Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli tədbir keçiriləcək.
Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə təşkil ediləcək tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.
Paneldə nələr müzakirə ediləcək?
∙ Aviasiya sahəsində emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı qlobal tədbirlər;
∙ ICAO-ya üzv dövlətlərin və aviasiya sənayesinin 2050-ci ilə qədər “Xalis Sıfır” (Net Zero) məqsədinə nail olmaq üçün digər maraqlı tərəflər və maliyyə institutları ilə əməkdaşlıq imkanları;
∙ Mülki aviasiya sahəsində emissiyaların azaldılmasına yönəlmiş beynəlxalq siyasət və çərçivələrin daha çox inkişaf etdirilməsinə yaranan ehtiyac;
∙ “Xalis Sıfır” (Net Zero) hədəfinə nail olmaq üçün sənayelər, akademik dairələr, hökumətlər və beynəlxalq təşkilatların diqqət yetirmələri ən vacib sahələr.
Qeyd olunub ki, sözügedən tədbir Nəqliyyat Günü çərçivəsində keçiriləcək və panel-müzakirə COP29-da Mavi Zonaya giriş üçün akkreditasiyası olan hər kəs üçün açıq olacaq.
Bizim.Media