1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyini bərpa edən Ermənistan həmsərhəd olduğu Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri yaratmaq, bunun nəticəsində Cənubi Qafqazı sülh, sabitlik və əmin-amanlığın mövcud olduğu Baltikyanı bölgə kimi yüksək inkişaf etmiş regiona çevirmək yerinə qarşıdurma xəttini əsas götürdü. Hələ SSRİ dağılmamış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində etnik separatizmə başlayan ermənilər vilayətin çoxluq təşkil etdikləri yaşayış məskənlərindən azərbaycanlıları zorla qovub çıxardılar. 1992-ci ilin yanvarından isə Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladı. Birinci Qarabağ müharibəsindəki üstünlük qarşı tərəfdə eyforiya yaratdı. Ancaq hamıya məlumdur ki, Azərbaycan hərtərəfli güclənərək 27 ildən sonra Ermənistanı təslimolma aktını imzalamağa məcbur etdi.
İndi isə müstəqillik illərində Ermənistana rəhbərlik edənlər – istər Levon Ter-Petrosyan, istər Robert Koçaryan və Serj Sarkisyan, istərsə də Nikol Paşinyan yol verdikləri əməllərin cəzasını çəkməkdədirlər. Məhz onların siyasəti nəticəsində Ermənistan bu gün dünyada iki qonşu dövlətlə sərhədləri bağlı olan nadir ölkələrdəndir. Sərhədlərin bağlı olmasının Hayastana böyük ziyan vurduğu, onu iqtisadi inkişafdan geri saldığı heç kəsə sirr deyil. “Dənizdən–dənizə böyük Ermənistan” quracaqları xəyalı ilə yaşayanlar Hayastanı uçurumun kənarına gətirib çıxarıblar. Buna baxmayaraq, İrəvan yenə də əvvəlki səhvlərdən nəticə çıxarmır, regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına imkan vermir. Halbuki, bu problemin həlli həm də Ermənistanın xeyrinə olardı.
Müstəqillik illərində Ermənistanı tərk edənlərin sayında da böyük artım var. Haylar, əsasən böyüməkdə olan nəslin nümayəndələri heç bir perspektiv görmədikləri üçün vətəndaşı olduqları ölkəni sürətlə tərk edirlər. Ötən il bu vaxtlar Ermənistan hakimiyyəti və xaricdəki ermənilər Qarabağ erməniləri üçün “humanitar böhran” adlı böyük şou kampaniyası aparırdılar. Onlar Azəzrbaycanın özünün erməni əsilli vətəndaşlarını reinteqrasiya etmək yönündə apardığı siyasəti hər vəchlə “etnik təmizləmə” kimi qələmə verməyə çalışırdılar. Ancaq Qarabağdan ermənilərin könüllü gedişi ən çox Ermənistan hakimiyyətinin işinə yaradı. Onlar bununla üzləşdikəri demoqrafik böhranı qismən aradan qaldıra bildilər. Ermənistana “pənah gətirmiş” haylar sonradan buranı da tərk edərək üçüncü ölkələrə, əsasən Rusiyaya, Avropa ölkələrinə, bəziləri isə ABŞ və Kanadaya üz tutdular.
Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistan–Azərbaycan sərhədinin uzunluğu 1007 kilometrdir. Hayastanın digər yerlərində olduğu kimi, ölkəmizlə həmsərhəd bölgələrdə yaşayan ermənilərin də sosial-iqtisadi vəziyyəti, yumşaq desək, ürəkaçan deyil. Bunun da səbəbkarı yenə də sərhədlərin açılmasına imkan verməyən Ermənistan hakimiyyətidir. Onların əsassız təşvişi, heç nədən hay-küy yaratmaq siyasəti nəticəsində sərhədin bağlı qalması bölgədə yaşayan ermənilərin maddi rifah halına mənfi təsir etməkdədir. Halbuki, sərhədlərin açıq olması qarşılıqlı ticarətin çiçəklənməsinə gətirib çıxarar ki, bundan da hər iki tərəf qazanar.
Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanmasına soyuq yanaşması, əsassız tələbləri sülh quruculuğuna maneədir. Xarici İşlər naziri Ceyhun Bayramovun avqustun 27-də türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirdiyi kimi, Ermənistan konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır.
Bugünlərdə Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrdən əhalinin kütləvi köçü ilə bağlı yayılan xəbər bu baxımdan diqqəti cəlb edir. Qeyd edilir ki, Hayastanın ölkəmizlə həmsərhəd vilayətlərinin – Göyçə, Dilican və Zəngəzurun (haylar bu qədim yurd yerlərimizi müvafiq olaraq Geqarkunik, Tavuş və Sünik adlandırırlar–S.H.) sakinləri kütləvi şəkildə evlərini tərk edirlər. Ermənistan statistika komitəsinin məlumatına görə, son 5 ildə bu ərazilər 40 minə yaxın insanı itirib. Bir çox kəndlər tamamilə boşaldılıb. Bildirilir ki, bu axının səbəbləri göz önündədir: baş verənlərdən dərin məyusluq, sabahkı günlə bağlı qeyri-müəyyənlik, təhlükəsizlik narahatlığı, yığılmış sosial problemlər...
Gedənlər yaxınlarına etiraf edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra sərhəd bölgələrində qorxu və bədbinlik daha da güclənib. Bu isə kütləvi köçə səbəb olub. Hələ də bölgədə qalanlar deyirlər ki, insanlar müharibədən sonra məyus olduqları üçün gedirlər. Həmçinin, ən zəruri tələbat mallarının daimi çatışmazlığı var.
