“Biz iqlim dəyişikliyinə qarşı mübarizədə bəzi ərazilərdə mühafizə tədbirlərimizi yönləndirmək üçün yerli təcrübələrdən istifadə edirik. Eyni zamanda, biomüxtəliflik proqramlarımızı istiqamətləndirməkdə də bu biliklərdən yararlanırıq”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Dominika Birliyinin sosial və iqlim ədalətinin müdafiəçisi Vitney Melinard deyib.
O bildirib ki, diqqət yetirmək istədiyi əsas məsələ yerli xalqların təhsili, onların bilik və ənənələrinin siyasətlərdə və müzakirələrdə tətbiq edilməsidir. V.Melinardın sözlərinə görə, qlobal problemlərlə mübarizədə təhsilin rolu mühüm əhəmiyyət daşıyır: “Yerli xalqlar olaraq sahib olduğumuz bilikləri toplamaq, bu bilikləri gənc nəsillərə ötürmək və onları məlumatlandırmaq üçün çalışmalıyıq. Beləliklə, yalnız güclü bir cəmiyyət deyil, həm də möhkəm bir ölkə qurmuş olarıq,” - deyə o qeyd edib.
Melinard əlavə edib ki, ölkəsinin yaşıl enerji keçidində üzləşdiyi əsas çətinlik maliyyə mənbələrinin çatışmazlığıdır.
“Xüsusilə kiçik ada dövlətlərinin, o cümlədən Dominikanın inkişafı üçün iqlim maliyyələşdirilməsinə ehtiyacı var. COP29-da keçirilən müzakirələrdə yerli xalqlar arasında daha çox həmrəylik görmək və Karib dənizinin yerli xalqlarının daha geniş tanınmasını təmin etmək istəyirəm,” - deyə o vurğulayıb.