Xətai Rayon İcra Hakimiyyətindən Ə.Şıxlinski küçəsindəki obyektlə bağlı bildirilib ki, həmin obyekt xüsusi mülkiyyətdə olan qeyri-yaşayış obyektidir və obyektin fasadında yenidənqurma işləri həyata keçirilib. Hər hansı bir yeni tikinti halına rast gəlinməyib.
***
11:20
COP29 ərəfəsində aparılan abadlıq işləri çərçivəsində Bakının Xətai rayonu ərazisində qanunsuz tikililər bir-bir üzə çıxır.
Pravda.az xəbər verir ki, Xətai ərazisində küçə-küçə tikilən bu cür obyektlər saya-hesaba gəlmir. Hətta abadlıq adı altında sui-istifadə edərək səkiləri zəbt edərək tikinti işləri həyata keçirənlər də az deyil.
Onlarla belə tikilidən birinin Xətai rayonu Qədir Məmmədov 5 ünvanında, digərinin isə Əliağa Şıxlınski küçəsində olduğu deyilir.
Hər iki ünvanla bağlı məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Pravda.az bir həftə əvvəl Xətai Rayon İcra Hakimiyyətinə, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlasa da, heç bir mövqe göndərilməyib.
Redaksiyamıza qanunsuz tikililərlə bağlı ən çox şikayət Xətai rayonundan daxil olur. Rəsmi qurumlara sorğu ünvanlamaqla məlumatları dərc edirik. Əksər vaxtlar vətəndaşların şikayət etdikləri qeyri-yaşayış sahələrinin qanunsuz tikildiyi təsdiqini tapır.
Xatırlatma: 2024-cü ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən geniş müşavirədə Xətai RİH başçısı Rafiq Quliyevə ciddi xəbərdarlıq edilmişdi. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması idi. Avqustun 21-də növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt Rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə bundan əvvəl Xətai RİH ilə birgə xəbərdarlıq alan Binəqədi və Yasamal rayonlarında pozitiv dəyişikliklərin müşahidə edildiyi bildirilsə də, Xətainin adı çəkilməyib. Görünür, rayon icra başçısı fəaliyyətini düzəltməməkdə israrlıdır. Ya postundan getməyə hazırlaşır, ya da nəyəsə arxayındır...
Qeyd: Xətai Rayon İcra Hakimiyətinin hazırkı icra başçısı Rafiq Quliyev 1997-ci ildən RİH-də çalışır. Həmin illərdə o, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini, 2013-cü il dekabrından 12 noyabr 2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Fotoları təqdim edirik