EN

“Özəl həyatdır”-, deyib susmayaq!

Dünya miqyasında zorakılıq, xüsusilə ailədaxili və cinsi zorakılıq, ciddi bir ictimai sağlamlıq problemi kimi tanınır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə hər üç qadından biri (təxminən 30%-i) ömrü boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Bu statistika, həm həyat yoldaşından, həm də digər şəxslərdən zorakılıq görən qadınları əhatə edir. BMT bildirir ki, hər il 87 min qadın qəsdən öldürülür və bu qətllərin 58%-i qadınların öz partnyorları və ya digər yaxın ailə üzvləri tərəfindən törədilir. Uşaqların zorakılığa məruz qalması da geniş yayılıb. UNICEF-in məlumatına görə, dünyada hər dörd uşaqdan biri müntəzəm olaraq fiziki zorakılığa məruz qalır. 2020-ci ildə dünyada təxminən 1 milyarda yaxın uşaq (2-17 yaş arası) emosional, fiziki və ya cinsi zorakılıqla üzləşib.

Zorakılıq, hər bir cəmiyyətdə rast gəlinən, lakin tez-tez sükutla ört-basdır edilən ağır bir problemdir. Bu, sadəcə fiziki güc tətbiqi ilə bağlı deyil; zorakılıq həm də psixoloji, emosional və hətta iqtisadi basqı formalarında da özünü göstərə bilər. İnsanlar arasında güc balansını dəyişdirən və qarşılıqlı hörməti sarsıdan bu davranış formaları, fərdlərdən tutmuş, cəmiyyətlərin strukturuna qədər geniş təsirlər yaradır. Zorakılıq, insanların özünə inamını və öz dəyərliliyini məhv edir, ailələri parçalayır və gələcək nəsillərə dərin izlər buraxır.

Ailədaxili zorakılıq isə bunların ən ağrılısıdır. Azərbaycanda ailədaxili zorakılığın geniş yayılması reallıqdır. Son statistikalara baxdıqda, hər beş qadından birinin həyatında ən azı bir dəfə fiziki zorakılığa məruz qaldığını görürük. Bundan əlavə, 2023-cü ilin məlumatlarına əsasən, zorakılığa məruz qalan qadınların 65%-i bu barədə heç kimə danışmır, yardım almağa belə cəhd etmir.

Bu vəziyyətin əsas səbəblərindən biri, qurbanların yaşadıqları qorxudur. Cəmiyyətin qınağı, ailə dəyərlərinin yanlış anlaşılması, qadınları sükut içində bu ağrını yaşamağa məcbur edir. Bəzən zorakılığa məruz qalanlar özlərini günahkar hiss edir, bəzən isə iqtisadi asılılıq, başqa çıxış yolu tapmamaq onların səsini boğur. Emosional zorakılıq isə, daha az görünən, amma bəlkə də daha dərin izlər buraxan bir formadır. Bu cür təzyiq, insanın psixoloji sağlamlığını məhv edir və onu tədricən gücsüz hiss etdirir.

Uşaqlar isə ailədaxili zorakılığın ən həssas qurbanlarıdır. Evdə şiddətə şahid olan uşaqlar, gələcəkdə travmalarla yaşamağa davam edir. Bəziləri bu travmaları gələcəkdə öz münasibətlərində yenidən təkrarlayır. Belə uşaqlar, zorakılığın normal bir davranış olduğunu düşünə bilərlər və bu, nəsildən-nəslə ötürülən bir problemə çevrilir.

Ailədaxili zorakılığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün rolu vacibdir. Qurbanların səsləri eşidilməli, onların təhlükəsizliyini təmin edəcək dəstək sistemləri yaradılmalıdır. Hüquqi tədbirlər yalnız başlanğıcdır; zorakılığın qarşısını almaq üçün ictimai dəstək, maarifləndirmə və təhsil də çox önəmlidir. İstənilən fərdin zorakılıq qurbanı olmaqdan qorunması üçün güvənli cəmiyyət mühitinin yaradılması zəruridir.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralının fikirlərini aldıq:

-Zorakılıq həyatımızın hər anında qarşılaşa biləcəyimiz davranış növüdür, amma ailəmizdə qarşılaşanda bir çoxumuz haqlı olaraq qəbul edə, varlığı ilə barışa bilmirik. Çünki ailə bizim ən güvəndiyimiz, ən məhrəm hesab etdiyimiz qalamızdır. Bütün bəlalardan, təhlükələrdən ailəmizə sığınaraq qorunuruq, ən tənha hiss etdiyimiz anlarda ailəmizin varlığını xatırlayıb kimsəsiz olmadığımızı anlayırıq. Ailəmizdə baş verənləri başqalarına danışmamağımız da onu məhrəm hesab etməyimizdən qaynaqlanır. Ailədaxili zorakılıq uzun illər gizli qala, ona məruz qalan ailə üzvləri bu vəziyyətdə çox uzun müddət yaşaya bilər. 

