EN

2024-cü ilin dövlət büdcəsində sosial müdafiə xərcləri artırılıb

2024-cü ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4542,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2023-cü illə müqayisədə 226,3 milyon manat və ya 5,2 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1077,8 milyon manat və ya 31,1 faiz çoxdur.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,4 faiz (2023-cü illə müqayisədə 0,6 faiz-bənd çox), ÜDM- də xüsusi çəkisi isə 3,8 faiz (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox) təşkil edəcək.

2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 faiz-bənd, mütləq ifadədə isə 1429,6 milyon manat və ya 45,9 faiz çoxdur.

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsinin layihəsində 2630,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2023-cü illə müqayisədə 649,6 milyon manat və ya 32,8 faiz çoxdur.

Artımın əsas səbəbi 2023-cü ildə sosial müavinətlərin və təqaüdlərin miqdarının artırılması ilə əlaqədar 2024-cü ildə maliyyə təminatının yaradılması (357.3 milyon manat), həmçinin, sosial müavinət və təqaüd alanların sayının, ehtiyac meyarı həddinin artımı ilə bağlı xərclərin maliyyələşdirilməsi (230,0 milyon manat), bir çox sosial müavinət və təqaüdlərin Naxçıvan Muxtar Respublikasının büdcəsindən çıxarılaraq mərkəzləşdirilmiş xərclərdə (62,3 milyon manat) əks etdirilməsi olub.

Chosen
197
1
apa.az

10Sources