RU

Ermənistanın Rusiyaya xəyanəti

Hazırkı məqamda Ermənistanda sosial-iqtisadi çətinliklərlə yanaşı, siyasi arenada da vəziyyət olduqca acınacaqlıdır. Ölkə problemlər məngənəsində boğulduğu bir vaxtda qonşu dövlətlərlə əlaqələrini möhkəmləndirmək əvəzinə, çox-çox uzaq sərhədlərə meyil edir.

Yalan, riyakarlıq üzərində qurulan bu dövlətin heç bir zaman əsaslı dövlətçilik strategiyası olmayıb. Qərbi Azərbaycan torpaqlarında qurulan Ermənistan əslində qonşu ölkələrlə hər zaman mehriban şəraitdə yaşamağı hədəfləməlidir. Reallıqda isə bu ölkə bütün dövrlərdə Azərbaycana qarşı ərazi iddialarında olub, 30 il xarici qüvvələrin vədlərinin boş xəyallarını qurub.

Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək işğal altında olan torpaqlarını azad etdi. Məğlub ölkəni sülh və barışıq şəraitində yaşamağa dəvət etdi. Lakin Ermənistan kənar qüvvələrin təsirindən çıxa bilməyərək yeni "sevdalara" düşdü. Nəinki Azərbaycanla, hətta qonşu Rusiya ilə də münasibətlərini pozdu. İndi bu ölkə yaxın qonşularının faydalı əməkdaşlığından deyil, uzaq Qərbin şirnikləndirici planlarından yararlanmaq istəyir. Yalan və saxta əməllər üzərində qurulan ölkənin dövlətçilik ənənəsi olmadığı kimi, siyasi müstəvidə dostluq və tərəfdaşlıq təcrübəsi də yoxdur. Özünü dünyaya, xüsusilə də Qərb dövlətlərinə sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, üç ildir imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əməl etməkdən yayınır.

Qonşu dövlət anlamır ki, əməlləri ilə özünü regional iqtisadi inkişafdan kənarda qoyur. Sözsüz ki, bu da Ermənistan dövləti ilə yanaşı, erməni millətini də fəlakətə sürükləyir. Çünki hazırkı vəziyyətdə onu himayə etməyə çalışan Fransa və digər ölkələrin pafoslu çıxışlarının arxasında öz məqsədləri dayanır. Həmin dövlətlər Cənubi Qafqaza məhz Ermənistan vasitəsilə müdaxilə etməyə çalışırlar. Paşinyan hakimiyyəti isə qonşu dövlətlərlə münasibətini yaxşılaşdırmaq əvəzinə, ölkəsini uçuruma aparır. Onun son zamanlar anti-Rusiya siyasəti aparması və Şimal qonşusuna xəyanət etməsi isə bağışlanılan deyil. Əlbəttə ki, Ermənistanın yürütdüyü siyasət Rusiyanı qəzəbləndirmişdir.

44 günlük Vətən müharibəsindən sonra Qarabağ bölgəsinə Rusiya sülhməramlılarının gəlişi Ermənistanın sevincinə səbəb olmuşdusa, zaman keçdikcə anladılar ki, vəziyyət heç də onların fikirləşdiyi kimi deyil. Nə Azərbaycan əvvəlki zəif dövlət deyil, nə də Rusiyanın Azərbaycana münasibəti illər öncəki laqeydliyi əks etdirmir. İndi digər dövlətlər kimi, Rusiya da regionun güc və söz sahibi olan Azərbaycanla hesablaşır və onun maraqlarından çıxış edir. Reallığı görən Paşinyan hakimiyyəti adəti üzrə Rusiyaya da xəyanət üzünü göstərir. Hətta bu ölkənin Ermənistanda hərbi mövcudluğuna ehtiyac olmadığını qeyd edərək, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təhlükəsizlik baxımından ölkəyə heç bir faydası olmadığını da vurğulayır. Son dövrlərə kimi Rusiyanın forpostu kimi tanınan Ermənistan nədən mövqeyini dəyişib, Qərbə üz tutdu? İlk növbədə, aydın məsələdir ki, bu ölkə tarix boyu yaşadığı bütün coğrafiyalarda öz xəyanəti ilə iz qoyub. Təkcə Azərbaycanı misal göstərmək yetərlidir. Zamanında, əsrlər əvvəl Rusiya tərəfindən məqsədli şəkildə ərazilərimizə yerləşdirilən ermənilərin bir gün dönüb məhz onların özlərinə də xəyanət etməsi əslində gözlənilən haldır.

Digər tərəfdən də maraqlı odur ki, bu dövlət Rusiyanın son zamanlar beynəlxalq miqyasda mövqeyinin nisbətən zəifləməsindən istifadə edərək Qərb ölkələrinə istiqamətlənib. Ermənistan vasitəsilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq planı isə əlbəttə ki, Qərbin gözlənilən addımıdır. Baş verənlər isə Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsinə gətirib çıxarır.

Ramidə YAQUBQIZI,

"Respublika".

Избранный
923
47
respublika-news.az

10Источники