EN

Fatih Terim Azərbaycana gəldi

Tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terim Azərbaycan çempionu “Qarabağ”ın dəvəti ilə bu gün ölkəmizə səfərə gəlib.

Arena.az xəbər verir ki, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək fəxri qonaqlardan biri məhz Fatih Terimdir.

Fəxri qonaq bu gün Bakıya gəlib. Onu “Qarabağ” klubunun rəsmiləri qarşılayıblar. Ağdam klubundan verilən məlumata görə, Fatih Terim Bakıda KİV nümayəndələri ilə də görüşəcək. Təcrübəli mütəxəssisin jurnalistlər üçün brifinqi sabah təşkil olunacaq.

Alyansın yaradılması ilə bağlı tədbirdən sonra keçiriləcək görüş Yaşıl zonada baş tutacaq. Terimin jurnalistlərlə görüşü saat 17:00-da başlayacaq. Brifinq bütün mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid), “Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da baş tutacaq. Mavi zonanın “Nəsimi” zalında keçiriləcək tədbir saat 14:00-da başlayacaq. Sözügedən tədbir Mavi zona üçün akkreditasiyadan keçmiş hər kəs üçün açıq olacaq.

Xatırladaq ki, tanınmış idman şərhçisi David Qarrido da “Qarabağ”ın dəvəti ilə ölkəmizə gələcək. “Sky sports”dakı şərhləri ilə milyonların sevimlisi olan aparıcı alyansı yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. İngilis və ispan dillərində şərhçilik bacarığına malik böyük britaniyalı bu sahədə 20 ildən artıq təcrübəyə malikdir. O, sabah baş tutacaq tədbirdə aparıcı olacaq.

Chosen
6
23
arena.az

10Sources