EN

Gələn aydan Rusiyaya gələnlərdən barmaq izləri tələb olacaq

Dekabrın 1-dən Rusiya ölkəyə daxil olarkən əcnəbilərdən biometrik məlumatların toplanması üzrə təcrübəyə başlayacaq. Bu barədə Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Eksperiment ideyası Nazirliyə məxsusdur və Baş nazir Mixail Mişustin artıq müvafiq sərəncam imzalayıb.

“Bu, geniş yayılmış dünya təcrübəsidir – bu cür şərtlər, məsələn, Şengen vizalarının alınması üçün uzun illərdir ki, qüvvədədir” – idarənin mətbuat xidməti bildirib.

2024-cü il dekabrın 1-dən 2026-cı il iyunun 30-dək eksperimentin birinci mərhələsi baş tutacaq. Moskva beynəlxalq hava limanları (Domodedovo, Şeremetyevo, Vnukovo), Jukovski hava limanı və Orenburq vilayətinin Maştakovo keçid məntəqəsi vasitəsilə daxil olan əcnəbilərin biometrik məlumatları birbaşa sərhəddə götürüləcək.

İkinci mərhələ 30 iyun 2025-ci ildən 30 iyun 2026-cı il tarixinə qədərdir: Rusiyaya vizasız giriş üçün əcnəbilər xüsusi ərizə vasitəsilə əvvəlcədən biometrik məlumatları təqdim edə və səfərin məqsədini göstərən ərizə yaza biləcəklər.

Bu qaydalardan istisnalar yalnız Belarus vətəndaşları, altı yaşına çatmamış uşaqlar, diplomatlar və Rusiyadakı xarici diplomatik və konsulluq müəssisələrinin əməkdaşları, habelə onların ailə üzvləri və beynəlxalq təşkilatların əməkdaşları üçün nəzərdə tutulub.

“Təcrübə uğurlu hesab olunarsa, belə qaydalar davamlı olaraq qüvvədə olacaq” – deyə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi yekunlaşdırıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 1-dən Moskva hava limanlarında əcnəbilər üçün barmaq izi və fotoçəkiliş proseduruna başlanılacaq.

Noyabrın 7-dən Rusiyaya gələn əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları üçün də yeni qaydalar qüvvəyə minib. Onlar dövlət genomik qeydiyyat məlumatlarının istifadəsinə aiddir.

Chosen
8
veteninfo.az

1Sources