EN

Dövlət dəstəyi ilə birgə maliyyələşdirmə Mərkəzi Asiyanın enerji keçidini sürətləndirməsinə kömək edə bilər – UNESCAP

Daxili və beynəlxalq maliyyələşmə mənbələri, karbon qiymətləndirilməsi və emissiya ticarəti sxemləri kimi güclü dövlət dəstəyi, eləcə də özəl sektorun iştirakı Mərkəzi Asiyanın enerji keçidini sürətləndirmək, iqtisadi və iqlim hədəflərinə nail olmaq üçün zəruri kapitalı cəlb etməsinə kömək edə bilər.

Olaylar xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Mərkəzi Asiya enerji keçidinin unikal bir kəsişməsində yerləşir. Region həm qalıq yanacaqlardan asılı olan enerji sistemlərini transformasiya etmək kimi çətin bir vəzifə ilə üzləşir, həm də bərpa olunan enerji mənbələrinin böyük potensialından istifadə etmək imkanı əldə edir", - deyə o bildirib.

A.S.Alişahbana qeyd edib ki, elektrik şəbəkələrinə fokuslanmaqla regional enerji əlaqəsinin gücləndirilməsi dayanıqlığın və regionun enerji təchizatı təhlükəsizliyinin artırılmasının vacib vasitəsidir. 2021-ci ildə UNESCAP-a üzv dövlətlər enerji sistemlərinin inteqrasiyası və dayanıqlı inkişafı dəstəkləmək üçün baxış, prinsiplər toplusu və 9 strategiyanı özündə birləşdirən Regional Yol Xəritəsini təsdiqləyiblər.

"Transsərhəd enerji əməkdaşlığı və elektrik şəbəkələrinin birləşdirilməsi, inteqrasiya olunmuş elektrik təchizatı şəbəkələrinin inkişafı yolu ilə regionda bərpa olunan enerjinin inkişafına töhfə vermək üçün əsas əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ölkələri Tacikistanın hidroenerjisindən Xəzər dənizinin külək resurslarına qədər müxtəlif bərpa olunan resurslarından istifadəni optimallaşdıra bilər", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
50
olaylar.az

10Sources