EN

Magistraturaya qəbul imtahanında 3 nəfər mümkün olan ən yüksək nəticəni göstərib

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib. İmtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 13-də olan olunub.
Mərkəzdən Trend-ə bildirilib ki, hazırda xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplaya bilərlər.
Bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
İmtahanda 3 nəfər 96 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən martın 18-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər martın 15-17-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Chosen
800
8
xalqcebhesi.az

10Sources