Ötən ilin avqustunda onun bir şeirini XQ-də vermişdik. Bu yaxınlarda isə Sumqayıtda şair İbrahim İlyaslının övladının toyunda özü ilə tanış olduq. Tərcümeyi-halı şair, tərcüməçi, dilçi alim, türkoloq kimi təyinlərlə zəngin olan Xaqani Qayıblı illərdir ki, Estoniyada yaşayır. Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlıdır, oradakı Türk Dili Mərkəzinə rəhbərlik edir. Özü də Estoniya prezidentinin şəxsi tərcüməçisidir.
Düz 60 il əvvəl, martın 1-də Gürcüstanda – qədim Qaraçöp mahalının Ləmbəli kəndində dünyaya göz açmış Xaqani səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Estoniyaya göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alıb, sonra Ankara Universitetini bitirib.
Onun soyadı Qayıblı olsa da, təhsil və elm sahəsində heç vaxt “qayıbı” olmayıb, daim yorulmadan çalışıb. “Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” adlı elmi işi ilə dünya dilçiliyində fin-uqor və türk-tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran tək alimdir. Yazıları vaxtaşırı Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında dərc olunur. Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. Xaqani Qayıblının müxtəlif illərdə 40-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqaləsi, 5 kitab və 1 monoqrafiyası nəşr edilib. Bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi və iştirakçısı olub.
İndiyədək “Sənsiz ömrün bir ili”, “Qırx yaşım, qırx sözüm”, “Yenə canım söz gəzir” adlı şeir topluları, “Türkcə–estonca, estonca–türkcə turist sözlüyü” və sair kitabları onun bədii-elmi yaradıcılıq məhsullarıdır. Tərcüməçi kimi də geniş fəaliyyət göstərir. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş!”, Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi”, Tuna Kiremitçinin “Dualar qalıcıdır”, Bəhlul Abdullayevin “Hal arvadı” kitablarını və Anarın “Mən, sən, o və telefon” əsərini eston dilinə çevirib.
Sadəliyi, səmimiliyi ilə ilk baxışdan diqqət çəkən soydaşımız Azərbaycanı xaricdə layiqincə təmsil edir. Estoniya–Azərbaycan Cəmiyyətinin sədri, Estoniya–Türkiyə Mədəni Əlaqələr Cəmiyyəti İdarə Heyətinin, Akademik Şərqşünaslar Cəmiyyətinin və Jurnalistlər Akademiyasının üzvü, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin sədr müavinidir. Onun çoxşaxəli fəaliyyəti layiqli dəyərini alıb. 2000-ci ildə Türkiyə ilə Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafına göstərdiyi xidmətlərinə görə, Estoniyanın fəxri vətəndaşlığını alıb, Azərbaycan Prezidentinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə isə “Tərəqqi” medalı ilə təltif edilib.
İnişil Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayında qürur hissi ilə iştirak edən Xaqani Qayıblı bəlkə də bu misraları həmin gün yazmışdı:
Axır görüşdük, hər yerdə
İzimi tapdım Şuşada!
Qanı daşlara dağılan
Dizimi tapdım Şuşada!
Və jurnalistlər üçün ürək sözlərini belə ifadə etmişdi: “Bir neçə dəfə Dünya Azərbaycanlılarının qurultayında, müxtəlif tədbirlərində iştirak etmişəm. Bunların içərisində ən yadda qalanı, bəlkə də ən qürurvericisi V qurultay oldu. Həmin gün hamımızın ünvanı saf havalı Şuşa idi. Orada Böyük Zəfərimizi qeyd edirdik. Dünya Azərbaycanlılarının qələbəsini qeyd edirdik və möhkəm birliyimizi nümayiş etdirirdik. Bu qurultay mənim üçün həm də ona görə əlamətdar idi ki, qurultay ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev məni “Tərəqqi” medalı ilə təltif etdi. Həmin dövlət mükafatı mənə təqdim olunanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Bu, özəl mükafatlardandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın azad etdiyi Şuşa kimi şəhərdə “Tərəqqi” medalının təqdim olunması köksümü qabartdı. Bu etimad azərbaycanlı olaraq üzərimə daha çox məsuliyyət qoydu. Xarici ölkələrin vətəndaşı olmaq asandır, amma azərbaycanlı kimi yaşamaq çox çətindir. Davranışımız, atdığımız hər addım birbaşa mənsub olduğumuz xalqın adına yazılır”.
“Bəxtimlə düşdüyüm əlbəyaxadan, Əlimdə qürbətin yaxası qalıb”, – deyən şair Xaqani Qayıblı doğma yurdun bir çöpünü də Vətən sayır:
Ağlasam, gözümün yaşı sən oldun,
Danışsam, sözümün başı sən oldun…
Dünya bir üzüksə, qaşı sən oldun
A mənim qeyrətli elim, Qaraçöp!
Həmid Ormanlı deyir ki, Qaraçöpdə onun qonağı olanlara Xaqani Qayıblı həmişə köksünə sıxdığı qara sazı, dastanlarımızdan şirə çəkmiş şirin söhbətləri, qopuzun ahəngdar səsində cilalanmış şerləri ilə unudulmaz anlar yaşadıb
Gənc həmkarım Tural Adışirin isə onun 60 yaşına həsr etdiyi oçerkində yazır: “Xaqani Qayıblı türkün genetik kodunu, milli kimliyini ruhunda, canında daşıyan, türk dünyası ilə bağlı misilsiz işlər görən azman bir türk aydınımızdır”.
Ulu Xaqaninin adını layiqincə daşıyan müasirimiz Xaqani şeirlərindən birində yazır:
Sәndәn о tәrәfә… illәr ötüşә,
Nәqаrlı qış görәm, nәgüllü bаhаr.
Sәndәn о tәrәfәеlәhәmişә,
Bilәm ki, sәn аdlı əlçatmazım vаr!
Yaxşı ki, “Həbsiyyə”nin, “Mədain xərabələri”nin müəllifi olan ulu adaş babasından fərqli olaraq, onun üçün Vətən əlçatmaz deyil. İstədiyi vaxt gəlir, gəzir, həsrətini ovudur və qayıdandan sonra yenə da başımızı uca edir.
Bu yazını Xaqani Qayıblının bir ayrı şeirindən iki misralıq etirafı ilə bitirmək istəyirik:
Аkvаrium ömrü yаşаyа bilmәz
Оkеаn sеvdаlı iri bаlıqlаr...
Baltik sahillərində duyğulu bir ömür yaşayan könül adamına Xəzər sahillərindən salamlarla:
Əli NƏCƏFXANLI XQ