Təəssüf ki, ailədə zorakılıq aşkar olunanda, qanunla, təhrif olunmuş ənənəvi baxışlar bir-biri ilə təzad təşkil edir. Məişətdə zorakılığa "özəl həyatdır", "ər-arvad arasında belə şeylər olur", "atadır, özü bilər", "ərdir, arvadına istədiyi kimi davrana bilər", "yaxşı at özünə qamçı vurdurmaz", "pişik də balasını çox istədiyindən yeyir" kimi bəhanələrlə məişət zorakılığına haqq qazandılır. Lakin araşdırmalar göstərir ki ailədə zorakılıq görən şəxsi, məruz qaldığı vəziyyətdən daha çox bu cür yanaşmalar incidir. Buna görə də məişət zorakılığı  inkar edilməməli, ciddi formada araşdırılmalı və ciddi qəbul edilməli bir problemdir.

EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova:

-Məişət zorakılığı, ailənin bir üzvünün digər ailə üzvlərinə qarşı göstərdiyi zərərverici davranışladır. İnsanların məhrəm sahəsi və sığınacağı olan güvənli ailə mühiti, zorakılıq səbəbiylə, təhlükədə hiss edilən bir yer halına gəlməkdədir. Çünki zorakılıq, fiziki, emosional və ya cinsi olmasından asılı olmayaraq, insanların bədən sağlamlığına zərər vurmaqla yanaşı, mental sağlamlığını da təhlükə altına atan bir vəziyyətdir. Bunun üçün də zorakılıq halları görməzdən gəlinməməsi, inkar edilməməsi və önəm verilməsi lazım olan haldır. 
Şiddət, öyrənilə bilən və nəsildən-nəsilə ötürülə bilən bir davranışdır. Bunu, ailəiçi şiddətin olduğu mühitdə böyüyənlərin daha çox şiddət göstərməsində və  cəmiyyət tərəfindən şiddətin çox da pis olmayan, hətta zaman-zaman gərəkli olan davranış olaraq qəbul edilməsində görə bilərik.
Ailəiçi şiddət, daha çox qadınlara və uşaqlara yönəlikdir. Uşaqlar isə bu vəziyyətdən daha çox təsirlənməkdədirlər. Şiddətə şahidlik edən uşaqlar, qorxu, kədər hiss etməklə yanaşı şiddətdən dolayı özlərini məsul tutaraq, dərin günahkarlıq hissi yaşaya bilirlər. Bunun üçün də valideynlər bu vəziyyətin uşaqla əlaqəli olmadığını aydın şəkildə bildirməlidirlər. 
Ümumiyyətlə isə şiddətə məruz qalmaq travma olduğu kimi, şiddətə şahidlik etmək də travma yaradan faktorlar arasındadır. Bu cür yaşantılara məruz qalan uşaqların yetişkinlik dövründə müxtəlif şəkildə və dərəcədə mental sağlamlıq problemləri yaşaması təəssüf ki, qaçınılmaz ola bilir.
Məişət zorakılığının yalnız ailə üzvləri arasında həllini gözləmək olmaz; Bu qanun pozuntusudur və polisin müdaxiləsini tələb edən bir şeydir. Hər bir insanın zorakılıqdan qorunmaq hüququ var və buna Azərbaycan Respublikası Qanunvericiliyi ilə təminat verilir.

"Bu gün bizlər, ailələrimizdə, cəmiyyətlərimizdə sülhü və təhlükəsizliyi bərpa etmək üçün birlikdə çalışmalıyıq. Ailədaxili zorakılığa məruz qalan hər bir fərdin səsini eşidib, onlara dəstək olmalıyıq. Cəmiyyətin hər bir üzvü öz üzərinə düşən məsuliyyəti dərk etməli və bu problemə biganə qalmamalıdır. Hər birimizin səsi, bir ümid işığı ola bilər; zorakılığın əbədi sükutunu birlikdə sındıra bilərik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
39
olaylar.az

1Sources