EN

Nə “Xan” var, nə də “Xəzər”... - KÖŞƏ

Ölkəmizdə daha bir futbol mövsümü başa çatdı.

“Qarabağ”la “Zirə” arasında əsl final statusuna layiq bir oyun izlədiyimi deyə bilərəm. Ağdamlılar 8-ci dəfə bu titulun sahibi oldu. Jurnalistlərin masası üzərinə ölkə kuboku ilə bağlı önəmli faktlardan ibarət məlumat kitabçası qoyulmuşdu. Bütün vacib məlumatlar burda əksini tapmışdı. Diqqətimi çəkən məqamlardan biri ölkə kubokunun 2023/24 mövsümündə son 16 ilin rekordunun qeydə alınması oldu. Belə ki, bu mövsüm ərzində qapılara 140 qol vurulub. Bu isə son 16 turnirin mütləq rekordudu. Sonuncu dəfə belə rəqəm 2007/08 mövsümündə qeydə alınıb. O zaman qapılara 180 qol vurulub, kubokun qalibi isə “Xəzər Lənkəran” olub. Lənkəran təmsilçisi həmin mövsüm rəqib qapılarına nə az, nə çox - 27 dəfə yol tapa bilib ki, bu da turnirin mütləq rekordudu. Həmin klub 2016-cı ildə fəaliyyətini dayandırdı.

Üzərindən 8 il keçməsinə rəğmən, hələ də “Xəzər Lənkəran”ın fəaliyyəti bərpa edilməyib. Ağ-yaşıl rənglərə könül verərnlər hər dəfə xırda ümidverici xəbərlərlə təsəlli tapmağa çalışır. Klubun fəxri prezidenti, “Palmali Holdinq”in sahibi Mübariz Mənsimov yalnız Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsini tərk edəndən sonra klubu bərpa edəcəyini bildirmişdi. Apreldə Rövnəq Abdullayev tutduğu postdan kənarlaşdı, onu gənc kadr Rövşən Nəcəf əvəzlədi. Bu zaman kəsiyində hələ ki klubun bərpası ilə bağlı heç bir rəsmi münasibət yoxdu. Klubun sadiq azarkeşlərini sevindirən yeganə məqam Lənkəran Mərkəzi Stadionunun təmirə bağlanması xəbəridi. Artıq martda təmirin başlayacağı deyilsə də, bu günə qədər heç bir iş görülməyib. Lənkəran səfərimdə həqiqətən də stadionun təmirə bağlandığını gördüm. Lakin bu vaxta qədər də heç bir işin görülməməsi daxildə inamsızlıq yaradır. Aylardı stadionun təmir-bərpası üçün smeta xərclərinin hesablandığı deyilir.

Hətta bir neçə gün əvvəl klubun sabiq icraçı direktoru Höccət Hacıyev mənə artıq smetanın hesablandığını, təxminən 4-4,5 milyon manat vəsait lazım olduğunu demişdi. Klubun sabiq rəsmiləri azarkeşlərə, sadəcə, səbirli olmaq, hər şeyin qanuna uyğun şəkildə yaxın müddətdə həyata keçiriləcəyi deyilir. Yaxşı şeylər zaman alır, təki elə olsun. Mübariz Mənsimovun sosial şəbəkə hesablarındakı “Xəzər Lənkəran” paylaşımlarına müsbət reaksiyası ümidləri bir qədər artırır. Buna baxmayaraq, heç bir rəsmi münasibətin bildirilməməsi yenə də şübhə doğurur. Çünki bir neçə il əvvəl də Region Liqasında çıxış edən “Xan Lənkəran”ın “Xəzər Lənkəran” adını bərpa edərək çempiontda mübarizə aparacağı deyilirdi. Fəqət indi nə “Xan” var, nə də “Xəzər”. İndi də klubun geri dönəcəyi ilə bağlı rəsmi və qeyri-rəsmi xəbərlər günbəgün tirajlanmaqdadı. İndi kimə inanmaq, nəyə ümid etmək olar - bəlli deyil. Ölkə futboluna həm oyun, həm də azarkeş baxımından rəng qatan komandanın yoxluğu üzücüdü. Qeyri-müəyyən xəbərlər isə getdikcə şayiələrə çevrilir.

Mövcud reallığı nəzərə alsaq, klubun sabiq mətbuat katibi Hüseyn Cəbrayıloğlunun da dediyi kimi, stadionun təmirə bağlanması “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmasından indiyə qədər klubla bağlı ən pozitiv məqamdı. Lənkəran futbolu haqq edir. Azarkeşlər isə yenidən tribunalara qayıtmaq, komandaya dəstək olmaq üçün səbirsizlənirlər.

KAMAL SƏFƏR

Chosen
198
football-plus.az

1Sources