Bakıvaxtı.az-ın “Tarixə düşənlər” rubrikasının budəfəki qonağı görkəmli politoloq Zərdüşt Əlizadədir.
Onunla müsahibəni təqdim edirik.
Azərbaycan və Ermənistanın barışmasını istəməyən beynəlxalq qüvvələr canfəşanlıq edirlər
- Son günlərdə Ermənistan Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədir. Sizcə, sülhə yaxınlaşma mərhələsində bu təxribatlar niyə baş verir, kimlər prosesi körükləyir?
- Qarşıdurma ətrafında xarici dövlətlərin maraqları var. Hərə bulanıq suda öz balığını tutmağa çalışır. Azərbaycan və Ermənistan tərəfi razılığa gəlmişdi ki, hansısa tərəfdən atəşkəsin pozulması qeydə alınarsa, cavab atəşi açılmayacaq. Tərəflər məsələni danışıqlar masasında həll edəcəklər.
İki dəfə Ermənistan tərəfi təxribata əl atdı. Azərbaycan qarşı tərəfə məlumat verdi ki, sizin tərəfdən atəşkəs pozulub. Biz bir güllə belə atmamışıq, amma sizin tərəfdən güllələr yağdırılıb. Ermənistan da məsələni ayırd edib, üzr istəmişdi. Bəyan etmişdi ki, bu, orduda intizamın pozulmasıdır. Əmr olmadan hansısa korpusun əsgəri atəş açıb və biz hesab edirik ki, bu, düzgün deyil.
- Amma son təxribatın miqyası geniş idi...
- Baxın, son təxribat nəticəsində Azərbaycana nə hərbi, nə siyasi, nə də mənəvi ziyan dəyib. Azərbaycan tərəfi bu təxribatla bağlı da qarşı tərəfi bilgiləndirməlidir. Son təxribatı dinc müstəvidə yoluna qoymaq olar. Çünki bir çox əlamətlər göstərir ki, Azərbaycan və Ermənistanın barışmasını istəməyən beynəlxalq qüvvələr canfəşanlıq edirlər.
Bir-iki gün əvvəl bir məlumat yayıldı ki, İran Ermənistana 500 milyon dollarlıq silah, raketlər, hava hücumundan müdafiə qurğuları, 3 növ dron verib. Bilirsiniz bu xəbəri oxuyanda nə fikirləşdim?
- Nə düşündünüz?
- Hazırda İrana Azərbaycanla münasibətləri korlamaq, pisləşdirmək lazımdır? Xeyr! Rəsmi Tehran çalışır ki, Azərbaycanla münasibətləri tənzimləsin. Azərbaycanlı İranda prezident seçildi və bildirdi ki, İranda Azərbaycan dilinin nüfuzu artırılmalıdır, məktəb açılmalıdır. Oradakı səfirliyimiz fəaliyyətini bərpa etdi. Ondan əvvəl də mərhum sabiq prezident İbrahim Rəisi Azərbaycan prezidenti ilə razılığa gəlmişdi. Belə bir şəraitdə İranın nəyinə lazımdır ki, Ermənistana yarım milyonluq silah versin. Bu xəbəri yayan informasiya agentliyi İsrailin kəşfiyyat orqanları ilə sıx bağlıdır.
- İsrail tərəfi bu məlumatı hansı niyyətlə tirajladır?
- Əlbəttə ki, rəsmi Təl-Əvivə Azərbaycan-İran münasibətlərinin inkişafı əl vermir. İsrail istəyir ki, Azərbaycanla İran daim düşmən qalsın. Bu məqsədlə də İranın Ermənistana silah verməsini zaman-zaman gündəmə gətirir. Beynəlxalq vəziyyətdən məlumatı olan adam kimi deyirəm ki, hazırda İran təşviş və intizardadır ki, nə zamansa, Amerika İsraillə əlbir olub, İrana hücum edəcək. İsrail daim vəziyyəti gərginləşdirməyə çalışır. Təxribatlara əl atır ki, İranı savaşa məcbur eləsin və Amerikanı da meydana sövq eləsin. Belə bir şəraitdə İran hansı ağılla Ermənistana yarım milyard dollarlıq silah verir. İran öz canının hayındadır, özünün müdafiəsini düşünür. Hesab edirəm ki, belə təxribat xarakterli məlumatlara uymaq lazım deyil.
- Bir sözlə, demək istəyirsiniz ki, İran artıq “ayılıb” və Ermənistanın yanında deyil...
