EN

"Dünyanın diqqəti Bakıda" - Millət vəkili yazır

Noyabrın 11-dən etibarən bütün dünyanın diqqəti Azərbaycandadır. Bakıda start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində 80-dən çox prezident, vitse-prezident və baş nazir, 196 ölkədən 72 mindən çox nümayəndə planetin ən aktual məsələlərini – qlobal iqlim dəyişikliklərinin yaratdığı müasir təhdidləri müzakirə edir, vəziyyətdən çıxış yolları arayır. Müşahidələr göstərir ki, dünya həqiqətən də iqlim sahəsində çox ciddi təhdidlərlə üz-üzə qalıb.

Müharibələr, təbii fəlakətlər, supergüclər arasında xammal və əlavə resurslar uğrunda gedən şiddətli mübarizə, planetin flora və faunasına vurulan sağalmaz zərbələr, enerji resurslarına artan tələbat, qlobal istiləşmə bəşəriyyəti məhvə doğru sürükləyir. Belə bir ağır durumda beynəlxalq birlik iqlim dəyişikliklərinə qarşı mübarizədə yekdillik göstərmədikcə, bir çox xalqlar, xüsusilə də ada-dövlətlər yox olmaq təhlükəsini yaşayacaqlar.

AZƏRBAYCAN VƏ COP: ƏSAS HƏDƏFLƏR VƏ TƏŞƏBBÜSLƏR

Azərbaycan yaxınlaşan təhdidləri görür, bu təhdidləri aradan qaldırmağın yollarını göstərir. Dünya ictimaiyyətini, aparıcı dövlətləri iqlim kataklizmləri ilə mübarizə məsələsində həmrəy olmağa çağırır. COP29 konfrası bu məramın ən ideal ifadəsidir. Ümumiyyətlə isə,

-ötən ilin dekabrında ölkəmizin COP29 konfransına ev sahibliyi etmək hüququ qazanması,

-iqlim maliyyələşməsi məsələsində dünya birliyinə etdiyi həmrəylik çağırışları,

-Azərbaycan tərəfindən gündəliyə iqlim problemlərinə həsr olunmuş 14 təşəbbüsün salınması

bəşəri təhlükələrə qarşı praktik fəaliyyət ortaya qoymaq istədiyimizi təsdiqləyir. Bəzi anti-Azərbaycançı qüvvələrin total qarayaxma kampaniyasına baxmayaraq, Prezident İlham Əliyevin qətiyyəti sayəsində COP29 zirvəsində bu günə qədər verilən strateji qərarlar Azərbaycan üçün həm diplomatik, həm də mənəvi anlamda böyük uğur deməkdir.

Azərbaycan COP29 konfransına ev sahibliyi missiyasını üzərinə götürərkən qazıntı yanacağı ölkəsi olaraq, yaxın gələcək üçün özünün də strateji fəaliyyət proqramını ortaya qoydu. Proqramda əsasən bu istiqamətlər əksini tapır. Birincisi, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir, bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. İkincisi, Bakı 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı hədəfləyir. Üçüncüsü, 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Dördüncüsü, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində milli hədəfləri yeniləyir. Milli hədəflərin reallaşmasının flaqmanı isə Prezident İlham Əliyev və onun irəli sürdüyü təşəbbüslərdir.

Bir sözlə, dünyanın üzləşdiyi iqlim problemlərinin həlli məsələsi bu gün Azərbaycanın liderliyi ilə müzakirə olunur. Prezidentin Bakı platformasından verdiyi mesajlar isə tək region deyil, ən kiçik ada-dövlətlərində və bütövlükdə, dünyada iqlim dəyişikliklərinə qarşı mübarizənin konseptual “yol xəritəsi”nin əsas konturlarına aydınlıq gətirir.

Azərbaycan tərəfi COP29-a mükəmməl təşkilatçılığı ilə seçilir və iqlim mövzusunda danışıqlar üçün konstruktiv platforma yaradır. İlk növbədə, iqlim maliyyələşməsi məsələsində tam konsensus COP zirvəsinin ən böyük uğuruna və qlobal iqlim problemləri ilə mübarizənin başlanğıcına çevrilə bilər. Lakin yeni maliyyə hədəfinə görə məsuliyyət yalnız Azərbaycanın üzərinə düşməməlidir. COP29-un təşkilatçısı olan BMT 2030-cu ilə qədər hər il iqlim maliyyələşməsi üçün 170 milyard dollar vəsaitin ayrılması hədəfinə çatmaq üçün inkişaf etmiş dövlətlərin razılığını almalı və “təbiətə ən çox zərər vuranlar” prinsipinə əsasən, həmin dövlətlərin rasional qərarlar verməsini stimullaşdırmalıdır.

