EN

İqor Korotçenko: “Bu gün bütün dünya Bakı ilə nəfəs alır” – MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Tədbir bir çox məqamları ilə Beynəlxalq aləm üçün yaddaqalan və əlamətdar olub. Təsadüfi deyil ki, COP29-la bağlı dünya ölkələrinin liderləri, beynəlxalq ekspertlər də müsbət fikirlər səsləndirirlər.

Mövzu ilə bağlı Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko da Bizim.Media-ya müsahibə verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gia Xuxaşvili: “COP29 dünyanın firavan inkişafını müəyyən edən hadisə kimi tarixə düşəcək”


Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç, COP29 tədbirləri beynəlxalq aspektdən necə dəyərləndirsiz?

- Bakıda keçirilən COP29 konfransı 2024-cü ildə dünyanın ən böyük və ən mötəbər tədbiridir. Bu günlərdə Bakı faktiki olaraq dünyanın mərkəzinə çevrilib. Bu tədbirdə müzakirə edilən məsələlər əslində bütün dünya dövlətləri üçün taleyüklü məsələlərdir. Çünki bütün dünya qlobal istiləşmədən ciddi şəkildə zərər görür. Tədbiri maraqlı edən əsas məqamlardan biri də təşkilatçılıqdır. Azərbaycan öz təşkilatçılığı ilə dünyaya yeni “ev sahibi” modelini təqdim edir.

Əslində, bunda təəccüblü heç nə yoxdur. Çünki son illər Azərbaycan öz üzərinə çox məsuliyyətli beynəlxalq vəzifələr götürüb və bir qayda olaraq hamısını da uğurla həll edib. Bu mənada Bakının uğurla ev sahibliyi etdiyi müxtəlif məzmunlu və müxtəlif səviyyəli beynəlxlaq tədbirlərin böyük siyahısını çıxara bilərik. Etiraf etməliyik ki, Azərbaycan artıq beynəlxalq trendlərin əsas yaradıcısıdır. Ona görə də əminliklə demək olar ki, Bakı konfransı COP tarixinə ən mötəbər, ən böyük və ən əlamətdar tədbir kimi daxil olacaq.

- Bəzi ölkələrin COP29-u boykot etmək planı iflasa uğradı. Halbuki, bu tədbir Azərbaycanın yox, BMT-nin tədbiridir. Bu barədə nə deyə bilərsiniz?

- Bəzi güclər tərəfindən COP29-un baykot edilməsi üçün son bir ildə çox təxribatlara əl atıldı. Bunun da tək səbəbi düşmənçilikdir. Məsələn, Fransa bütün vasitələrdən istifadə edərək COP29-a kölgə salmağa çalışdı. Hətta prezident Makronun biləvasitə göstərişi ilə Fransanın xüsusi xidmət orqanları və gizli diplomatları bu işə səfərbər oldu. Həmin qüvvələr təkcə Fransanın yox, həm də Avropanın KİV-lərində Azərbaycana qarşı “qara piar” apardı və bu gün də bu təbliğat davam edir.

Rəsmi Parisin hədəfi o idi ki, digər dövlətlərin COP29-da iştirakı bu və digər şəkildə əngəllənsin. Ən əsası da Fransa müstəmləkəçiliyi altında olan ada dövlətlərinin liderlərinin Bakıya səfərini əngəlləmək üçün çox cəhdlər oldu. Təbii ki, bu işdə Ermənistan və erməni lobbisi də Makronun yanında idi. Amma bütün cəhdlər iflasa uğradı. Bütün aparıcı ölkələrin dövlət və hökümət başçıları, aparıcı Beynəlxlaq təşkilatların rəhbərləri Bakıya gəldi və belə səfərlər bu gün də davam edir. Mübaliğəsiz deyə bilərəm ki, bu gün dünya Bakıyla nəfəs alır. Azərbaycanın təşəbbüsləri və qətiyyəti COP29-a bir başqa rəng qatır.

- Məlumdur ki, ABŞ və bəzi Avropa dövlətləri atmosferə ən çox CO2 emissiyası atan ölkələrdir. Amma nədənsə bu ölkələr iqlimə vəsait ayırmaq istəmirlər. Hətta Tramp Paris sazişindən çıxacaqlarını deyir. Qərbin ədaləti budurmu?

- Bəli, bu gün atmosferi ən çox çirkləndirənlər inkişaf etmiş ölkələrdir. Məsələn, ABŞ atmosferə ən çox CO2 emissiyası atan ölkədir. Çünki ABŞ dünyanın ən böyük neft istehsalçısıdır. Bu ölkənin sənayesi də dünyada öncül yeri tutur. Bütün bunlarsa onu sübut edir ki, bəşəriyyəti fəlakətə sürükləyən ABŞ kimi ölkələrdir. Çox təəssüf ki, ABŞ və bir sıra Avropa ölkələri iqlim maliyyəsinə çox az maraq göstərir.

Kasıb ölkələrinə iqlim maliyyəsi ayırmaqdan müxtəlif bəhanələrlə boyun qaçırırlar. Halbuki, dünyada iqlimin korlanmasında ən çox pay sahibi məhz bu dövlətlərdir. Axı, kasıb ölkələr ekologiyaya necə ziyan vura bilər ki?! Temperaturun yüksəlməsində əsas günahkar inkişaf etmiş ölkələrdir.

Bütün bu ədalətsizlik fonunda Azərbaycan heyrətamiz qətiyyət və təşəbbüs göstərir. Bu da təsadüfi deyil. Çünki onilliklər boyu Ermənistanın Araz çayı vasitəsi ilə Azərbaycan təbiətini, ümumilkdə isə Xəzər dənizini kifayət qədər çirkləndirib.  Hesab edirəm ki, Xəzərətrafı 5 ölkə bu məsələyə xüsusi diqqət ayırmalı və Ermənistana qarşı prinsipial mövqe göstərməlidir.

- Sizcə, COP29 tarixə necə düşəcək?

- COP29 tarixə ən uğurlu iqlim tədbiri kimi düşəcək. Çünki Bakıda təkcə müzakirələr aparılmır, həm də konkret qərarlar qəbul edilir ki, iqlimə ayrılan vəsaitin həcmi dəfələrlə artırılsın. Yaxın günlərdə də biz bunun real nəticələrini görəcəyik. Amma bu tədbirdən əldə olunan nəticələr elə ilk gündən hər kəsi məmnun edir. Bütün bunlarsa Azərbaycanın artan beynəlxalq nüfuzuna xidmət edir. Bu da o deməkdir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı doğru yoldadır və öz lideri İlham Əliyevlə bundan sonra da hələ çox uğurlara imza atacaq.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
19
bizim.media

1Sources