- Ermənistan bəyan edib ki, konstitusiyalarını 27-ci ildən əvvələ dəyişə bilməzlər. Yaxşı, bunu anladıq. Hazırda bizə Ermənistan tərəfdən hansısa təhlükə gəlmir. Torpaqları azad etmişik. Bərpa edirik, tikirik, camaatı köçürürük. Demarkasiya və delimitasiyaya dair işlər gedir. Baş nazirlərin müavinləri səviyyəsində aidiyyəti komissiyalar işləyir. Bir Zəngəzur yolu qalıb. Bizim dəmir yolu Zəngilana gəlib çatmayıb. Deyilənə görə, ilin sonunda çəkib qurtaracağıq.
Bundan əlavə İran-Türkiyə, Azərbaycan arasında razılaşma əldə olunub ki, lazım olsa, dəmir yolu İrandan keçəcək.
Biz çıxılmaz vəziyyətdə qalmamışıq. Bakı-Tiblisi-Qars dəmir yolu ilə bir milyon ton yükü daşıyırıq. Nəzərdə tutulub ki, bunu 5 milyona çatdırmaq lazımdır, amma beynəlxalq yüklər hələ heç 5 milyon tona çatmayıb. Hesab edirəm ki, “qaşınmayan yerdən qan çıxarmaq” ya bədxahların, ya da cahillərin işidir.
Ermənistan sadə həqiqətləri anlayıb, Azərbaycan və Türkiyə ilə bağlı siyasətini dəyişsə...
- Amerika Ermənistanda hərbi təlimlər başladır, Nikol Paşinyan Fransa prezidenti ilə səmimi görüşlər keçirir, ailəvi fotolar paylaşır. Fransanı özünə qardaş hesab edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da məhz bu prosesi nəzərə alaraq, bəyan edib ki, Rusiya Ermənistanı qardaş ölkə sayır və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrar etməyəcək. Sizcə, Rusiyanın növbəti hədəfi Ermənistandırmı?
- Mən onu görürəm ki, nə Rusiya, nə Ukrayna, nə də Ermənistan hökumətləri ağıllı siyasət yürüdürlər. Rusiya ilə Ukrayna hökumətləri ağıllı siyasət yürütsəydilər, onlar müharibə aparardılarmı, bir-birilərini bombalayıb, qırardılarmı? Onlar ağılsızdırlar ki, özlərini bu vəziyyətə saldılar. Dünən iki qardaş olan xalq, dövlət bu gün düşməndir, bir-birini qırır. Amerika da kənardan baxıb, ləzzət alır, düşünür ki, iki xalqı düşmən etdim, ikisi də haldan düşüb, yüz minlərlə insan ölüb. Amerika arada Ukraynaya bir balaca silah verir ki, get müharibəni davam etdir. Rusiya isə inkişaf haqqında düşünmür. Bütün gücünü hərbi sənayeyə verib. Tank, təyyarə, mərmi haqqında düşünür, xalqın rifahı yoxdur, dövlətin inkişafı müşahidə olunmur. Rusiya yalnız ölüb-öldürməyi düşünür. Digər tərəfdən, ay Ermənistan, səni Qərbdə gözləyən müsbət var? Sən Rusiyanın aləti olanda Rusiya sənə silah da verirdi, pul da.
- Rusiya Ermənistana bu yardımları nəyə görə edirdi?
- Ona görə ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etsin, bizi Rusiyadan asılı vəziyyətdə saxlasın. Amma Azərbaycan ağıllı davrandı, torpaqlarını azad etdi. Əgər Ermənistanın bu siyasəti ağıllı idisə, niyə bu duruma düşürdü? Deməli, siyasəti dəyişmək lazımdır.
Yaxın qonşularla barışsalar, Amerika, Fransa və Rusiyaya ehtiyacı qalmazdı. Ermənistanın cəmi 4 qonşusu var. İran və Gürcüstanla münasibətləri nisbətən yaxşıdır. Azərbaycan və Türkiyə ilə əlaqələri yaxşı deyil. Bu da onun şərti mövqeyindən irəli gəlir. Azərbaycanın ərazilərini işğal etmisən, Türkiyəyə qarşı da ərazi iddiası irəli sürmüsən. Yəni Türkiyəyə təzyiq göstərilməsi üçün şərait yaradırsan. Avropa, Amerika erməni amilindən istifadə edib, rəsmi Ankaraya qarşı təzyiq siyasəti yürüdürlər. Ay Ermənistan, sən nə vaxta qədər alət olacaqsan? Nə vaxta qədər ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edib, erməni xalqını bədbəxt edəcəksən?
Ermənistan Türkiyə üçün narahatlıq və qıcıq mənbəyidir. Vəziyyət gərginləşən kimi Avropanın Türkiyəyə yersiz təzyiqləri başlayır. Amma Türkiyənin Ermənistanla işi yoxdur, əksinə Ermənistanın Türkiyə ilə işi var. Türkiyə bir həmlədə Ermənistanı çökdürər, amma etmir, çünki beynəlxalq hüquq və tarixi ənənə var. Ermənilər osmanlıların içərisində yağ-bal içərisində yaşayıblar. Onlara güldən ağır söz deməyiblər. Ermənilər başqa dövlətlərin alətinə çevrilib, cinayət törətməyə başlayanda cəzalarını alıblar.
