RU

Qurban Qurbanov: “Bu şansdan maksimum istifadə etmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo”ya qarşı keçirəcəkləri ilk oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”su ilə mübarizə aparacaq.

Komandalar arasındakı ilk görüş sabah Zaqreb şəhərində keçiriləcək. Bu gün isə komandaların oyundan öncəki son məşqləri baş tutub, eləcə də baş məşqçilərin və futbolçuların iştirakı ilə mətbuat konfransları təşkil olunub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Dinamo”ya qarşı ilk oyuna hazırlığı belə dəyərləndirib:

“Zaqrebdə olmaq bizə xoşdur. Güclü komandaya qarşı oynayacağıq. Rəqibin çox yaxşı azarkeşləri var. Səfərdə olmasına baxmayaraq, bu stadionda, belə azarkeşlər qarşısında oynamaq bizə çox xoş olacaq. Bu qarşılaşma hər iki komanda üçün çox vacibdir. İstəyimiz çoxdur. Çünki üçüncü dəfə əlimizə belə şans düşür. Çox istərdik ki, bu şansdan maksimum istifadə edək. Futbolçularım oyuna hazırdırlar. Bir neçə itkimiz var. İnanıram ki, futbolçular sabah meydanda nizam-intizamlı oyun quracaqlar. Düşünürəm ki, azarkeşlər üçün çox yaxşı bir matç olacaq”.

Baş məşqçi “Dinamo”nu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqib olduqları Bolqarıstan çempionu “Ludoqorets”lə müqayisə edib:

“Ludoqorets” və “Dinamo” fərqli rəqiblərdir. Komandamın fiziki hazırlığı pis deyil. Elə mərhələdəyik ki, futbolçular oyundan-oyuna özünü daha yaxşı hiss edir, idman formasını qaytarır. Bu gün tam razı deyiləm. Dəfələrlə futbolçulara demişəm ki, mərhələ keçdikcə qarşımızda daha ciddi rəqib olur. Həm həyəcan, həm məsuliyyət çoxalır, rəqiblər də bizə daha ciddi yanaşır. “Ludoqorets” və “Dinamo” fərqli komandalardır, çünki Zaqreb təmsilçisi daha təcrübəlidir və komanda kimi daha yaxşı formalaşıb. “Dinamo” nəticə üçün maksimum oynamağı bacaran rəqibdir. Bizim üçün də bu rəqibə qarşı oynamaq çox xoş və maraqlı olacaq. Sabah daha intizamlı və səliqəli oynamalıyıq. Bilirik ki, oyunu yaxşı nəticə ilə başa vurmaq üçün daha diqqətli və məsuliyyətli olmalıyıq”.

“Dinamo” ilə oyuna hazırıq” – Zubir

“Qarabağ”ın yarımmüdafiəçisiz Abdullah Zubir də ilk matçdan öncə fikirlərini bölüşüb: “Zaqrebdə olmağıma şadam. Biz sabahkı oyuna hazırıq. Təsnifat mərhələsi başlayanda hədəfimiz pley-offa vəsiqə qazanmaq idi. Sabah bu mərhələnin ilk oyununa çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, bu şansdan yararlanaq”.

Sergey Yakiroviç “Qarabağ”da 4 oyunçunu fərqləndirdi

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”la matçdan öncə bunları söyləyib:

“Biz uzun müddətdir bir yerdə çıxış edən ciddi bir komanda ilə qarşılaşırıq. Maksimum konsentrasiya olmalıyıq. Ötən mövsüm bu komanda Avropa Liqasında “Bayer”i çətin duruma saldı. Son oyunda səfərdə 7 qol vuraraq mesaj verdilər. Bu, bizim üçün böyük xəbərdarlıqdır. Bir neçə fərdi ustalığı yaxşı olan oyunçusu var”.

Yakiroviç heyətlə bağlı ciddi problemlərinin olmadığını bildirib: “Kapitan Ademidən başqa hamı sağlamdır. Ademinin vəziyyətinin necə olduğunu bu gün məşqdən sonra görəcəyik”.

Yakiroviç “Qarabağ”ın güclü tərəflərini də göstərib: “Qarabağ”ın hücum xəttində çox yaxşı oyunçuları var. Yarımmüdafiəçilər Abdullah Zubir və Yassin Benzya, hücumçu Juninyo, ortada Julio Romao – bu dörd oyunçu ən böyük təhlükəlidir. Onların müdafiəsinin isə necə olduğunu görəcəyik”.

Baş məşqçi vurğulayıb ki, sabah cütün taleyinin həll olunmasını istəsə də, hər şey Bakıdakı cavab matçında bəlli olacaq: “Mən istərdim ki, sabah hər şey həll olunsun, amma bilirəm ki, bu, hələ birinci hissədir. Çempionlar Liqasında zəif rəqib yoxdur, hamısı öz ölkələrinin çempionudur”.

Yakiroviç məşqçilik karyerasında ən böyük oyunların onu qarşıda gözlədiyi haqda deyilənlərlə razılaşıb: “Əlbəttə, bunlar ən böyük oyunlardır, Çempionlar Liqasına vəsiqə qazansaq, əla olardı”.

Kulenoviç: “Dinamo” çox yaxşı formadadır”

Zaqreb “Dinamo”sunun hücumçusu Sandro Kulenoviç də mətbuat konfransında öz düşüncələrini paylaşıb:

“Qarabağ” son dərəcə ciddi və cəlbedici komandadır. Onlar hücum futbolu oynayırlar. Biz bu rəqibə hörmət edirik, amma gücümüzü və keyfiyyətimizi bilirik. Qalib gəlmək istəyirik. Komandamız yaxşı formadadır. Mövsümə uğurlu başladıq, çoxlu qollar vururuq. Mənim üçün də mövsü yaxşı start götürdü. Buna şadam. Neçə dəqiqə oynamağımdan asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram”.

Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” – “Qarabağ” matçına Bakı vatı ilə saat 23:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
8
arena.az

5Источники