EN

Azərbaycan regionda bərpa olunan enerji sahəsində strateji əhəmiyyətli layihələr həyata keçirir - Nazir

Azərbaycan regionda bərpa olunan enerji sahəsində strateji əhəmiyyətli layihələr həyata keçirir.

Olaylar xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Dünya iqlim və enerji sahəsində kritik bir mərhələyə qədəm qoyub. Bu dönüş nöqtəsində bir araya gələrək qlobal enerji gələcəyini müəyyənləşdirmək üçün tarixi bir imkan əldə edirik. Bu gün irəli sürülən təşəbbüslərlə bərpa olunan enerji mənbələrinə sürətli keçidə sadiqliyimizi nümayiş etdiririk.

Prezident İlham Əliyevin ekoloji təmiz enerjiyə keçidə verdiyi qəti dəstək sayəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonalarının yaradılması təşəbbüsləri, Xəzər dənizindən Avropaya yaşıl enerji tədarükü üçün diversifikasiya olunmuş enerji infrastrukturunun qurulması layihələri çərçivəsində ölkəmiz regionda bərpa olunan enerji sahəsində strateji əhəmiyyətli layihələr həyata keçirir.

Bu səylər yalnız Azərbaycanın təmiz enerji gələcəyinin qurulmasına deyil, həm də yaşıl enerjinin artımını sürətləndirmək və həm regional, həm də qlobal miqyasda maneələri aradan qaldırmağa yönəlmiş COP29 təşəbbüslərinin aparıcı qüvvəsi olmağa xidmət edir", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
1
olaylar.az

2Sources