RU

“Qarabağ Azərbaycandır”, deyən erməni bloger xüsusi müraciət yaydı – Paşinyan istəyir ki…FOTO

Natali Aleksanyan: “Azərbaycandakı dostlara müraciət edirəm, bizim konstitusiya…”
Musavat.com xəbər verir ki, tanınmış erməni bloger Natali Aleksanyan xüsusi müraciət yayıb. Azərbaycan ictimaiyyətinə sülhpərvər fikirləri, erməni revanşizminə və kilsənin qaranlıq ideyalarına qarşı mübarizə aparan ziyalı kimi  yaxşı tanış olan Natali Aleksanyan yazır ki, Ermənistanın konstitusiyasının dəyişilməsi üzərində iş gedir.
Lakin bunun üçün zaman lazımdır.
Sitat: “Azərbaycanlı dostlarıma müraciət edirəm. Əzizlərim, mən başa düşürəm ki, konstitusiyada (Ermənistan) Azərbaycan ərazilərinə iddia edilən problemli maddələri dəyişdirmək istənməməsi ilə bağlı söhbətlər fonunda Ermənistanın silah alması sizdə anlaşılmazlıq yaradır, amma gəlin realist olaq. Ermənistanda konstitusiyaya dəyişikliklərə hazırlıq prosesi sürətlə gedir, amma dostlarım başa düşməlidirlər ki, bu bir neçə günün işi deyil”.
N. Aleksanyanın fikrincə Paşinyan hökuməti konstitusiyanı birdəfəlik dəyişmək qərarına gəlib və proses aktiv şəkildə davam edir:
“Amma bu, kifayət qədər əmək tələb edən prosesdir, təəssüf ki, Azərbaycanın tələb etdiyi kimi, onun tez başa çatmasını gözləmək mümkün deyil. Ermənistanda konstitusiya dəyişiklikləri ona görə ləngimir ki, Paşinyan hökuməti Azərbaycanın Qarabağına hücum edib, oranı və digər torpaqları yenidən işğal etmək istəyir. Dəyişiklik ona görə ləngiyir ki, proses özü vaxt aparan və resurs tutumlu akademik məsələdir və barmaq çırpmaqla həll edilə bilməz.

Silahların alınmasına gəlincə (Ermənistanın müxtəlif ölkələrdən silah tədarük etməsi – RED.), demək istərdim ki, istənilən ölkənin, o cümlədən bizim və sizin dövlətlərin özünümüdafiə etmək hüququ var. Hesab edirəm ki, Ermənistan onu işğal etməyi planlaşdıran istənilən ölkəyə cavab vermək imkanına malik olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, tam təchiz olunmuş xarici qoşunlar artıq Ermənistandadır (Rusiyanın hərbi bazaları və xidmətləri). Ermənistan özünü müdafiə etməli və hər hansı təhlükə yaranarsa onun qarşısını almalıdır. Hansı regionda olduğumuzu və bizi kimin əhatə etdiyini (Rusiya, İran) və bu ölkələrin tələblərini yerinə yetirməkdən boyun qaçıranlarla necə davrandığını unutmayaq. Bəli, Ermənistanın böyük bir münaqişə olacağı təqdirdə bu ölkələrə qalib gəlmək ehtimalı azdır, lakin onun da asan şikar olmağa da haqqı yoxdur”.
Alovlu Paşinyan tərəfdarı olan Natali Aleksanyan iddia edir ki, Baş nazir sülh istəyir. Sitat: “Sizi əmin edirəm ki, baş nazir Paşinyanın ən böyük arzusu Azərbaycanla tezliklə sülhə nail olmaqdır, ona görə də gəlin şişirtməyək və hadisələrin inkişafını gözləyək”.
Natali Aleksanyan ən sonda öz dediklərinin yanlış ola bilmə ehtimalını da vurğulayır:
“Əgər mənim səhvim çıxsa və Ermənistan həqiqətən də Azərbaycan mətbuatında göründüyü kimi, Qarabağı ələ keçirməyi planlaşdırırsa, o zaman bunun əleyhinə çıxan birinci mən olacam. Mən çox yüksək səslə bəyan edəcəyəm ki, bunu edənlər, soyadından asılı olmayaraq, hərbi cinayətkardırlar və onlarla mübarizə aparacağam. Amma sizi əmin edirəm ki, Ermənistan hökumətinin və vətəndaşlarının ağlında belə bir şey yoxdur. Gözləyək və hər şey yaxşı olacaq. Qoy sülh olsun!”

Избранный
100
1
arantv.az

10Источники