BMT VƏ COP: G-20 QRUPU ÜÇÜN YENİ ÖHDƏLİK

Bakı iqlim sammitinə qatılan BMT-nin baş katibi Antonio Quterreşin bəyanatlarından da aydın oldu ki, enerji səmərəliliyini ikiqat artırmaq və səhralaşmanın qarşısının almaq həyati önəm daşıyır. Bunun üçün qlobal karbohidrogen resursları 30 faiz azaldılmalıdır. Hər bir ölkə daxilində enerji keçidi, dayanıqlı iqlim məqsədlərinə, iqlim dəyişikliyi tədbirlərinə uyğun olmalıdır. Bütün bunlar isə yerli şərait nəzərə alınaraq ortaq və eyni zamanda, paylaşılmış məsuliyyət əsasında reallaşmalıdır. Şübhəsiz, həmin proqramların icrasında əsas məsuliyyət G20 qrupunun üzərinə düşür. Çünki, qrupun üzvləri hazırda dünyada ən böyük emissiya edən ölkələr kimi tanınırlar. Statistikaya görə, hazırda dünyada çirklənmənin 90 faizi məhz inkişaf etmiş ölkələrin payına düşür.

Bəli, qlobal iqlim təhlükələri ilə səmərəli mübarizə üçün vaxt limiti daralır. Odur ki, hər bir dövlət iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmaq məsələsinə həssas yanaşmalıdır. Bakı platformasında 2015-ci il Paris razılaşmasının 6.4-cü bəndi üzrə şəffaf və etibarlı karbon bazarının yaradılması ətrafında əldə edilən razılıq beynəlxalq güclərin artıq hərəkətə keçdiyinin ilk işartısı da sayıla bilər.

ANTİ-AZƏRBAYCAN PROPAQANDASI VƏ BOYKOT PLANI

Qlobal iqlim konfransı ətrafında Qərbin siyasi mərkəzləri və media platformasında yaradılan ajiotaj bütün ölkələrin iqlim maliyyələşməsi prosesində fəal iştirak etmək istəmədiyini göstərir. Xüsusilə də, bir çox destruktiv qüvvələr qazıntı yanacağı ölkəsi adlandırdıqları Azərbaycana qarşı sərt ittihamlar səsləndirirlər. Əslində, bu ittihamların hansı mərkəzlərdə hazırlandığı məlum olsa da, motiv bəlli deyil. COP29 Azərbaycanın təşəbbüsü və yaxud Azərbaycanın daxili problemlərinə həsr olunmuş format deyil. COP tədbirinin əsas sahibi BMT-dir və BMT-də 200-dən çox dövlət təmsil olunur. Fransa, Niderland, Almaniya, Norveç, Ermənistan və bir neçə digər ölkənin Bakı konfransını boykot etməsi daha çox siyasi ambisiyalarla bağlıdır. Bunu Qərb media orqanlarında dərc olunan bəzi məqalələrin tezislərində də görmək olar. Məsələn, iddia olunur ki, Azərbaycan iqtisadiyyatının gəlirlərinin 90 faizi qazıntı yanacağından alındığı üçün bu ölkə COP sammitinə ev sahibliyi edə bilməz. Digərləri qeyd edirlər ki, Bakı COP29-dan iqlim problemlərinin deyil, özünün siyasi maraqlarını təmin etmək, eləcə də qazıntı yanacağı üzrə yeni müqavilələr imzalamaq üçün faydalanacaq. İsveçli eko-aktivist Qreta Tunberqin Qarabağ ermənilərinin guya “etnik təmizlənmə”yə məruz qaldığına dair iddia qaldıraraq etirazaksiyası keçirməsi isə presedentsiz hadisədir və əslində, iqlim dəyişiklikləri ilə əsla bağlı deyil. Daha çox tirajlanan iddialardan biri də ondan ibarətdir ki, guya Paris sazişi əleyhinə qazıntı yanacağı üzrə işlərin genişlənməsini dəstəkləyən 1700 nəfərlik lobbi qrupu çıxış edir.

Bütün bu əsassız tezislərə baxmayaraq, Azərbaycan COP29 sessiyası ilə bağlı təşəbbüslərini uğurla reallaşdırır. Artıq 1 həftəsi geridə qalan konfransda tərəqqi elementlərinin çoxluğu Prezident İlham Əliyevin cəsarətli və hədəfə ünvanlanan çıxışları ilə birbaşa bağlıdır. Azərbaycan liderinin bəşəri problemlərin həlli üçün atdığı səmimi və prinsipial addımlar cəmiyyətdə COP29-un ikinci həftəsinin də pozitiv tonda keçəcəyi və tarixi qərarların qəbuluna olan inamı artırır.

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə

Chosen
20
1
unikal.az

10Sources