Azərbaycan liderinin apardığı uzaqgörən siyasətin nəticəsidir ki, TDT üzvü olan ölkələrin ali liderləri hər zaman haqq savaşında ölkəmizə dəstək veriblər. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanı tək qoymayan qardaş Türkiyə, o cümlədən qələbə münasibətilə dövlət başçımızı təbrik edən, azad olmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinə müəyyən töhfələr verən digər türkdilli qardaş ölkələrin başçılarının hər bir dəstəyi bizim üçün önəmli idi. Onlar ölkəmizə qarşı aparılan çirkin kampaniyalara hər zaman öz etirazlarını bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyev də beynəlxalq tədbirlərdə daim türkdilli dövlətlərə dəstəyini nümayiş etdirib. Dövlətlərimizin beynəlxalq platformalarda eyni mövqedən çıxış etmələri münasibətlərimizdəki sarsılmaz birliyin göstəricisidir.
Cənab İlham Əliyevin növbəti müddətə prezident seçiləndən sonra - bu il fevralın 14-də andiçmə mərasimində çıxış edərkən "TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" deməsi ölkəmizin xarici siyasətindəki əsas ideoloji xəttin istiqamətinə bir daha aydınlıq gətirdi. Ölkəmiz bütün türk dövlətləri ilə əlaqələri ən yüksək formada inkişaf etdirməkdə, vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır. Azərbaycanın TDT-nın güclənməsi istiqamətində gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər ittifaqın daha da güclənməsinə xidmət edir. Azərbaycanın dəstəklədiyi Orta dəhliz layihəsi türk dövlətlərini arasında iqtisadi bağları daha da gücləndirəcəkdir. Orta dəhliz layihəsi 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik olan türk dövlətlərinin dünyaya çıxışını asanlaşdıracaq. Bu dəhliz TDT-yə üzv dövlətlərin əksəriyyətinin yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz qiymətə çatdırılması deməkdir. Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında kommunikasiya əlaqələrini daha da gücləndirəcək. Prezident İlham Əliyev Bişkekdə çıxışı zamanı onu da vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək: "Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək".
Azərbaycan BMT-nin iqlim dəyişikliyi ilə bağlı 29-cu Konfransı olan COP29-a ev sahibliyinə namizədliyinin dəstəklənməsində türk dövlətlərinin çox böyük rolu oldu. COP29 həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr başda olmaqla beynəlxalq tərəfdaşlarla ekoloji əməkdaşlığı dərinləşdirməsi üçün mühüm bir fürsət olacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Biz artıq bunun nümunələrini çox aydın şəkildə görürük. Türk dövlətləri birlikdə daha güclüdür. Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilmək potensialı çox yüksəkdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı