı İnkişaf Məqsədləri üzərində işləyirəm, bu məqsədlər 2015-ci il sentyabrın 25-də elan edildiyi gündən bəri", - deyə "SustainaClaus" bildirib.

O qeyd edib ki, ölkələr şirkətlər kimi davranmamalıdır.

"Bu, bir şirkət deyil, amma onlar elə davranırlar. Bu, bir cəmiyyətdir. Cəmiyyət üzvlərini istismar etməz, onlara dəstək olar. Cəmiyyət kimi davranmağa başlayın və problemi həll edin. Ölkələr öz vətəndaşlarına daha mərhəmətli və daha bilikli yanaşa bilər. Biz hamımız bir planetin vətəndaşlarıyıq və həyatımızı yaxşılaşdıra bilərik", - deyə Filipp Makmaster fikrini tamamlayıb.

Milli.Az

Chosen
12
2
milli.az

3Sources