EN

Dünya Bakıdan təsirli qərarlar gözləyir

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) İqlim xidmətləri sektorunun direktoru Kristofer Hyuit dünyada bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq səylərini yüksək dəyərləndirib və Azərbaycanda keçirilən 29-cu iqlim sessiyasının müsbət nəticələrlə yekunlaşacağına əminliyini bildirib .

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə əsas maneə istixana qazları emissiyalarıdır. “Bərpaolunan enerji mənbələrindən istifadə böhranla mübarizəyə töhfə verir. Bu gün biz bərpaolunan enerji mənbələrindən enerji istehsalının payında aktiv artımı qeyd edə bilərik. Bununla belə, bəşəriyyətin hələ bu istiqamətdə qət etməli olduğu çox uzun yol var”, – deyə K.Hyuit bildirib.

ÜMT-nin nümayəndəsi təmsil etdiyi təşkilatın planetin ekologiyasının vəziyyətini əks etdirən hesabatların hazırlanmasını xatırladıb. O, bu sənədlərin siyasətçilərin diqqətinə çatdırıldığını, iqlim dəyişikliyinə qarşı mübarizə səylərinə, ekoloji böhranın aradan qaldırılması fəaliyyətinə töhfə verəcəyini də vurğulayıb.

O, həmçinin Yer kürəsində iqlim dəyişikliyinin modelləşdirilməsinin vacibliyinə diqqət çəkərək, tezliklə bu məqsədlər üçün təkcə superkompüterlərdən deyil, həm də süni intellekt texnologiyalarından istifadə ediləcəyini xatırladıb. K.Hyuit qeyd edib ki, artıq Bakıda keçirilən iqlim sammitinin ilk günündə təmsil etdiyi qurum bu ilin yanvar-sentyabr ayları üzrə təşkilatın ölçmə məlumatlarını əks etdirən ətraf mühitə dair yeni hesabatı təqdim edib. “Toplanan məlumatlara görə, 2024-cü il ölçmələr tarixində ən isti il olacaq” – deyən K.Hyuit əlavə edib ki, ÜMT-nin məlumatları təbii fəlakətlərlə bağlı erkən xəbərdarlıq olunmasında, eləcə də təbii sərvətlərin və əmlakın mühafizəsinin gerçəkləşməsində önəmli rol oynayacaq.

 

Chosen
21
xalqqazeti.az

1Sources