Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib:
"ABŞ-nin Cənubi Qafqazda maraqları Rusiya ilə toqquşmaqdadır. Bu, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədədir. Artıq Cənubi Qafqazda nüfuz uğrunda ABŞ ilə Rusiya arasında bir savaş gedir. Ermənistan isə bu savaşın alətidir. ABŞ-nin əlində alətə çevrilərək Rusiya əleyhinə kampaniya və qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır. Bu da Rusiyanın strateji marağına ziddir. Qafqaz Rusiya üçün xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Rusiyanın cənub cinahının açıq olması Rusiyanın dünya bazarına çıxması, xüsusilə də İran, Türkiyə ilə əlaqələrin genişləndirilməsi üçün vacib məsələdir. Cənubi Qafqazda isə aparıcı dövlət Azərbaycandır. Azərbaycanla Rusiya arasında münasibət həm siyasi, həm iqtisadi sahədə geniş inkişaf etməkdədir".
Siyasi şərhçi qeyd edir ki, Qərb Cənubi Qafqaz respublikalarını Rusiya əleyhinə istifadə etmək istəyir, xüsusilə də Azərbaycanı:
"Azərbaycan isə öz dövlət və milli maraqlarından çıxış edərək balans siyasətini həyata keçirməkdədir və böyük güclərin əlində alətə çevrilib, qonşularla düşmənçilik siyasətinin həyata keçirilməsinin əleyhinədir. Dəfələrlə Azərbaycan tərəfi bəyan edib ki, Azərbaycan üçüncü dövlətin əlində alətə çevrilməyəcək. Nə İran, nə də Rusiya əleyhinə istifadə etmək üçün Azərbaycan vasitə olmayacaqdır. Bu baxımdan başda ABŞ olmaqla Qərbin Cənubi Qafqazda maraqları olduğuna görə Ermənistanda fokuslanır. Paşinyanın əlini həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan gücləndirir ki, Paşinyan uzun müddət hakimiyyətdə qalsın. Paşinyan isə bu qüvvələrdən istifadə edərək Azərbaycana təzyiq etmək istəyir. ABŞ-nin maraqları ilə ermənilərin maraqları üst-üstə düşür. ABŞ Ermənistan üzərindən Azərbaycana təsir etmək istəyir ki, Rusiya ilə düşmənçilik siyasəti həyata keçirək. Bu, yolverilməzdir. Bu baxımdan Ermənistan yenə də alət kimi istifadə edilir. Bu gün ABŞ-nin hərbi kontingentinin Cənubi Qafqazda, xüsusilə də Ermənistanda düşərgə salması, Ermənistanda güclənməsi təkcə Azərbaycan-Ermənistan məsələsi deyil. Başqa ABŞ olmaqla Qərbin Cənubi Qafqaza girməsi, Ermənistanda fokuslanması həm Türkiyənin, həm İranın, həm də Rusiyanın maraqlarına ziddir".
A.Məsiyev hesab edir ki, Paşinyan çox təhlükəli oyun oynayır:
"Paşinyanın üzərindən Cənubi Qafqazda xaos yaratmaq istəyirlər. ABŞ bu xaosun fonunda öz siyasi maraqlarını həyata keçirmək istəyir. Əgər Qərb Cənubi Qafqazda sülh istəyirsə, Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunmasını istəyirsə, bu zaman ermənilərin, Paşinyanın əlini hərbi cəhətdən gücləndirmək deyil, onu siyasi cəhətdən sülh sazişinə məcbur etmək lazımdır. Biz, bu gün bu prosesin əksini görürük. Paşinyan hakimiyyəti həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndirilir. Sual meydana çıxır: Ermənistanın hərbi cəhətdən güclənməsi kimə hesablanıb? Təbii ki, Ermənistanın bu gün hərbi cəhətdən güclənməsi Azərbaycana yönəldilib. Bu, bizim maraqlarımıza uyğun deyil. Başda ABŞ olmaqla Qərb, Ermənistanla Azərbaycan arasında sülh sazişinə maraqlı olmadığına görə, Ermənistanı silahlandırır ki, bu da münaqişəyə təhrikdir. Buna baxmayaraq Azərbaycan bu cür siyasətə adekvat cavab verəcəkdir. Cənubi Qafqaz respublikaları ilə yanaşı region dövlətləri üçün təhlükəli siyasətdir. Ermənistan bu cür siyasətlə yenidən qonşularla dinc yanaşı yaşamaq prinsipindən kənarlaşaraq düşmənçilik siyasəti yürütməyə yönəlir. Bu isə Ermənistan cəmiyyətinə, xalqına uğur gətirməyəcək. Ermənistan özünü dalana dirəyir.
Əlavə olaraq onu da qeyd edim ki, 10 noyabr sazişinin 9-cu müddəası ki var-"Zəngəzur yolunun açılması və Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunması" kimi bir sənədə Ermənistanın baş naziri imza atıb. Bu öhdəlik götürülüb. Hələlik bu saziş, bu öhdəlik ləğv edilməyib. Təbii ki, Ermənistan heç vaxt nə sözün, nə də imzasının sahibi olub. Qeyd edim ki, bu sazişə görə Rusiya Zəngəzur yoluna güc tətbiq etmək hüququ əldə edib. Əgər Ermənistan-Rusiya arasında düşmənçilik siyasəti genişlənərsə, təbii ki, Rusiya bu cür sazişlərdən maksimum istifadə edərək öz maraqlarını həyata keçirəcəkdir. Ümumilikdə bir şeyi unutmayaq ki, Zəngəzur dəhlizi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Bu, tək Ermənistan-Azərbaycan dəhlizi deyil, qlobal orta dəhliz sisteminin ana xəttidir. Zəngəzur dəhlizi açılarsa, bu zaman Uzaq Şərqdən, Çindən gələn yüklərin Zəngəzur dəhlizi ilə Avropaya getmə şansı yaranır. Təbii ki, bu dəhlizə amerikalılar xüsusi maraq göstərir ki, bu dəhlizi Rusiyanın təsir dairəsindən çıxarsın və öz təsir dairəsinə salsın. Eyni zamanda unutmayaq ki, Zəngəzur dəhlizi Turan İttifaqının iqtisadi inteqrasiyasının ana xəttidir. Bu baxımdan ABŞ Turan İttifaqının yaranmasına maneçilik törətmək üçün bu dəhlizi öz nəzarətinə almaq istəyir. Ümumilikdə, Türkiyənin regional gücdən qlobal gücə çevrilməməsi üçün bu bölgədə Amerika öz marağına, öz təsirini gücləndirmək istəyir. Bu baxımdan Ermənistana fokuslanıb və Ermənistanda Paşinyan hakimiyyətinin əlini gücləndirir ki, Cənubi Qafqazda öz maraqlarını həyata keçirsin. Unutmayaq ki, Paşinyanın siyasəti bölgə dövlətlərinin maraqları ilə ziddiyyət təşkil edir. Bu baxımdan demək olar ki, Cənubi Qafqaz qaynar ocağa çevirilib. Yəni Rusiya-Amerika savaşının birinci episentri Ukrayna, ikinci episentri isə Cənubi Qafqazıdır. Bu ocağı, bu qarşıdurmanı isə alovlandıran Ermənistan və Paşinyanın yeritdiyi siyasətdir".
Qiymət Mahir