Statistikaya görə, 2019-cu ilin yayında Göyçədə 230 minə yaxın insan yaşayırdı ki, onların da əksəriyyəti kəndlərdə məskunlaşmışdı. Lakin koronavirus pandemiyası, 44 günlük müharibə və Azərbaycanla sərhəddə müntəzəm toqquşmalar vəziyyətə əhəmiyyətli dərəcədə təsir edib, vilayətin əhalisi 13 min nəfər azalıb.
Əhalisinin sayına görə, vilayətin ən böyük şəhəri olan və hayların “Sevan” adlandırdıqları Göyçə şəhərinin sakinləri qeyd edirlər ki, gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki şəhərdə iş yeri çox azdır, dövlətə məxsus müəssisələr isə ümumiyyətlə, yoxdur. Göyçə, rəsmi statistikaya görə, Ermənistanın ən yoxsul regionlarından biridir. Burada hər üçüncü şəxs yoxsulluq həddində yaşayır və ifrat yoxsulluq səviyyəsi ölkə üzrə ən yüksəkdir. Əhalinin, demək olar ki, 5 faizi gündə 3 dollar xərcləməyə çətinlik çəkir. Hətta iş tapanlar da Ermənistanda ən aşağı maaş alırlar.
Vilayət sakinləri “Azadlıq” radiosunun erməni xidmətinin (“Azatutyun”) müxbiri ilə söhbətlərində həyatın çətinləşməsindən şikayət ediblər. İnsanlar getdikcə yoxsullaşır, pul çatışmazlığı fəlakətli həddədir, yaşamaq, sağ qalmaq ildən-ilə çətinləşir. Onların fikrincə, hökumət bu problemləri həll etmək iqtidarında deyil.
Göründüyü kimi, erməni xalqı və dövləti vaxtilə başladıqları “miatsum” hərəkatının acı “meyvəsini” bu gün dadmaqda, necə deyərlər, əkdiklərini biçməkdədirlər. Bu gün Ermənistan bölgədə hər şeydən məhrum olmuş ölkədir. Onun qeyd etdiyimiz kimi, iki qonşu ölkə ilə sərhədlərinin bağlı qalması iqtisadiyyatının inkişafını tormozlayır, xarici bazarlara çıxış imkanlarını məhdudlaşdırır. İranla sərhədin Mehri zolağından, əlverişsiz coğrafi relyefdən keçməsi, başqa heç bir yerdən gediş-gəlişin olmaması da prosesə mənfi təsirini göstərməkdədir. Ermənistanın Rusiyaya yolu Gürcüstan ərazisindən keçir. Burada isə “Yuxarı Lars” adlanan sərhəd nəzarət-buraxılış məntəqəsi qışda çox vaxt bağlı olur. Bu baxımdan ölkənin yeganə çıxış yolu Azərbaycanla danışıqlar prosesində əsassız tələblərdən əl çəkmək, konstitusiyasından bizə ərazi iddiaları irəli sürməyə haqq qazandıran müddəaları çıxarmaqdır. Əks-təqdirdə Ermənistan düşdüyü indiki vəziyyətdən çıxa bilməyəcək.
Mövzu üzrə söhbətləşdiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, hər bir dövlətin inkişafı və müstəqil siyasəti, xalqının firavanlığı üçün onun maliyyə-iqtisadi sisteminin dayanıqlığı ən vacib amillərdəndir. Bu, həm də dövlətin müstəqil siyasət aparması üçün çox əhəmiyyətlidir.
Onun sözlərinə görə, uzun illər Azərbaycana qarşı işğalçı siyasət yürüdən Ermənistandakı hakimiyyətlər üçün, yəni, nə bundan öncəki Qarabağ klanının iqtidarı dövründə, nə də “liberal” Paşinyanın vaxtında xalqın sosial-iqtisadi durumu heç vaxt maraqlı olmayıb. Qəsbkarlığı üzündən bütün regional layihələrdən kənarda qalan, müstəqillik dövründə heç bir iqtisadi-logistik layihələrə qoşula bilməyən Ermənistan dövləti dünyadakı erməni diasporu və xarici havadarları olmasaydı, çoxdan çökmüş olardı: “2024-cü ilin fevral ayının sonuna Ermənistanın dövlət borcu 11 milyard 943 milyon dollar təşkil edib ki, bu da ilin əvvəlindəki borcun məbləğindən 97,5 milyon dollar və ya 0,8 faiz çoxdur. Bunu Ermənistan Maliyyə Nazirliyinin məlumatları sübut edir. Ümumiyyətlə, bütün mötəbər proqnozlar ölkənin iqtisadi vəziyyətinin getdikcə daha da pisləşəcəyini göstərir. Görünən odur ki, küçə inqilabı yolu ilə hakimiyyətə gələn və ermənilərin 6 il öncə böyük ümidlər bəslədikləri Nikol Paşinyan xalqının sosial-iqtisadi, eyni zamanda demoqrafik problemlərini həll etmək əzmində deyil. Tarixi təcrübə göstərir ki, sosial narazılıqlar sonda siyasi tələblərin irəli sürülməsinə əsaslar yaradır. Genişlənən xalq etirazları isə ölkənin problemlərini həll edə bilməyən hakimiyyətlərin devrilməsi ilə nəticələnir”.
Z.Məmmədov qeyd etdi ki, qarşıdan etiraz aksiyaları keçirmək üçün əlverişli zaman hesab edilən payız ayları gəlir və Paşinyan iqtidarı əleyhinə son illərdə ən böyük etiraz aksiyaları keçirməyə nail olan arxiyepiskop Baqrat Qalstanyan sosial-iqtisadi çətinliklər fonunda yaranmış narazılıqdan məharətlə yararlanır. Vəziyyət belə davam edərsə, iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılı olan Ermənistanda payızda ciddi çaxnaşmalar baş verə bilər.
Səxavət HƏMİD
XQ