RU

Məktəblərdə sinif otaqları icarəyə verilə bilər – AKTUAL MƏSƏLƏ

Məktəblərin açılmasına sayılı günlərin qalması özü ilə bərabər illərdir həll olunmayan bəzi problemləri də gündəmə gətirir. Bura məktəb direktorlarının səlahiyyətlərindən sui-istifadə etməsi – müəllimlərə sinif otaqlarını dərs saatından sonra hazırlıq üçün icarəyə verərək pul tələb etməsi, yuxarı siniflərin dərslərdən yayınmasına şərait yaratması və bu kimi digər hallar daxildir. Bəs bu problemlərin həlli üçün hansı addımlar atıla bilər?

KONKRET.az xəbər verir ki, Təhsil eksperti Elnur Aydın Modern.az-a deyib ki, dünya praktikasında, hətta bizim qanunvericilikdə də təhsil müəssələrində qeyri-rəsmi olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan yaradan amillər var. Bunun üçün məktəblərin VÖEN hesabı olmalı, bank hesabı yaradılmalıdır.
“Burada söhbət sadəcə sinif otaqlarının icarəsindən getmir, eyni zamanda idman zalının, məktəbin həyətinin icarəsi, həmçinin sınaq imtahanlarının dərsdən sonra və həftəsonu təşkili ümumtəhsil məktəblərinə əlavə gəlirin gəlməsinə şərait yaradır. Məsələnin neqativ tərəfi odur ki, gəlirlərin rəsmiləşdirilməsi prosesi getmədiyi üçün məktəb direktorları tərəfindən qazanıla biləcək əlavə gəlirin mənimsənilməsi halları baş verir”.

Həll yollarından da danışan ekspert qeyd edib ki, qanunvericilikdə bu kimi halların qarşısını almaq üçün ciddi  mexanizmin yaradılması lazımdır.

“2013-cü ildə qəbul edilən “Təhsilin İnkişafı üzrə dövlət strategiyası”na əsasən, qarşıya qoyulan hədəflərin 5-ci istiqaməti, müxtəlif maliyə mənbələrindən gələn gəlirlərin əldə edilməsi halını, dayanıqlığı saxlamaq üçün leqallaşdırır. Nəzərə alsaq ki, ümumtəhsil məktəblərin bütün gəlirlərini dövlət qarşılayır, bununla bərabər rəsmi şəkildə qanunla qadağan edilməyən istiqamətlərə əsasən, məktəblərin rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həmin məktəbin bank hesabına əlavə gəlirlərin gəlməsi və əldə edilən gəlirin təhsil səviyyəsinin yaxşılaşdırılması istiqamətində xərclənməsi tədrisin keyfiyyətini də artıracaq. Əlavə gəlirlər texniki, təmir problemlərinin həll edilməsi, tədbirlərin keçirilməsi, məktəblilərin ölkənin müxtəlif yerlərinə ekskursiyasının təşkil edilməsi və bu kimi digər məsələlərin həlli istiqamətində xərclənməlidir.  Bu səbəbdən də proseslər rəsmiləşdirilməli və direktor tərəfindən il ərzində hesabat verilməlidir. Gizli sövdələşmələr rəsmi sənədlərlə əvəz olunmalıdır. Beləliklə, dövlətin üzərinə düşən yük də azalacaqdır. Təəssüf ki, 2013-cü ildə qəbul edilmiş qərar 10 ildən çox keçməsinə baxmayraq, özünü sadəcə sənədlərdə göstərir. Çox az liseylərdə, rəhbərliyi novator olan direktorlar bu prosesdə aktiv iştirak edir”.

“Bu problemin həll yollarında media ciddi rol oynayır. Sözügedən mövzu ilə bağlı cəmiyyəti maarifləndirmək, baş verən qanun pozuntularını işıqlandırmaq prosesin tənzimlənməsini sürətləndirəcək” – deyə o qeyd edib.

Universitetə qəbul olmaq istəyən abituriyentlərin – yuxarı sinif şagirdlərinin dərslərdən yayınması problemindən də danışan Elnur Aydın deyib:
“Azərbaycanın ümumtəhsil sistemində yuxarı sinif şagirdlərinin  dərslərdən yayınması prosesi demək olar ki, bütün məktəblərdə var. Bu artıq bir ənənəyə çevrilib. Məsələnin kökündə yuxarı siniflərdə təhsilin keyfiyyətinin zəifliyini göstərə bilərik, valideynlər də bundan haqlı şəkildə narahat olaraq repetitorla bu boşluğu doldurmağa can atırlar.

Günortadan sonra rəsmi müqavilə ilə məktəb rəhbərliyi müəllimlərə ödənişli və ya ödənişsiz əsaslarda sinif otaqlarında dərs demək üçün şərait yaradaraq yuxarı siniflərin təhsildən yayınmasının qarşısını ala bilər və həmçinin gələn gəlirlə məktəbin daxili problemlərinin həlli istiqamətində işlər görə bilər. Beləliklə, valideynlər də bu prosesdən məmnun qalacaq. Bu, nəqliyyat xərcləri, abituriyentlərin gec saatlara qədər hazırlıqda qalması və s. kimi problemlərin qarşısını alınacaq”.

“Təhsil qeyri-biznes sektorudur, burada kimlərsə böyük pullar qazana bilməz. Təhsildən gələn gəlir elə o istiqamətdə də xərclənməlidir”,- deyə ekspert sonda qeyd edib.

Избранный
161
1
konkret.az

10Источники