Türkiyə və Ermənistanın Xüsusi Nümayəndələri iki ölkə arasında diplomatik pasport daşıyanlar üçün viza sadələşdirilməsinə razılaşıblar.
Bu barədə hər iki ölkənin rəsmi qurumları məlumat verib.
Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da sərhəddə, Alican-Marqara sərhəd keçid məntəqəsində görüşüblər.
Onlar iki ölkə arasında dəmir yolunun fəaliyyəti üçün lazımi texniki tələblərin qiymətləndirilməsinə də razılaşıblar.
Türkiyə təmsilçisi Serdar Kılıç sosial media hesabında yazıb ki, onlar səhər Ermənistan, günortadan sonra Türkiyə tərəfində görüşüblər.
“Biz normallaşma prosesinin bütün aspektlərini və daha da inkişaf etdirilməsi imkanlarını konstruktiv anlayışla müzakirə etdik”, - o yazıb.
Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan isə sosial media hesabında həmkarı ilə görüşü müsbət qiymətləndirib.
“Əvvəllər əldə edilmiş razılaşmaları bir daha təsdiqlədik. Və iki ölkə arasında dəmiryolunun aktivləşdirilməsi üçün tələb olunan texniki qiymətləndirmə də daxil olmaqla, yeni etimad quruculuğuna razılaşdıq”, Rubinyan qeyd edib.
Bu, tərəflər arasında 5-ci görüşdür.
Videoya YouTube kanalımızda baxın.