Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) 12 noyabr 2024-cü il tarixindən etibarən Türkiyənin Konya vilayətindən diri quş əti, inkubasiya və yeməli yumurta, toyuq əti, toyuq məhsulları və bütün digər quşçuluq məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, qadağa Türkiyədə quş qripi hallarının artmasından sonra qüvvəyə minib. Eyni zamanda, Konyadan Rusiya üzərindən diri quş əti tranziti də dayandırılıb.
Türkiyədə noyabrın 2-də Konyanın Meram rayonunda yumurta istehsalı müəssisəsində quş qripi aşkarlanıb. Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi hadisəni “təcrid” adlandırsa da, quş qripinin Əskişəhərdə də müşahidə olunması yayılma riskinə diqqət çəkir.
Quş qripi xüsusilə suda üzən quşlar arasında geniş yayılan Qrip A (H5N1) virusunun yaratdığı xəstəlikdir. İnsanlara keçə bilən bu xəstəlik xəstə quşlarla yaxın təmasda və ya az bişmiş quş ətindən istifadə zamanı da keçə bilər.
“Rosselxoznadzor” Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına uyğun olaraq quş qripi viruslarından təmizlənmiş emal olunmuş məhsulların məhdudiyyətə daxil olmadığını açıqlayıb. Bununla belə, bitki mənşəli və kimyəvi cəhətdən sintez edilmiş yem əlavələri istisna olmaqla, quşlar üçün yem və yem əlavələri də məhdudiyyətlərə məruz qalır.