EN

Ceyhun Bayramov COP29 çərçivəsində bir sıra dövlət və təşkilat rəsmiləri ilə görüşdü

15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra dövlət və təşkilat rəsmiləri ilə görüşüb.

Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə COP29 sədrliyimiz müzakirə olunub. Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Azərbaycan XİN rəhbəri bundan başqa İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əməkdaşlığın perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.

Ceyhun Bayramov daha sonra NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.

Görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub.

C. Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.

Bundan başqa C. Bayramov Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Maldiv arasında bir sıra, o cümlədən iqtisadi, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.

Görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Chosen
3
4
yenigundem.az

10Sources