RU

Mark Zukerberq Bayden Administrasiyasının təzyiqi ilə üzləşdiklərini açıqlayıb

Yayımlandı: 28 Avqust 2024 13:41 O, hökumətin  COVID-19 pandemiyası ilə bağlı təzyiqini “səhv” adlandırıb META” şirkətinin baş direktoru Mark Zukerberq COVID-19 pandemiyası ilə bağlı kontentə məhdudiyyət tətbiq etməsi üçün Bayden Administrasiyasının təzyiqi ilə üzləşdiklərini açıqlayıb. Zukerberq Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Respublikaçılar Partiyasından olan sədri Cim Cordana ünvanladığı məktubda bildirib ki, Ağ Ev rəsmiləri COVID-19 pandemiyası zamanı bu məzmunda kontentin, o cümlədən yumor və satirik məzmunlu paylaşımların silinməsi üçün aylarla təzyiq göstəriblər. Zukerberq hökumətin təzyiqini “səhv” adlandırıb və bunun təkrarlanacağı təqdirdə cavab verəcəyini vəd edib: “O vaxt komandalarımıza dediyim kimi, mən qəti şəkildə inanıram ki, hansısa administrasiyanın istənilən istiqamətdə təzyiqləri səbəbindən məzmun standartlarımızda güzəştə getməməliyik və belə bir şey təkrarlanarsa, buna qarşı mübarizə aparmağa hazırıq”. “Bloomberg” yazır ki, pandemiya zamanı “Facebook” bir il ərzində 20 milyondan çox koronavirusla əlaqəli məzmunu silib və onların yanlış məlumat olduğunu bildirib. Zukerberq məktubunda məzmunun idarə olunması ilə əlaqəli daha bir nümunə verir. Bildirir ki, Federal Təhqiqat Bürosu “Facebook”u 2020-ci ildə ABŞ prezident seçkiləri öncəsi Co Bayden və onun oğlu Hunter Baydenlə əlaqəsi olan “Burisma” şirkətini hədəfə alan mümkün Rusiya dezinformasiya kampaniyası barədə xəbərdar edib. 2020-ci ilin oktyabrında “New York Post” qəzetində Ukraynanın enerji konserni “Burisma Holdings”in direktorlar şurasında olan Hunter Baydenin 2015-ci ilin aprelində atası ilə holdinq rəhbərliyi arasında görüşün təşkilinə kömək etdiyi barədə məqalə dərc olunub. Nəşr bu məlumatı sızan e-poçt yazışmalarından aldığını iddia edib. Zukerberq deyir ki, “Facebook” komandası hekayəni fakt yoxlayıcılara göndərib və cavab gözləyərkən məqalənin nümayişi prioritetini aşağı salıb. “O vaxtdan məlum oldu ki, bu xəbərlər Rusiyanın dezinformasiyası deyildi və keçmişə nəzər salanda, düşünürəm ki, biz hekayəni aşağı salmamalıydıq. Bunun bir daha təkrarlanmamasını təmin etmək üçün siyasətimizi və proseslərimizi dəyişdik. Məsələn, biz artıq faktların yoxlanılmasını gözləyərkən məzmunu aşağı salmırıq”, – “Facebook” təsisçisi bildirib. Onun sözlərinə görə, bu addımı atmaqda məqsədi yerli seçki məmurlarına pandemiya zamanı təhlükəsiz səs vermək imkanı yaratmaq olub. Zukerberq əlavə edib ki, budəfəki seçkilərdə neytral mövqedən çıxış edəcək. 2024-cü il noyabrın 5-də ABŞ-da prezident seçkisi keçiriləcək. Meydan TV

Избранный
158
xural.com

1Источники