Ermənistan sadə həqiqətləri anlayıb, Azərbaycan və Türkiyə ilə bağlı siyasətini dəyişsə, çox sürətlə inkişaf edər. Türkiyə və Azərbaycan bazarları Ermənistan malları üçün açılar. Türk biznesmenlər gedib, Ermənistanda layihə həyata keçirər. Ermənistan qazı Rusiyadan deyil, Azərbaycandan ala bilər. Azərbaycan ona dünya bazarındakı qiymətlərə uyğun qaz satar. İrəvan əriyini 2 min kilometr uzaqda yerləşən Moskvada deyil, 500 km uzaqlıqda olan Bakıda satar. Kartofu gətirib, Azərbaycanda bazarlayar. Bizim Ermənistanla bölə bilmədiyimiz məsələ yoxdur. Sənayeni, kənd təsərrüfatı və turizm sahələrini inkişaf etdirə bilərik. Təsəvvür edin ki, Bakı, Tiflis, İrəvan arasında turistik marşrut var. Görün bu, nə qədər maraqlı olar. Münasibələtləri yaxşılaşdırmaq üçün amillər çoxdur, sadəcə Ermənistanın iradəsi çatmır.
Amerika, Avropa Cənubi Qafqaza nüfuz edib, at oynatmaq iştahasına düşüblər
- 3+3 formatı (Rusiya, İran, Türkiyə, digər tərəfdən isə Azərbaycan, Gürcüstan və Ermənistan) vardı. Bir zamanlar bu formatla bağlı qaynar müzakirələr, bəyanatlar verilirdi, indi isə sükut çöküb. Bu layihə “ölü doğuldu”?
- Xeyr, elə deyil, bu yaxınlarda Türkiyədə 3+3 formatında növbəti görüşün keçirilməsi nəzərdə tutulub. Məntiqlə yanaşanda 3+3 çox uğurlu formatdır. Cənubi Qafqazda 3 respublika var və bu 3 respublikanı da 3 böyük dövlət (Türkiyə, Rusiya, İran) əhatə edir. Amma məlum formatın qarşısında gerçək maneələr var.
- Hansı əngəllərdən söhbət gedir?
- 3 Cənubi Qafqaz ölkəsinin 2-si Azərbaycanla Gürcüstan dostdur, lakin Azərbaycanla Ermənistan münasibətləri normal deyil. Gürcüstanla Ermənistanın münasibətləri normaldır. Ermənistan üçün Gürcüstan dünyaya çıxış yoludur. Azərbaycan-Ermənistan əlaqələrinin tənzimlənməsi ilə bu iki Cənubi Qafqaz respublikası öz beynəlxalq əhəmiyyətlərini ciddi şəkildə artıra bilərlər.
Digər 3-lüyə gəlincə, demək, İranla hər üç Cənubi Qafqaz respublikasının münasibəti normaldır. Türkiyə ilə Ermənistanın münasibəti pisdir. Əgər Azərbaycanla Ermənistan arasında münasibətlər tənzimlənsə, Ermənistanla Türkiyənin də əlaqəsi yaxşılaşacaq. Bu zaman artıq 3+2 ağlabatan bir format yaranır.
Azərbaycan və Ermənistanın Rusiya ilə münasibəti normaldır, lakin Gürcüstanın Rusiya ilə əlaqəsi normal deyil, çünki şimal qonşumuz Gürcüstanın 20 faiz ərazisini işğal edib. Onların müstəqilliyini tanıyıb və Gürcüstana qarşı düşmən siyasəti yürüdür. Rus tankları Gürcüstan ərazisindədir. Əgər Rusiya 3+3 formatını canlandırmaq istəyirsə, zəhmət çəkib, işğal etdiyi Gürcüstan torpaqlarından geri çəkilsin. “Müstəqil dövlətlər”in tanınması qərarını ləğv et, əksinə Abxaziya və Cənubi Osetiyaya təsir göstərə biləcək bir dövlət kimi, beynəlxalq hüquq müstəvisində qəbul edilmiş birgəyaşayış qaydalarını tətbiq et. Rusiya bunu etsə, Gürcüstanla münasibəti bərpa olunacaq. Bundan sonra 3+3 formatı işə düşəcək. Xəritəyə baxsaq, bu, çox cazibədar bir formatdır. Amma bunu istəməyən qüvvələr mövcuddur.
- Kimlərdir?
