EN

Bir fransızın etirafı: Və ya Makronu COP29-a görə sərt tənqid edən keçmiş nazir...

“Mən xatırlayıram, Ermənistan 1990-cı illərdə Qarabağa necə soxulmuşdu... Biz Ermənistanla çoxdanın dostuyuq, lakin bu o demək deyil ki, Ermənistan haqlıdır”. Bu sözləri Fransanın sabiq ətraf mühit naziri Bric Lalond (Brice Lalonde) “Franse 24” telekanalına müsahibəsi zamanı Bakıda keçirilən COP29 və rəsmi Parislə Bakı arasındakı gərginlikdən danışarkən deyib.

Başqa sözlə desək, cənab Lalond Azərbaycanı açıq şəkildə müdafiə edib və onun bu mövqeyi nəinki teleaparıcı üçün, eləcə də əksər fransızlar üçün də gözlənilməz olub. Çünki rəsmi Parisin (daha doğrusu, Makron hökumətinin) uzun illərdir ki apardığı anti-Azərbaycan təbliğatı bir çox sıravi fransızların “beyinlərinin yuyulması”na və onların ermənipərəst ovqata köklənməsinə səbəb olub. Ona görə də keçmiş nazirin Fransanın nüfuzlu televiziyalarından birinin efirinə çıxıb canlı yayımda Azərbaycanı müdafiə etməsi həqiqətən də gündüz vaxtı aydın səmada şimşək çaxması effektini verib.

Müsyö B.Lalondun cavabları (əslində həqiqətləri) sözün tam mənasında fransızları şok edib.

Onun açıqlamalarını ən çox təəccüblə qarşılayanlardan biri isə təbii ki, sabiq nazirdən həmin müsahibəni götürən teleaparıcının özü olub. Ermənilərin mövqeyindən çıxış edən sözügedən aparıcı keçmiş iqlim naziri Bric Lalonda ünvanladığı təxribatçı suala aldığı şok cavabdan heyrətlənib.

Aparıcının, “Biz COP 29-da ola bilərdik. Bilirsiniz ki, Azərbaycan Yeni Kaledoniyadakı proseslərə müdaxilə edir, Ermənistanla gərginlik içərisindədir. Siz bu barədə nə düşünürsünüz” sualına keçmiş nazir fransız hökumətini bu tədbirdə iştirak etmədiyinə görə tənqid edib və hətta Emmanuel Makronun dürüst olmadığını vurğulayıb: “Mən çox kədərliyəm ki, biz orada yoxuq. Hesab edirəm ki, cənab Makron Bakıya getməli və prezident Əliyevlə açıq danışmalı idi”.

Qarabağ və Fransa-Ermənistan münasibətlərindən danışarkən m-ö B.Lalond həmçinin keçən əsrin 90-cı illərininn əvvəllərində nazir olarkən Qarabağla bağlı proseslərin necə başladığının real şahidi olduğunu bildirib: “Bizim Ermənistanla uzun tarixə söykənən dostluğumuz var. Amma bu o demək deyil ki, Ermənistan haqlıdır. Yaxşı xatırlayıram, mən nazir olanda Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi. Əlbəttə, indi bir çoxları bunu unudub və onlar düşünürlər ki, Azərbaycan Qarabağı işğal edib. Xeyr, Azərbaycan öz ərazilərini azad edib, Qarabağı geri alıb və bu, beynəlxalq hüquq çərçivəsindədir”.

Olduqca səmimi tonda danışan B. Lalond müsahibəsinin sonunda hazırkı Fransa hökumətinin gənc nazirlərini Azərbaycan haqqında danışarkən diqqətli olmağa çağırıb. O, Fransa hökumətini, eləcə də COP29-da iştirakdan yayınan dövlət başçılarını da bu məsələdə Azərbaycanı dəstəkləmədiklərinə görə tənqid edib: “Yaddaşı olmayan bir çox fransız siyasətçiləri Azərbaycanla bağlı fikirlərində diqqətli olmalıdırlar. Mən hesab edirəm ki, Azərbaycan çox yaxşı ölkədir və bu ölkə KS-ni (iqlim sammitini) mükəmməl şəkildə təşkil etməyə çalışır, biz onlara bu işdə kömək etməliyik”.

Göründüyü kimi, Fransada və ümumən, bütün Qərbdə son 30-35 ilin tarixi və geosiyasi gerçəkliklərini yaxşı bilən və bu həqiqətləri auditoriyaya olduğu kimi, təhrifsiz çatdırmağa çalışan tək-tük obyektiv və vicdanlı insanlar da var. Lakin əfsuslar olsun ki, hazırda Qərbdə (xüsusən də Avropa İttifaqı ölkələrində) iqtidarda olan solçu-liberal qüvvələr öz cəmiyyətlərini propaqanda vasitəsilə zombiləşdirərək onları vicdanlı insanları dinləmək qabiliyyətindən az qala tamamilə məhrum ediblər.

Bunun nəticəsidir ki, indiki fransızlar 20-ci əsrin 60-cı illərinin (1968-ci il inqilab dövrünün) fransızlarından fərqli olaraq azad düşüncəli deyillər. Müasir fransızlar Makronun ideoloji təbliğat sisteminin əsirinə çevriliblər. Fransızlar həqiqətləri görməmək üçün gözlərini və qulaqlarını bağlayıblar.

Bəybala Mirzəyev

visiontv.az



Chosen
12
visiontv.az

1Sources