EN

Gələn il Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı KEÇİRİLƏCƏK

Gələn il Bakıda keçiriləcək dünya metropolitenlərinin ilk beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.

 

Sfera.az xəbər verir ki, sənədi səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özgür Soy imzalayıb.

 

“Metrokonnekt” ("MetroConnect") adlı konfrans gələn ilin aprelində baş tutacaq. Tədbirin gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq.

 

Konfransın təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metropolitenində tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub.

 

Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. Bakıda bütün iştirakçıların maraqlarına uyğun müzakirələr, ikitərəfli görüşlər, müxtəlif təşkilatlar üçün açıq platformalar və uyğun şərait yaradılacaq. Tədbir aktual məsələlərə uyğun bir neçə müzakirə panelindən ibarət olmaqla iki gün ərzində davam etdiriləcək.

 

"Bakı və İstanbul metroları arasında 2015-ci ildən yaradılmış əlaqələr intensiv şəkildə inkişaf etdirilir: "İnsan resursları, yeni texnologiyalar, texniki xidmət, qulluq və təmir sahələrində təcrübə mübadiləsi əsas əməkdaşlıq istiqamətlərimiz olub. Əldə olunmuş nailiyyətlər dünyanın digər metropolitenlərinin cəlb edilməsi ilə yeni müstəviyə keçirilə bilər. Gələnilki konfransın gələcəkdə bütün metropolitenlər üçün ən uğurlu platformaya çevrilməsi üçün birgə planlar üzərində işlər aparılacaq",-deyə Z.Hüseynov qeyd edib.

 

"MetroConnect"in istehsalçılarla metropolitenlər arasında körpü rolunu oynayacağına əminəm. İki qardaş ölkənin metropolitenləri dünyaya yeni, uğurlu platforma təqdim edə biləcək. Konfrans Bakı metrosunun zəngin təcrübəsinin və keyfiyyətli texniki xidmətinin, İstanbul metrosunun isə tətbiq etdiyi texnoloji yeniliklərin, bir sözlə, Azərbaycan və Türkiyə müəssisələrinin imkanlarının daha geniş miqyasda yayılmasına, birgə layihələrin icrasına təkan olacaq",- deyə Ö.Soy qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
8
sfera.az

10Sources