EN

Parlament Görüşünün iştirakçıları Nevski Beynəlxalq Ekoloji Konqresinə dəvət edilib

COP29 çərçivəsində keçirilən Parlament görüşünün iştirakçıları Nevski Beynəlxalq Ekoloji Konqresinə dəvət olunub.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament Görüşü zamanı "İqlim öhdəliklərinin reallığa çevrilməsi: Parlamentlərin təsirlərin yumşaldılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsində rolu" mövzusunda keçirilən sessiyada bildirib.

"Biz mühüm beynəlxalq forum - Nevski Beynəlxalq Ekoloji Konqresini təşkil edirik. Bu tədbir 2025-ci ilin may ayında Sankt-Peterburqda keçiriləcək. Konqres iqlim, ətraf mühitin mühafizəsi və digər aktual mövzuların müzakirəsi üçün əhəmiyyətli ekspert platforması olacaq. Bugünkü müzakirələrin iştirakçılarını, nümayəndələri, ekspertləri və elmi ictimaiyyəti bu tədbirdə iştirak etməyə dəvət edirəm", - deyə o vurğulayıb.

Andrey Yatskin əlavə edib ki, cari ildə Rusiya BRICS-ə sədrlik edir və birliyin çərçivəsində iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və enerji keçidi məsələləri bütün nümayəndə heyətlərinin müzakirələrinin əsas hissəsini təşkil edib. BRICS tədbirlərinin yekununda qəbul edilən Kazan Bəyannaməsi iqlim dəyişikliyi parametrləri üzrə işlərin vacibliyini müəyyən edir.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
2
olaylar.az

3Sources