- Uzaqda oturub, dişlərini Cənubi Qafqaza qıcamış Amerika, Avropa bunu istəmir. Özləri Cənubi Qafqaza nüfuz edib, at oynatmaq iştahasına düşüblər. Belə olan halda da regiona ziyan dəyir axı.
Dəbli kostyum geyinmək, ingiliscə danışmaq, qalstuku yaxşı bağlamaq yaxşı deputat olmaq anlamına gəlmir
- Bu il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi baş tutacaq. Gözləntilər var ki, parlament yeni heyətlə, yeni vitrinlə gələcək.Sizcə, Milli Məclisə seçilən deputat modeli necə olmalıdır?
- Parlamentin keçən tərkibində Erkin Qədirli vardı. Onun siyasi iddası yoxdur, amma savadlı hüquqşünasdır. O, Avropakı görüşlərdə danışanda avropalılar təəccüblənirlər. Ağıllı və demokratik fikirlərlə çıxış edir, onun fonunda Azərbaycana hörmət artır. Ümid edirəm ki, budəfəki tərkibdə də Erkin kimi savadlı adamları görəcəyik.
Bundan başqa, Rasim Musabəyov da savadlı deputatdır. Ola bilsin, bu dəfə də Erkin və Rasim kimi savadlı mütəxəssislərin sayı artacaq. Erkin və Rasimin siyasi iddiası yoxdur, onlar vəzifə istəmirlər. Sadəcə parlamentdə olmaqla öz vətənlərinə xidmət edirlər. Ümid edək ki, növbəti seçkidə bu cür deputatların sayı 20 və 30-a çatacaq.
Dəbli kostyum geyinmək, ingiliscə yaxşı danışmaq, qalstuku yaxşı bağlamaq, saqqal saxlamaq hələ yaxşı deputat olmaq anlamına gəlmir. Millət vəkili gecə-gündüz çalışmalıdır ki, vətəni və seçicilərinə ləyaqətlə xidmət göstərsin.
- Rasim Musabəyovun adını çəkdiniz. Yeri gəlmişkən deyim, sizi və Rasim Musabəyovu “Rusiyanın adamı” adlandırırlar...
- Bu, kökündən yanlışdır. Mən sizə izah verim. 1990-cı ilin əvvəllində Xalq Cəbhəsinin banisi, elm idarəsinin üzvü olaraq, deyirdim ki, Rusiya ilə münasibətlər normal olmalıdır. Rusiyaya arxa çevirməyin, “anamızı ağladarlar”, Qarabağı alarlar. Mən bunu deyəndə kəmsavad, kəmfürsət vəzifə hərisləri vardı, məni gözdən salmaq üçün addım atırdılar. Mənsə, sadəcə demişdim ki, Rusiya ilə münasibətlər yaxşı olmalıdır. Baxın, indi Qarabağ hansı şərtlərlə azad edildi. Azərbaycan Rusiya ilə normal münasibət qurdu və məsələni həll etdi. İllər əvvəl bunu deyəndə, məni bir nömrəli ruspərəst adlandırdılar. Hətta iş o yerə çatmışdı ki, Aqil Abbas mənə xalqın içərisində dedi ki, Zərdüşt bəy, sən nə vaxt Azərbaycana işləyəcəksən? Bəsdir Rusiyaya işlədin! Mən ona cavab vermədim.
İndi də Rasim haqqında deyirlər ki, guya o, ruspərəstdir. Ruspərəst olub, neynəyib? Rasim deputatdır, rus dilini də yaxşı bilir. SSRİ dönəmində Moskvada işləyib. Siyasi səviyyəsi İttifaq səviyyəsindən yuxarıdır. Lazım olanda onu göndərirlər MDB ölkələrinin parlamentinə. O da müzakirələr zamanı Azərbaycana qarşı olan deputatları susdurub, qayıdır və sakitcə yerində oturur. Onu ruspərəstlikdə ittiham edənlər siyasətdən başı çıxmayan adamlardır.
Bu müsahibəni oxuyanda da deyəcəklər ki, Zərdüşt ruspərəstdir. Ruspərəst olub, neynəmişəm?!
Rasim və Erkin kimi savadlı kadrların qədrini bilmək lazımdır. Mən 5-6 nəfər belə kadr tanıyıram, yəqin hökumət də tanıyır. Parlamentdə 20 nəfər belə savadlı adam olsa, yaxşı olar. Elə deputatlar var ki, parlamentə ona görə gəlir ki, mandatdan istifadə edib, şəxsi biznesini qorusun, inkişaf etdirsin, balalarını, qohum-əqrabasını yağlı vəzifələrə yerləşdirsin, camaatın cibinə girsin. Bu adamların parlamentə heç bir faydası yoxdur.
Aydın Baxış