EN

"Moskvanı dəstəkləyir, Ərdoğanı təhqir edib, Qarabağa qanunsuz gəlib..." - Trampın namizədi Qabbard kimdir?

Ötən gün Donald Trampın Ağ Evdəki ikinci müddətə hakimiyyətinin komanda üzvləri bəlli olub. O, əsas vəzifələrə təyin olunacaq şəxslərin adını çəkib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Milli Kəşfiyyat direktoru vəzifəsinə irəli sürülən namizəd xüsusilə qalmaqal yaradıb:

 

“Tramp bu vəzifəni Nümayəndələr Palatasının keçmiş üzvü, keçmiş demokrat Tulsi Qabbarda etibar edəcəyini açıqlayıb. Tulsi İraq müharibəsinin veteranıdır və istefada olan podpolkovnikdir. Bu qadın demək olar, bütün məsələlər üzrə ABŞ-nin ənənəvi siyasətinin tam tərsi olan mövqeyə malikdir. Ukrayna müharibəsi ilə bağlı Moskvanın təbliğat tezislərini davamlı təkrarlayır, Bəşər Əsədə simpatiyasını gizlətmir. Trampın əksər təyinatları kimi Qabbard da erməni lobbisi ilə yaxın əlaqələrə malikdir və 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan XİN tərəfindən “qara siyahı”ya salınıb. Tulsi Qabbard Türkiyə Prezidenti Ərdoğanı “radikal islamçı meqalomanyak” adlandırıb və Ankaranı İŞİD-i dəstəkləməkdə ittiham edib.  Belə bir düşüncə sistemi olan şəxsin ABŞ-nin bütün kəşfiyyat strukturlarının fəaliyyətini əlaqələndirən və onlara ümumi rəhbərliyi həyata keçirən bir vəzifəyə sahib olması ağlasığmaz görünür, amma reallığa çevrilə bilər”.

 

Ş.Cəfərli qeyd etdi ki, baş prokuror-ədliyyə naziri vəzifəsinə irəli sürülən namizəd də odioz fiqurdur:

 

“Tramp bu vacib posta Nümayəndələr Palatasının üzvü Mett Getsi təyin edəcəyini açıqlayıb. Gets haqqında seksual qısnama, narkotik maddələrdən istifadə və digər iddialar hazırda Nümayəndələr Palatasının Etika komitəsində araşdırılır. Onun təyinatı təsdiqlənsə, barəsində cinayət iddiaları olan şəxs ittiham verən mövqeyə keçəcək. Hər iki nominasiya demokratlar və mötədil respublikaçılar arasında narahatlıqla qarşılanıb. Onlar ümid edirlər ki, Senat bu namizədləri rədd edəcək”.

 

Günay 

Chosen
12
sfera.az

1Sources