EN

 COP29-un Liderlər Sammiti dünyanın ən böyük iqlim tədbirinin zirvə toplantısıdı -ANALİZ

BMT-nin və dünyanın ən mötəbər tədbiri hesab olunan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Bakı ev sahibliyi edir.  
COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında Qlobal Şimal və Qlobal Cənub arasında ixtilafların kənara qoyulması, ümumi nöqtələrin tapılması baxımından önəmli platformadır. Karbon emissiya qazlarının atmosferə buraxılmasının azaldılması bu sahədə ölkələrin digər məsuliyyəti və inkişaf etmiş ölkələrlə birlikdə qlobal iqlim dəyişikliyi ilə bağlı aktiv iştirakı ilə bağlı məsələlərdə önəmli platforma kimi rol oynayır.
Heç şübhəsiz ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin beynəlxalq arenadakı siyasi nüfuzundan irəli gəlir. Azərbaycanın digər qurumlarda və ya təşkilatlarda təmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını buna nümunə olaraq göstərə bilərik.
Ölkəmizin dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.
Strateji baxımdan mühüm geosiyasi məkanda Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaradıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən ölkə prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik: "Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək".

Mövzu ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin öz işini mükəmməl təşkilatçılıqla davam etdirdiyini vurğulayıb. AHK sədrinin sözlərinə görə, iki gündür davam edən COP29-un Liderlər Sammiti dünyanın ən böyük iqlim tədbirinin zirvə toplantısıdır:

 "Nə az, nə çox 198 tərəf iştirak edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış ediblər. 
Azərbaycan Prezidenti İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında da  vurğuladığı kimi 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib olub, bu, bizim ölkəyə hörmətin əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
 Beləliklə, dünyanın ən aparıcı media orqanlarının da diqqət mərkəzində olan Bakı COP-unu baş tutmuş hesab edə bilərik. COP29-un elə birinci günündə əldə olunan ilk böyük uğur – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunması onu göstərir ki, bu qlobal iqlim sammiti dünya üçün əhəmiyyətli qərarların qəbul edilməsi ilə nəticələnəcək. Bu isə o deməkdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək istəyən qüvvələrin məkrli niyyətləri baş tutmadı. Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərin arqumentləri də əsassız və məntiqsizdir.
Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir".

Ölkə prezidentinin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışına istinad edən politoloq deyib ki, COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq: 
" Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir.
Ölkəmiz  2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu,  hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Ölkəmiz həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarla fəal çalışır".
Chosen
32
sherg.az

1Sources