EN

Füzulidə mərkəzi su anbarları tikilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliy Füzuli şəhərində xarici su təchizatı sistemləri və mərkəzi anbarlar tikir.

Publika.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihələrinin icrası intensiv qaydada davam etdirilir. 5 may 2023-cü il tarixində dövlət başçısının təməlini qoyduğu Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin birinci mərhələsi icra olunur.

Layihə 2040-cı ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. İlkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir. Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan mərkəzi su anbarları inşa edilir. Mənbədən götürülən suyun şəhərə çatdırılmasını təmin etmək üçün 10,7 km uzunluğunda magistral su kəmərinin inşası yekunlaşıb.

Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə növbəti mərhələdə Gövşadlı kəndi yaxınlığında 15 subartezian quyusu qazılacaq. Bu mənbə hesabına Füzuli şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi də içməli su ilə təmin olunacaq.

Layihə çərçivəsində Füzuli şəhərində 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək.

Chosen
577
50
publika.az

10Sources